"Neftçi"dən AĞIR İTTİHAMLARA cavab

 

"Neftçi" futbol klubu keçmiş qapıçısı Saşa Stamenkoviçin hazırkı klub rəhbərliyinin futbolçulara çatan pulları mənimsəməsi ilə bağlı səsləndirdiyi ittihamları rədd edir.

"Keçmiş qapıçı Saşa Stamenkoviçin klub rəhbərliyinin ünvanına səsləndirdiyi fikirlərin heç biri həqiqətə uyğun deyil. Bundan əlavə, futbolçu anlamalıdır ki, o qədər ciddi bəyanatlar səsləndirərkən onu fakt və sübutlarla əsaslandırmaq lazımdır".

Bu barədə klubun eksklüziv olaraq virtualaz.org-a göndərilmiş bəyanatında deyilir.

Bəyanatda, həmçinin qeyd olunur ki, bütün sadalananları nəzərə alaraq klub rəhbərliyi prokurorluğa və məhkəməyə müraciət etməklə bağlı qərar qəbul edib: "Heç kəs heç vaxt "Neftçi" futbolçularından aldığı maaşın yarısını tələb etməyib, heç kim futbolçularla onlara çatan pulu bölməyib. "Neftçi" Saşa Stamenkoviçlə də bütün hesablaşmalarını edib və biz serb qapıçısının bu bəyanatının niyə meydana çıxmasının səbəblərini anlamırıq. Son zamanlar klubda yaranan çətin vəziyyəti nəzərə alsaq, belə yalan məlumatların yayılması ən azı çaşqınlığa səbəb olur".

Xatırladaq ki, şənbə günü "Qəbələ"yə 0:8 hesabı ilə məğlub olan "Neftçi" azarkeşlərin və futbol ictimaiyyətinin tənqidinə məruz qalıb. Komandanın məğlubiyyətindən sonra klub Vəli Qasımovun başçılığı ilə məşqçilər qərargahının, inzibati heyətin əvəz ediləcəyi, oyunçuların və klub əməkdaşlarının maaşlarının təkrar gözdən keçiriləcəyi, həmçinin mükafat və bonusların ləğv ediləcəyi ilə bağlı qərar vermişdi.

Xəbər lenti