"Ağdərə işğaldan azad edilməsə, Tərtər..." - Keçmiş polkovnik

Aprelin əvvəlində 4 günlük müharibə zamanı cəbhəboyu bütün ərazilərdə döyüşlər gedirdi, atəşkəsdən sonra isə ermənilər yalnız Tərtər rayonunu ağır artilleriyadan atəşə tuturlar.
 
Bir neçə gündür ki, ermənilər Tərtər rayonunun mərkəzi hissəsini minaatan, iri çaplı top və "Qrad" qurğularından atəşə tuturlar. Ermənilər məhz niyə Tərtəri hədəf alıb? Tərtər əhalisinin təhlükəsizliyini təmin etmək üçün hansı addımlar atılmalıdır?
Azeritimes.Az bildiri ki, ölkə.az-ın suallarını Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin keçmiş polkovniki, müstəqil ekspert İlham İsmayıl cavablandırıb:
"Tərtər yeganə rayondur ki, Dağlıq Qarabağ ətrafında işğal olunmayıb. Əksinə, Ağdərə rayonuna aid bir neçə kənd də o istiqamətdə Azərbaycanın nəzarəti altındadır. Son döyüşlərdə isə Talış kəndi və Goranboy rayonu istiqamətində bizim ordu irəlilədi və bir neçə yüksəkliyi ermənilərdən azad etdi. Aydın məsələdir ki, ermənilər Dağlıq Qarabağın o hissəsinə xeyli qüvvə topladılar. Dördgünlük müharibədən sonra ermənilər vaxt əldə etdilər və Tərtəri, Tərtər əhalisini narahat etməyə başladılar. Daha doğrusu, ordumuzun işğaldan azad etdiyi torpaqlarımızı yenidən geri qaytarmağa cəhdlər edirlər. Silahlı təxribatlar təşkil edirlər, ağır artilleriyadan istifadə edirlər və bununla da məğlub olmadıqlarını göstərmək istəyirlər. Təbii ki, bizim də gücümüz orada kifayət dərəcədədir. Dağlıq Qarabağ olduğuna görə, Ağdamdan, Füzulidən fərqli olaraq məhz Tərtəri vururlar. Son döyüş əməliyyatlarımız Dağlıq Qarabağ ərazisində aparılıb. Ermənilər hazırda düşdükləri çətin vəziyyətdən çıxmağa çalışırlar, ona görə də atəşkəsi pozurlar.
Dinc əhalinin təhlükəsizliyi üçün müəyyən tədbirlər görülür, ancaq bunu yetərli hesab etmirəm. Dinc əhali döyüş zamanı istər-istəməz Bərdə, Goranboy istiqamətində kənara çıxıb, döyüşün bitməsini gözləyir. O əhalinin təhlükəsizliyini qorumaq, onları müəyyən yerlərdə saxlamaq, müvəqqəti sığınacaqlar tikmək lazım idi.

Ağdərəni işğaldan azad etmək lazımdır ki, ermənilər Tərtəri atəşə tutmasın. Birinci Qarabağ müharibəsində Ağdərə alındıqdan sonra ermənilər Tərtərə hücuma keçdi. Açığı müharibə zamanı Tərtər çox gözəl döyüşdü. Tərtərdən Ağdama çəkilən kanal var, həmin kanal indi sərhəd zolağıdır. Ağdamın işğal altındakı kəndlərindən də Tərtərin kəndlərini atəşə tuturlar. Yaşayış məntəqələrimizin təhlükəsizliyini tam təmin etmək üçün, ordunun indiki əhval-ruhiyyəsinə uyğun olaraq düşməni o məsafəyə qədər aparmalıyıq ki, dinc əhali təhlükəsiz olsun. Yoxsa Tərtərdə həmişə belə olacaq. Çanaq həmişə dinc əhalinin başında çatlayacaq".
			
 
 

Xəbər lenti