"Ağlaya-ağlaya dedi ki, indi deyəcəklər yəqin səni mən tapşırmışam" - Akademikin direktor qızı

Sevinc Budaqova: "Uşağı öyrədəndə, özünüz də öyrənin”


İnsanı tanrı yaradır, müəllim formalaşdırır. Bircə bu keyfiyyəti bəs edir ki, müəllim peşəsinin nə qədər müqəddəs olduğunun fərqini anlayasan. Təəssüf... Anlamayanların çoxluğunu deyirəm, ona təəssüf. Söyləmək çətindir anlamayanların niyə bu qədər çoxalmasının səbəbini. Bəlkə cəmiyyət, bəlkə kriminal olayların qabardılması, bəlkə dünyada baş verən müharibələr sərtləşdirir insanları. Hər nədirsə bir qədər dəyərlər sistemimizi laxladıb. Ancaq bu laxlamalar, dəyişikliklər yaxşı, peşəsinin vurğunu olan mütəxəssisə heç nə demir. O mənada ki, yaxşılar hər şey sürətlə mənfiyə dəyişəndə belə, daha yaxşı olmaqdan başqa heç nə etmirlər. Yaxşı, peşəkar pedaqoq, müəllimlər də belədir. Dünya mürəkkəbləşdikcə onlar daha yaxşı İNSAN "istehsal” etməyə meyillənirlər. Bu gün "Məktəb illəri”ndə həmin yaxşılardan biri ilə üz-üzəyik. 46 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllimi Sevinc Budaqova ilə...

...23 nömrəli marşrut

Üç uşaq olmuşuq ailədə. İki qardaş, bir bacı. Bir qardaşımı çox tez itirdim. İndi həyatda bir bacı, bir qardaşıq. Ziyalı, nufuzlu adamların övladı olsaq da, qəribə qaydalarla yaşamışıq. İndi düşünürəm ki, elə əlası və doğrusu o idi. Sadəcə, onda niyəsə mənə qəribə görünüb. Məsələn, hər gün evimizin qarşısından 23 nömrəli marşruta minirdik. Valideynlərimizin xidməti maşınında məktəbə gəldiyimiz olmayıb. Bəzən maşınla gələ bilərdik, o da qarda-yağışda, amma o maşın dəqiq xidməti maşın olmazdı. Başqa maşın çağırılardı. Atam deyirdi ki, dövlətdən ayıbdır. Gerisini də Zərifə xanım gətirərdi. Bala, əslində, bizim də maşında getməyimiz düzgün deyil, amma indi bizim belə gəlib-getməyimizi dövlət lazım bilir. Dövlətin sözündən çıxmaq olmaz, sizsə elə marşrutla gedin-gəlin.

Atam həmişə deyirdi ki...

...gərək uşaq avtobusa özü minə. Çantası ağırdı, yüngüldür fərq etməz, gərək daşıya yük nədir, necə çəkilir başa düşə. Avtobusa minmək həm də cəmiyyət arasında olmaq deməkdir. Uşaq görməlidir ki, cəmiyyət, ölkə, dünya nələrdən, kimlərdən ibarətdir. Uşaq lap əlində çanta bir gün ayağı sürüşüb yıxılmalıdır yolda. Anlamalıdır ki, yıxılmaq, durmaq, ağrımaq, yaralanmaq nədir. Böyük-kiçik yeri öyrənir uşaq cəmiyyətdən. Avtobusda əyləşib, böyüyə yer verməyəndə başqası tərəfindən danlanmalıdır ki, məsuliyyətlərini başa düşsün, yerini bilsin. Biz bunları bir-bir yaşamışıq ailə olaraq. Heç vaxt da ixtiyarımız olmayıb dönüb deyək yorulduq və ya bezdik. Bəlkə çoxu inanmayacaq, atam məktəbdə işlədiyi dönəmlərdə özü hər gün yeddi kilometr yolu piyada gedib-gələn adam olub. Anamsa son dərəcə sadə qadın idi. Mən onun artıq bir zinət əşyası taxdığını, ənlik- kirşandan istifadə etməsini yadıma sala bilmirəm. Ailədə yeganə qız övladı olmuşam. Zərifə xanımda nə görmüşəmsə, hamısı mənə keçib indi. Bir sözü var idi.


Deyirdi sən rəhbərsənsə, yanında dövlətin sənə etibar etdiyi işçilərin varsa, onların heç birindən artıq geyinə, zinət əşyası taxa bilməzsən. Buna mənəvi haqqın yoxdur. O üzdən çalışdığım və rəhbərlik etdiyim kollektivlərdə həmişə anamdan öyrəndiklərimi tətbiq eləməyə çalışmışam. Rəhbər olsam da, sıravi işçidən seçilməməyə çalışmışam. Deyim ki, çox gözəl də nəticələri olur. İnsanlara daha yaxın olmaqdan gözəl nəsə yoxdur həyatda.

Onu da qeyd edim, iki görkəmli alimlə bir ailədə yaşamaq böyük məsuliyyətdir. Hər dəfə Fəxri xiyabana gedənlər, məni tanıyanlar valideynlərimin məzarı önündən keçəndə "onlara nə deyirlər, görəsən?” sualı ağlımda dolaşıb. Düşünmüşəm, görəsən, "necə övlad böyütmüsən?” sualını onlara hansı səs tonuyla verirlər. Sevincləmi? Hirsləmi? Bu, məni çox ciddi narahat edən məsələdir.

Həyat məni belə yetişdirdi...

Bəzən adamlara elə gəlir ki, sərtəm. Sərt deyiləm, sadəcə, həyat belə yetişdirdi. Tez ailə qurmuşdum, qız övladım vardı. Həyat yoldaşımı tez itirdim. Əldə elədiyim hər şeyin ardınca özüm getməli oldum. Bazara getməkdən başlamış, evdə nəyinsə təmir edilməsinə qədər hər şeyin. Həyati məsələlər adamı bir qədər qabalaşdırır, amma insanlıqdan çıxarmır. Məndə də belə olub. Səmimi deyirəm, mən bu qədər çətinliklərə rəğmən həyatımdan razıyam. Yenidən yaranmış olsaydım, ailəmin də, həyat yoldaşımın da, övladımın da, çətinliklərimin də, peşəmin də eynisini istəyib, eynisiylə yaşayardım. Mən tanrımdan da, həyatımdan da sonsuzluğa qədər razıyam.

Eşitmirəm, bilmirəm, görmürəm...

Həmişə bir tövsiyəsi olub atamın mənə: eşitmirəm, bilmirəm, görmürəm. Bilirəm, kənardan qəribə görünür, amma gerçəkdən də gözəl devizdir. Nə özüm, nə özgəsi haqda pislikləri danışılsa da, eşitmirəm, soruşulsa da, bilmirəm, görsəm də görmürəm. Bu, insanı həm durulaşdırır, həm qoruyur, həm də vicdanlı edir. O qayda Budaq müəllimin mənim üçün cizdiyi həyat yolunda həmişə yaddaşımda saxladığım ən vacib detal olub. Bir də mənə iki şeyi yadda saxlamağı tövsiyə edib: yalanı və xəyanəti unutmamağı. Çünki bu iki şey insanı nə insan, nə də ailə olmağa qoymaz. Bəzən baxırsan ki, yalan deyən qonşundadır, qohumundadır, xəyanət edən böyründədir, həyatındadır. Görürəm unuda bilmirəm, sadəcə, yadımda saxlayıb görməzliyə vururam,  atamın dediyi kimi.

Yorulmadan dinləmək...

İndi fikir verirəm, insanların ünsiyyət problemi var. Biz nə atamızda, nə anamızda belə problem görmürdük. Uşaq idik, bəzən dalaşırdıq bir-birimizlə. Yorulmadan sona qədər nə danışdığımızı dinləyirdilər. Sonra izah edirdilər. Hərdən birimizi yanına alıb gəzməyə çıxarırdı atam. Dost kimi, yoldaş kimi dərdləşirdik. Mən onların heç birindən yüksək səslə, acıqlı, kobud, sərt danışıq eşitmədim, sifət görmədim.

Atam müdafiəmə gəlmədi...

İxtisasca tarixçiyəm. İlk elmi işimi müdafiə edəndə o, bizim Pedaqoji Universitetdə üst mərtəbədə işləyirdi. Müdafiəmdə iştirak etmək üçün aşağı düşmədi. Mənə də demişdi ki, eşidəm biləm, elmi işində sənə bir adam bircə sətir, bircə tezis yazıb, gözümə görünmə. Onun gözündən düşməmək üçün kimsəni yaxına buraxmırdım, nə edirdimsə özüm edirdim. Ümumiyyətlə, onların hər ikisinin qəribə xarakteri var idi, ayaq səsləri gələndə özümüzü yığışdırırdıq.  Əməkdar müəllim adını alanda yanına getdim, sevincdən ağlaya-ağlaya qayıtdı ki, indi deyəcəklər yəqin səni mən  tapşırmışam. Dedim yox, mənim vicdanım rahatdır, atama sürpriz gətirmişəm. Onda ikimiz də kövrəlmişdik. Mənə bir də onu dedi ki, sən indi ikiqat məsuliyyət altındasan. Sıravi müəllim kimi məsuliyyətin vardı, fəxri adın varsa, deməli, artıq daha məsuliyyətli olmalısan, çünki nə etsən, dövlətin adına sayılır.

Anamı itirəndə 24 yaşım var idi...

Onun yoxluğu həyatımı kökündən dəyişdi. O qədər ağır zərbə oldu ki, elə bildim qolsuz-qanadsız qaldım. Ailədə yeganə qız övladı idim. Anam Zərifə Budaqova mənim üçün həm bacı, həm dost idi. Həyat elə gətirmişdi ki, tez ailə qurmuşdum, o, həm də mənim qadın olmağın sirrini öyrəndiyim həyat müəllimim idi. Bir adamın simasında görün nə qədər İNSAN itirmişdim. Hələ də o gün, o an yadıma düşəndə baxıram ki, nəsə dəyişməyib, elə bilirəm indi, bu dəqiqə yaşadım onun itkisini. Onun itkisi atama da ağır zərbə idi. Bir kişinin həyat yoldaşına münasibətinin nümunəsi idi onların sevgisi.

Anamdan da çox şey öyrəndim vəzifə adamı olaraq. Bizi bağa aparıb ağac, çiçək becərilməsini öyrədirdilər. Bacarmadığımız işlərə ən azından müşahidəçi kimi baxmağımızı lazım bilirdilər. Mən indi də bu ənənəni davam etdirirəm. Təbiətin qoynunda olmaq mənim üçün böyük zövqdür. Bir söz də deyim sizə, qadın kimi bəlkə də həyatım uğurlu olmadı. Amma övlad, ana, müəllim kimi çox xoşbəxtəm. Bir məsələ də var, çox güclü adam təsiri bağışlayıram. Amma deyim ki, kövrəkliyim də var, zəifliyim də. Daha çox haqsızlığa uğrayanda hayqırmışam. Deyim ki, çox haqsızlığa uğramışam. İnanın, Budaq müəllimdən aldığım həyat qaydaları, tərbiyə mənim bu haqsızlıqlara belə gülümsəyib keçə bilmək bacarığımı formalaşdırıb.

Sağlam mühit...

İndi çox danışılan mövzuların biridir təhsil məsələləri. Mən düşünürəm ki, bu kimi məsələlərin ümumi müzakirəsi üçün hər şeydən əvvəl sağlam psixoloji mühit olmalıdır cəmiyyətdə. Bu  mühit olmadan idarəetmədən danışa bilmərik. Əvvəlcə şəxsiyyətlər arasında münasibətləri düzəltmək lazımdır. Bizim sahədə bu münasibətlər müəllim-şagird-valideyn üçbucağını əhatə edir. Biz bir-birimizi anlamasaq, işləməsək, yeri gələndə kompromisə getməsək, heç nə alınmayacaq.

Valideyndən qaçmaq lazım deyil...

İndi elə bir fon yaradılıb ki, guya müəllim həmişə haqsızdır, valideyn həmişə haqlı. Əslində, belə deyil, belə ola bilməz. Biz valideyndən qaçmamalıyıq. Onunla ünsiyyətə girib dil tapmalıyıq.  O da bizim kimi insandır, vətəndaşdır, artıq da deyil, əskik də. Onlara anlatmaq lazımdır ki, hər məsələdə məktəbin, müəllimin, uşağın yanında olsun. Ancaq bəzən valideyn olur ki, hər şeyi məktəbə yükləmək istəyir. Doğru deyil. Uşaq məktəbdə və cəmiyyətdə ailənin güzgüsüdür. Ailəsi nədirsə, necədirsə, uşaq məhz o cür davranır, elə görünür. Burda qüsur varsa, müəllim təkcə məsuliyyət daşıya bilməz. Valideynə bunu izah etmək vacibdir, mütləqdir. Bizim məktəbdə bu problem çoxdan həllini tapıb, mən bütün məsələləri onlarla birlikdə və şəffaf həll edirəm. O üzdən məktəbə aid hər hansı işlərdə, tədbirlərdə həmişə yanımızdadırlar.

Aqressiya cəmiyyətdən gəlir...

Məktəb cəmiyyətin də aynasıdır. Bu gün cəmiyyətdə nə baş verirsə, o da ailələrdə, məktəbdə, uşaqlarda da öz əksini tapır. Bu, çox təhlükəli tendensiyadır. Baxın, televiziyanı açırıq, qardaş atanı öldürdü, oğul ananı bıçaqladı, nə qədər qəza, zorakılıq xəbərləri, müharibə görüntüləri, ah-nalə, faciə tirajlanır. Bunları bizimlə paralel məktəblilər də görür. Demirəm ki, olmasın, göstərilməsin, amma bu qədər olmaz. İnsan beynini, psixologiyasını sıradan çıxaracaq, aqressivləşdirəcək qədər etmək düzgün deyil. Bu edilirsə, hər kəs əziyyət çəkir. 

Natamam ailələrdən gələn problemlər...

Bizim məktəb olaraq bir problemimiz də natamam ailələrdən gəlir. O qədər ağır situasiyalarla üzləşmişik ki, məsələn, ata yoxdur, ana işsizdir, tənha böyüdür uşağını.  Ya da məsələn, ana yoxdur, ata ikinci  dəfə ailə qurub, yeni xanım uşağa münasibətdə sərtdir, ya da tutalım valideynlər yola getmir, gəlin-qaynana münasibətləri pisdir və sair. Yəni ən mütxəlif formada problemlərlə qarşılaşırıq. Bu problemlərin həlli də məktəbin, onun rəhbərliyinin üzərinə düşən böyük məsuliyyətlərdəndir. Bacardığımız qədər həll eləməyə çalışırıq. Məsələn, son zamanlar belə bir yol seçmişəm, hər həftə püşkatma keçiririk. Onun nəticəsində adı çıxan məktəblinin ailəsinə gedirik. Təbii ki, söhbət həmin problemləri yaşayan uşaqların ailəsindən gedir. Təmtəraqla evə girirəm, bəzən çox təəccüblənirlər. Deyirəm siz gəlmirsiniz, mən gəlmişəm, buyurun deyin, danışın görək nə məsələdir? Sizin durumunuz bu uşağın davranışına, gələcəyinə təsir eləyir. Mən də bunu görürəm, düzəlməsini istəyirəm. Bir xeyli məsələni həll edə bilmişik bu yolla, o üzdən elə məktəbdaxili layihə də deyə bilərik buna.Müəllim də, valideyn də uşağı dinləməlidir, onunla məşğul olmalıdır. Bəzən valideynlər deyirlər "işim çoxdur, məşğul ola bilmirəm uşaqla”. Araşdırıb baxırsan, işi dediyi qədər ağır deyil, sadəcə, məsuliyyətsizdir. Ancaq bir başqasına baxırsan, işi iki dəfə o birindən ağırdır, eyni zamanda övladının təhsili, vaxtının düzgün bölünməsi, istirahəti ilə də şəxsən özü məşğuldur. Ola bilər, valideyn özü də uğurlu uşaqlıq keçirməsin. O zaman hər kəsə bir tövsiyəm var, tərbiyə edə-edə həm də özünüzü tərbiyə edin. Yəni uşağı öyrədəndə, özünüz də öyrənin.

 
Bəzən olur ictimai aktiv bir uşağın valideynini məktəbə gətirə bilmirik. Deyir uşaq nə lazımdırsa onu edib, mənə nə ehtiyac var?! Anlamaq istəmir ki, uşaq hamıdan qabaq ona valideyninin qiymət verməsini istəyir. İstəyir görsün, ata-anasını necə sevindirdi? Bilsin ki, valideyni onunla qürur duydu. Yəni bir qədər həssaslıq tələb olunur. Təəssüf ki, biz bunu görə bilmirik indiki gənc nəsil sayılan valideynlərin bir çoxunda.

Problemli müəllimlər də var

Problemli ailə və valideyndən danışdıq, bu o anlama gəlməsin ki, problemli müəllimlərimiz yoxdur. Var, yeniliyi qəbul etmək istəməyənlər, öz üzərlərində işləməyə meyilli olmayanlar, işinə məsuliyyətsiz yanaşanlar. Yəni yoxdur deyə bilmərik. Amma zamanında lazım olan cəzalarını da alırlar. Sadəcə, bu elə bir peşədir ki, birinə verilən cəza ictimailəşəndə on yaxşını da nüfuzdan salır. O üzdən son dərəcə həssas yanaşırıq belə məsələlərə. Mən peşəmlə bağlı son dərəcə məsuliyyətli adamam, gəzəndə də, qonaq gedəndə də, hər yerdə müəllim olduğumu unutmuram, hətta geyimlərimdə belə. O üzdən hərdən elə bilirəm evdə də məktəbdəyəm...

SON: Onun çox məşhur soyadına, valideynlərinin kimliyinə toxunmadım yazının girişində. Niyəsini sonda bölüşürəm sizlərlə. Həyatımızda hər şeyi olmasa da, çox şeyi seçə bilmək şansı insan olaraq öz əlimizdədir. Seçimini özümüz etmədiklərimiz arasında valideynlərimizin kimliyi də var. Yəni ata-ananı övlad özü seçmir. Tanınan adamların övladı olmaq bu mənada bir qədər çətin məsələdir, məsuliyyətdir. Çünki onların adına layiq olmaq və özünü doğrultmaq kimi ciddi bir məsuliyyət olur adamın çiynində ta uşaqlıqdan. Görkəmli alimlər Budaq Budaqovla Zərifə Budaqovanın qızıdır Sevinc xanım. Amma həm də Azərbaycan təhsili üçün töhfələr verən adamdır, alimdir, 70-ə yaxın elmi məqalənin, 7 kitabın müəllifidir. Hamının sevib bəyəndiyi pedaqoq, məktəb direktorudur. Yəni ata-anasının soyadını layiqincə doğrultmağı bacaran, özünü təsdiqləyən övladdır həm də. Niyəsə əminəm ki, Budaq müəllimlə Zərifə xanım həyatda olsaydı, kənardan baxıb elə beləcə də deyərdilər ona: Afərin sənə, Sevinc müəllim, öz adını qazandığın üçün afərin!!!

Jalə MÜTƏLLİMOVA,
muallim.edu.az

Xəbər lenti