Aqşin Yenisey: "Mən bu cəmiyyəti itirmək istəmirəm" - MÜSAHİBƏ - EKSKLÜZİV - FOTOLAR

Aqşin Yenisey:


AzeriTimes.Az-ın növbəti müsahibəsi gənc şair,köşə yazarı,publisist Aqşin Yenisey ilə baş tutdu. Müsahibə istəyimizi müsbət qarşıladığına və səmimi cavablarına görə saytımız adından Aqşin Yeniseyə bir daha dərin minnətdarlığımızı bildiririk. İndi isə həmin müsahibəni təqdim edirik :

-Aqşin Yenisey şeir yazmaq məharətini nə zaman kəşf etdi?

-         İlk şeirimi 9 yaşında tam təsadüf nəticəsində yazmışam. Mənim ilk dəfə şeir yazmağım çox əyləncəli bir prosesdə baş verdi. Bunu əvvəlki müsahibələrimdə də qeyd etmişəm, ikinci sinifdə oxuyarkən bizə 3 bənddən ibarət "Lenin baba yolunda” adlı bir şeiri əzbərləməyi tapşırmışdılar. Mən isə onu əzbərləməmişdim. Şeir çox sadə üslubda olduğundan dərs müddətində əzbərləmək qərarına gəlmişdim. O şeiri əzbərləmədiyimə görə evdə məni döydülər. Anamgilə şeir yazmağın elə də çətin bir şey olmadığını sübut etmək üçün şeir yazacaqdım. Anam " İstədiyin mövzuda yaz” – dedi. Həmin dövrdə dayım çox gənc yaşında rəhmətə getmişdi. Bu mövzuda bir şeir yazdım. Evdəkilərə göstərdim. 9 yaşında olan bir uşağın ölüm mövzusunda şeir yazmağı onları təəccübləndirmişdi. Daha doğrusu bu şeiri dəyişikliklər edərək hansısa bir şairdən oğurladığımı düşünmüşdülər. Getdikcə atam və bibimin təklif etdiyi mövzuların da öhdəsindən uğurla gəldim (red : gülür). Və artıq öz ailəmizdə mənim oxucu kütləm yarandı. Ondan sonra yazdığım hər şeiri onlara oxuyurdum. Onda indiki kimi az-az yazmırdım, məhsuldar vaxtım idi. Gün ərzində 18 vərəqli dəftəri tam yazıb doldururdum. Bundan 1-2 il sonra isə artıq  orta məktəbdə oğlanlar gəlib mənə sifariş verirdilər. Elə şeir yazmalı idim ki,  şeirin misralarının baş hərfləri sevdikləri  qızın adı olsun. 12 yaşımda olanda rayonda yaşayan qohumlarımız şeirlərimdən bir neçəsini seçib " Həmşəri” qəzetində çap etdirdilər. Mənim ilk şeirlərim əyləncə xarakterli idi, xobbi kimi yazırdım. Sonralar həmin vaxtlarda yazdığım bütün şeirləri yandırdım, cırdım, dost-tanışa payladım. Mənim şeir yazmağımın ümumi mənzərəsi belə olub.

-"Yenisey” ləqəbiniz haqda nə deyərdiz?

-         Ləqəbim də təsadüfün doğurduğu bir zərurət idi. Mən "Alma” qəzetində yazı yazarkən müxtəlif təbəqələrin basqısı ilə üzləşirdim. Təzyiqlər ilk olaraq baş redaktorumuza edilirdi. Mən muğam haqqında ironik bir yazı yazmışdım. Bundan sonra bütün muğam ifaçıları, muğamsevərlər hiddətlənərək bununla bağlı Mətbuat mərkəzində mətbuat konfransı keçirmişdilər. Hətta hökumətə mənim cəzalanmağım üçün müraciət ünvanlamışdılar. Bundan sonra baş redaktor təngə gəlmişdi. Mən öz yazılarımın ilk oxucusuyam. Əgər yazım mənim ürəyimcə deyilsə, mən onu oxumağı başqasına rəva görmürəm. Bu şeirlərimə də aiddir. Hərdən elə olur ki, 10 şeir yazıram. Sonra isə onları cilalaya-cilalaya 1 şeir şəklinə salıram. Redaktorum mənə öz imzamla yazdığım şeirləri çap etməkdə çətinlik çəkdiyini söylədi. Çünki hər gün təhdid xarakterli zənglər gəlirdi. Baş redaktorun təkidindən sonra mən gizli imza ilə yazmağa məcbur oldum. Bir dəfə kitab oxuyarkən gözüm Yenisey sözünə sataşdı. Bundan sonra Yenisey imzası ilə yazmağa başladım. Daha sonra işlədiyim başqa qəzetdə isə artıq Aqşin Yenisey imzası ilə yazırdım. Yenisey imzasını götürməyimin səbəbi oxucu zorakılığı oldu.

-Şeirlərinizin konkret ünvanı kimdir?

        -  Kitablarımda çap olunan şeirlərim ünvansız şeirlərdir. Onlar ya hamıya yazılmış şeirdir, ya da heç kimə. Mən şeirimi ilk olaraq beynimdə görürəm, təsəvvür edirəm. Daha sonra isə həmin şəkli yazı şəklində vərəqə köçürürəm. Bu bilirsiniz nədən irəli gəlir? Mən uşaq vaxtı rəssam olmaq istəyirdim. Xeyli şəkillər də çəkmişdim. Amma sonradan bir müəllim rəsmlərimi bəyənmədi. Özüm də bu istedada sahib  olmadığımı dərk etdim. Bundan sonra şeir məsələsinə ciddi yanaşdım. Mən şeirlərimdə xəyallarımın, ətrafında fırlandığım poetik abidələrin şəklini çəkirəm. Mən şeiri yazıram, geridə qalan vəzifə isə oxucunun öhdəsindədir.

-Özünüzə kumir olaraq seçdiyiniz biri varmı?

- Konkret desəm ki, mən Cəfər Cabbarlını özümə kumir götürmüşəm – yox. Oxuduğum zaman məni qane edən bütün kitablar mənim kumirimdir. Bəzən elə olur ki bir misra və ya cümlə oxuyuram və özlüyümdə təəssüflənirəm ki, kaş bu misranı və ya cümləni mən yazardım. " Kaş mən eləyərdim” dediyim hər şey mənim kumirimdir. Hər yaş dövrümə uyğun olaraq kumirlərim olub. Vaxt olub ki, Azərbaycan ədəbiyyatında Ramiz Rövşən mənim kumirim olub. Onun təsiri altına düşmüşəm, xeyli şeirlər yazmışam. Amma görəndən sonra ki, " Bu mən deyiləm, bu Rami Rövşəndir” – o şeirlərin hamısından imtina etmişəm. " Sizin eradan əvvəl” adlı kitabımda Yeseninin təsiri altında yazdığım 1-2 şeir var. Cəfər Cabbarlının pyeslərindən təsirləndiyim vaxtlar olub. Amma əvvəldən axıradək konkret kumir seçdiyim biri olmayıb. Bəzən izlədiyim kinonun ssenarisindən təsirlənirəm, həmin rejissorun yaratdığı bu sujet mənim üçün kumirə çevrilir. Başqasının ağlına gəlib, mənim ağlıma gəlməyən hər bir şey mənim kumirimdir. Mən bu məsələyə belə rakursdan yanaşıram.

-Sizcə müasir yazıçılarımızın belə bəsit yazmasının səbəbi nədir?

- Bunun bir çox səbəbi var. Bəsit yazmalarının ilk səbəbi onlarda istedad anlayışından əsər-əlamət yoxdur. İstedad şairin misralarında gizlənir. Hər hansı bir şairin yaradıcılığından oxuduğun misralar səni elektrik cərəyanı kimi vurursa, silkələyirsə demək həmin şairdə istedad var. Amma bizim müasir yazarların böyük əksəriyyəti özü özündə istedad yaratmaq istəyir. Onlar istedadı çoxlu mütaliə edərək əldə edəcəklərini düşünürlər. Bu tamamilə yanlış, cəfəngiyyat bir fikirdir. Çünki mütaliə istedad yaratmır. O sadəcə insanın özündə olan istedadı cilalamağa köməklik edir. Bəzi müasir şairlər elə düşünür ki, şair libasına bürünmək üçün o içkili, pinti, tör-töküntülü olmalıdır, dişlərini yumamalıdır, saçını daramamalıdır. Şəxsən tanıdığım belə adamlar var. Bu gün Azərbaycanın əsl şairləri adi məişət  həyatından belə aşağı səviyyədə həyat sürürlər. Onların kasıb, diqqətdənkənar məişətləri imkan vermir ki, bu adam bütün enerjisini, zehnini gün ərzində yazdığı şeirlərə, yazılara həsr etsin. Azərbaycanda ən ucuz yazı janrı şeirdir. Bizdə elə istedadlı adamlar olub ki, sırf bu maddi imkansızlıq ucbatından ədəbiyyata küsüb gediblər. Özlərinə tamam başqa bir sahədə yuva qurublar. Halbuki həmin şəxslər 1 və ya 2 hekayəsi ilə istedadlarını nümayiş etdiriblər. Amma indi onların heç biri ədəbiyyatda yoxdur. Hərəsi bir dərədədir. Bəsit yazmalarının digər səbəbi isə tez-bazar tanınmaq, şöhrət arxasınca qaçmaq arzusudur. Ona görə də tələm-tələsik, yersiz, istedadsız yazılmış əlyazmaların sayı artır. Belə hay-küylü kitablar üzərindən 1-2 ay keçdikdən sonra tamamilə unudulur. Bütün bu amillər ümumilikdə Müasir Azərbaycan ədəbiyyatının bəsit tablosunu yaradır. İstedadlıların normal şəraitli yeri yoxdur ki, rahat otursun, istedadını reallaşdırsın. Amma şəraiti olan insanların isə istedadı yoxdur ki, bu insan oturub ortaya bir şey çıxara bilsin. Bu bəsit mənzərənin yaranmasında sadaladığım 2 amilin böyük rolu var. Məsələn, səhv etmirəmsə 1901-ci ildən etibarən ədəbiyyat və digər sahələr üzrə Nobel mükafatı verilməyə başlanıb. Biz bu müddət zərfində ədəbiyyat üzrə bu mükafata layiq görülənləri oturub saymağa başlasaq, bu say 15-i  o tərəfə keçməyəcək. Ədəbiyyat tarixi gör nə qədər yazıçını unudub. Halbuki həmin şəxs dövrünün ən möhtəşəm ödülünü alıb. 15 il bundan əvvəl ədəbiyyata indiki kimi axın yox idi. İndiki ədəbi mühitdə mənim yazdığım şeirlər bəlkə də o qədər fərqlənməzdi. Mən istəyərdim ki hamının yazdığı mühitdə mən fərqlənib, tanınım.

-Azərbaycan Yazıçılar Birliyində  baş verən son hadisələrə,istefalara münasibətiniz necədir? Ümumiyyətlə bu qurumun fəaliyyətini necə dəyərləndirirsiz?

- Mən Yazıçılar İttifaqını tanıyandan, ordakı ədəbi mənzərəni görəndən sonra həmişə belə fikirləşmişəm ki, Azərbaycan Yazıçılar Birliyinə ( AYB ) gənclər oynaya-oynaya gedirlər , ağlaya-ağlaya çıxırlar. Mən heç vaxt AYB-nin üzvü olmamışam. Baxmayaraq ki, məni israrla çağırıblar, dəvət göndəriblər. İndi bilmirəm necədir, amma 2000-ci illərdə AYB-yə üzv olmaq istəyən şairə özündən yaşca böyük olan 3 şair yazılı zəmanət verməli idi. Mən belə şeyləri görəndən sonra ora üzv olmaq barədə düşünməmişəm. Bura üzv olan gənclər təqaüd alır, dünyagörüşünün formalaşması üçün xaricdəki festivallara göndərilir və bunun kimi bir çox imtiyazların sahibi olur. Mən AYB-də ədəbiyyata, istedada xas olan arxayınlıq, təmkin, alicənablıq anlayışlarını görmədim. Bu təşkilatda bir növ istedadsızların ittifaqı yaranıb. Onlar təqaüd və xaricdəki festivallarda iştirak kimi şirnikləndirici qırmaqlarla istedadlı gəncləri tuturlar. Öz ittifaqlarında, öz işlərində bu istedadları məhv edirlər. Ona görə də mən birmənalı olaraq uzaqlaşdım. Mən bilirdim ki, həmin gənclərdə nə vaxtsa zərrə qədər istedad, vicdan, ədəbiyyata qayğı qalacaqsa bu və ya digər səbəbdən həmin qurumdan uzaqlaşacaqlar. Həmin gənclər ora üzv olduqdan sonra nə yaza bildilər, nə də ki söz sahibi oldular. Düzdür, təqaüd aldılar, kitabları çap olundu. Amma onlar ədəbi mühitin özündə heç kimə çevrildilər. İstedad elə bir şeydir ki, əgər bir dəfə çirkləndisə, onu bərpa etmək qeyri-mümkündür. İstedad qaranquş kimi bir şeydir. Küsdüsə geri qayıtmayacaq. Mən bu birlikdən istefa edən gənclərin bir neçəsini şəxsən tanıyıram. Mən onların ordan istefa edərək çıxmasına təəssüf etdim. Niyə? – Onlar çıxdılar daha bədbəxt olacaqlar. Orda ən azından 4-5 manat təqaüd ilə başlarını girələyirdilər.

-Günel Mövlud sizin hazırkı proseslərdən kənar olduğunuzu və zamanla ayaqlaşmadığınızı deyib. Sizcə bu doğrudur?

    - Günel Mövlud yaxşı şairədir. Amma onun bu cür ədəbi cadugərliyini, fala baxmağını mən elə də ciddiyə almıram. Azərbaycan cəmiyyətində  qəzet oxumayan xanımlar jurnalistə və ya yazıçıya ərə gedir, səhərisi gün görürsən ki poeması çıxıb. Günel Mövludun bu yanaşmasında milli uzaqgörənlik var. Günel və ya başqa biri əgər bu gün sosial şəbəkələrdə at oynadan adamlarla yaxınlıq edirsə və Aqşini orada görmürsə, Günelə elə gəlir ki, Aqşin cəmiyyətdəki proseslerdən uzaqdır. Ona elə gəlir ki, cəmiyyətdə gedən proses onun olduğu yerdir. O harda yoxdursa, orada proses getmir. Mənim yaşım da artıq o yaş deyil ki, gündə bir yerdə olum. Vaxtı ilə mən də bu cür siyasi və ədəbi baxışların mühitində olmuşam. Belə yekəxanalıq kimi çıxmasın, mənim indi özümün-özümlə baş-başa qalan vaxtımdır. Mənə mənim özümdən maraqlı bir proses anlayışı yoxdur. Son dövrlərdəki proseslərə nəzər salsaq görərik ki, müzakirə obyekti elə mənim yazılarımdır. Halbuki, mən o gərgin proseslərin içində deyiləm. Mən öz işimlə məşğulam. Oturub şeirlərimi yazıram.

- Bir neçə ay əvvəl " Gənclərin indiki inqilab etmək cəhdləri palatka toyunda dava salmağa bənzəyir” kimi bir status yazmışdınız. Bu statusdan sonra çoxları sizə qarşı çıxdı. Nə səbəbə yazmışdız bunu?

- Bunun səbəbi çox adi bir reallıqdır. Mən sosial şəbəkələrdə izləyirəm gəncləri. Mən görürəm ki, kompyuter arxasında oturan gənclik radikal inqilabçı obrazını yarada bilir. Həmin gənclərin əksəriyyətini mən şəxsən tanıyıram. Onların əksəriyyəti bizim evimizdə yetişmiş gənclərdir. 2002-2003-cü illərdə bizim köhnə evimizdə həmin gənclər mənim, Xəqani Hasın, Seymur Baycanın söhbətlərimizə qulaq asırdılar. Həmin gənclərdən 3 nəfəri həbs eləmişdilər. Onların müsahibəsini izlədim. Onların heç biri Facebookdakı inqilablarının 5 % məsuliyyətini daşımadı, öz fikirlərindən imtina etdilər. Hamısı bir- birini satdı. Mən də buna görə əsəbləşib həmin statusu yazdım. Bizdə internetdə The Guevaranın biri 1 qəpikdir bu dəqiqə. Halbuki hava qaralmamış ana-ata qorxusundan qaçırlar evə. Adlarını solçu qoyub, cırıq şalvar geyinib, saç uzadıb gəzirlər ortalıqda. Mən bu cür saxta gəncliyin əleyhinə olmuşam. Mübarizə heç vaxt səhv olmur. Əgər sən siyasi bir mübarizəyə girişmisənsə, burada heç bir tərəf səhv deyil. Burada hamı özünü haqlı hesab edir. Burada qalan yeganə məsələ odur ki, insanları bu mübarizəyə inandırmaq lazımdır. Mən inanmıram ki, istər siyasi cəbhədə, istərsə də ədəbi cəbhədə apardığı mübarizənin səhv olduğunu düşünən insan olsun. Əgər  bir insan səhv olduğunu bilə-bilə mübarizə aparmağa davam edirsə, bu artıq mübarizə yox, intriqadır. Amma bu gənclər haqlı ola-ola mübarizələrindən imtina etdilər. Təkcə solçuluqda deyil bu. İndi gənclər arasında ateizm də dəb düşüb. Ateizmin nə olduğunu bilməyənlər deyirlər ki, ateistəm. Əgər bizim gələcəyimizi bu saxta gənclik müəyyən edəcəksə, mən bu gəncliyin yanında deyiləm. Mən bu gəncliyə qarşı barışmaz mövqedəyəm. Mən istərdim ki, bizim gənclik elə sözlər desin ki, əvvəla onu heç isbat etməyə ehtiyac olmasın. Əgər isbat etməyə ehtiyac yaransa belə isbat etmək qadirində olsun.

- "Şeytanın qapı qonşusu” məqaləsindən sonra sizə qarşı təzyiqlər gücləndi. Sizcə oxucunu bu qədər hiddətləndirən nə idi?

- Mənim müxtəlif illərdə bu səpkidə yazdığım 10-15 yazım olub. İşlədiyim saytda da hərdən deyirlər ki, biz istəyərdik ki filan mövzuda bir yazı yazasan. Mənə heç bir qadağa qoyulmayıb ki, yazı bu janrda olsun. Mən özüm elə yazar deyiləm ki, mənə nəyisə sifariş etsinlər mən də yazım. Bu səpkidə ən zəif yazılan yazı son çap olunan yazı idi. Sadəcə olaraq səbəb budur ki, cəmiyyətdə konkret bir neçə şəxsin mənim din haqqında olan fikirlərimə şəxsi qərəzliyi var. Əvvəllər məni köşə yazarı kimi elə də tanımırdılar. Amma mən yazılar yazmağa başlayandan sonra onlar üçün bir hədəfə çevrilmişəm. Hələ bu yaxşı idi. Qafqazinfo.az-da yayımlanan bir yazıma ailəm haqqında, özüm haqqında 70-ə yaxın  söyüşlü şərh yazılmışdı. Mən heç vaxt baş qoşmurdum belə şeylərə. Düşünürdüm ki, bu insanların da əxlaqi, intellektual çəkisi buna icazə verir. Mən orda 70 adama necə yazı mədəniyyəti aşılayım? Buna mənim nə vaxtım, nə həvəsim, nə də ki ehtiyacım var. Mən düşünmürəm ki, bu yazıya görə mənə olan təhqirləri, hədələri həqiqi inancı olan şəxslər edir. Mən düşünürəm ki, bütün bu təhqirlərin, hədələrin arxasında konkret şəxslər var. Əgər bundan sonra mən misal üçün təbiət haqqında bir yazı yazsam və orda Darvinin adını çəksəm, onlar bu cümləni ordan çıxardıb əllərində bayraq edəcəklər ki, baxın bu kafirdir. Mənim bu düşüncə də ola-ola onların yaşadığı cəmiyyətdə yaşamağım belə onlar üçün təhqirdir.  Onlar ümumi yazılarımı xüsusiləşdirirlər. Onlar yalnız hissi,emosional idrakla yükləniblər. Belə insanlarda zehni idrak, zəka, bu tip məsələlərə rasional yanaşmaq problemi var. Mən bu yazıda xeyirxah bir şey yazmışdım. Qeyd etmişdim ki, İbrahim peyğəmbər oğlu İsmayılı yox, qoçu kəsərək öz dövrü üçün dini islahat apardı. İnsanın Allah yolunda qurban kəsilməsi yığışdırıldı. Bunu mən xoş niyyətlə yazıram. Məni inandırmaq çətindir ki, dünyada nə vaxtsa dənizi əsası ilə iki yerə bölmək kimi fitri qüdrəti olan insan olub. Mənim yazımda hansısa bir dindarın dini inancına təsir edəcək heç bir təhqiramiz ifadə işlənməyib. Mən özüm üçün öz üslubumu yaratmışam. Kiminsə istəyi ilə mən üslubu dəyişə bilmərəm. Mən yazı adamıyam. Əgər bu üslub oxucunun xoşuna gəlmirsə, mənim yazılarımı oxumasın. Mən kiməsə öz yazımı məcbur oxutdurmuram. Özüm də kiminsə yazısını məcbur oxumuram. Yazımın adını başqa bir saytda belə qoymuşdular ki ; Azərbaycanli yazar peyğəmbəri təhqir etdi. Mən əminliklə deyə bilərəm ki, əksər dindarlar heç o yazını oxumamışdı. Sırf başlığa görə onlar mənim peyğəmbəri təhqir etdiyimi düşünürdülər. Bu sadəcə məni sevməyən insanların mənə qarşı yürütdüyü kampaniya idi. Mən sabah namaz qılsam da, oruc tutsam da din haqqında,səmavi səltənət haqqında öz yazılarımı yazmaqda davam edəcəm. Bu mənim işimdir.

- Bəs indi nə yerdədir vəziyyət? Təzyiqlər azalıb?

- Bəli. Müəyyən məsələlər aydınlaşdı, cəmiyyət bu yazıya öz reaksiyasını göstərdi. Amma o yazını oxuyan bir çox dindar mənim şəxsi profilimə yazırdılar ki, axı burada heç bir təhqiramiz məqam yoxdur. Yazı ironik janrda yazılmış bir yazıdır. Orda təhqirdən heç bir söz gedə bilməz. Məncə qarşı tərəf tələskənlik etdiyinin, radikal olduğunun fərqinə vardı.

-Hətta ölüm hədəsi də var idi. Özünüzü bunlara qarşı necə müdafiə etməyi düşünürdünüz?

- Bəli ölüm hədəsi var idi. Gizli bir qrup yaratmışdılar və yazmışdılar ki, mücahidlər fətva versin biz özümüz bunun başını kəsək. Dinimizə görə bunun qanı halaldır. Dinimiz bu cür insanları öldürməyi bizə halal buyurub. Mən hər ehtimala qarşı saytlarda, qəzetlərdə, Facebook səhifəmdə hədə-qorxu xarakterli bütün yazıları material şəklində çıxartdım. Sabah əgər bu təhlükə reallaşacaqdısa mən bu kağızlarla birlikdə Təhlükəsizlik orqanlarına müraciət edəcəkdim ki, vətəndaş hüquqlarım qorunsun. Yazıçı hüquqlarım onsuzda tapdalanır. Ən azından bir vətəndaş kimi mənim sağlamlığım, rahat yaşamağım təmin olunmalıdır. Ya da vətəndaşlıqdan çıxartsınlar mən gedim meşədə yaşayım ( red : gülür)

- Son olanlardan sonra Facebookdan uzaqlaşmağı düşünürsünüzmü?

- Yox düşünmürəm. Çox adam deyirdi ki, sənə təhqir yazan, böhtan atan Facebook boşboğazlarını blok et. Və yaxud lövhəndə yazılan təhqirləri sil. Amma mən düşündüm ki, bu məsələnin həlli yolu deyil. Mən yazılan heç bir şeyi silməmişəm,olduğu kimi saxlamışam. Ən pis söyüş yazan dindarları belə blok etməmişəm. Mən heç onlara dindar da deyə bilmirəm. Hətta mən bəzi dindarlarla yazışma nəticəsində çoxları ilə virtual dostluq yaratdım. Uzaqlaşmaq istəmirəm. Çünki Facebook bir dost cəmiyyətidir mənim üçün. Mən bu cəmiyyəti itirmək istəmirəm. Çünki o insanların içindən münasibət qurduğum insanlar belə tapılır. Facebook olmasaydı heç vaxt biz o adamla üzbəüz gəlməyəcəkdik. Amma Facebook vasitəsi ilə mən öyrənmişəm ki, bizim yaşadığımız cəmiyyətdə çox gözəl insanlar var imiş. Ən azından bu ümidi daxilimdə itirməmək üçün Facebook səhifəmi bağlamaq fikrində deyiləm.

- Son olaraq saytımız AzeriTimes.Az haqqında arzularınızı öyrənmək istərdik...

- Etiraf edim ki, mən saytınızın profilinə bələd deyiləm. Amma danışdıqlarınızdan sonra məndə fikir formalaşdı ən azından. Bir şey arzulayardım ki, insanları yox, fikirləri qarşı-qarşıya qoyun. Elə bir mövqe seçin ki orda insanlar yox, fikirlər, yazılar üz-üzə qalsın. Bax bu cəhət inkişafa gətirib çıxaracaq. Fikirdən fikir, yazıdan yazı doğacaq. Amma insanları qarşı-qarşıya qoysanız, bu hansısa xoşagəlməz bir proses ilə nəticələnəcək. Mən bunu həm sizin sayta və əməkdaşlarına, həm də ümumiyyətlə Azərbaycan mediasına arzulayıram. Qoy Azərbaycanda fikirlər toqquşsun, insanlar kəllə-kəlləyə gəlməsin.

Orxan Cuvarlı

 

 

Xəbər lenti