ATƏT strukturlarından Qarabağ münaqişəsinə fərqli baxış

ATƏT strukturlarından Qarabağ münaqişəsinə fərqli baxış
Avrasiya ölkələri parlament sədrlərinin 3-cü görüşündə növbəti dəfə Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı məsələyə toxunulub. Belə ki, ATƏT Parlament Assambleyasının sədri Georgi Sereteli çıxışı zamanı qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ATƏT və beynəlxalq hüquq prinsiplərinin riayət olunmasına sadiqlik kənara qoyulub.
G.Sereteli davam edən gərginliyin Avrasiya regionunda ölkələr arasında böyük fikir ayrılıqlarına doğru aparmağından təəssüfləndiyini bildirib: "Münaqişələr Avrasiyanın bütün nöqtələrində baş verir, lakin ATƏT və beynəlxalq hüquq prinsiplərinə riayət olunmur. Bu, əvvəlki kimi, potensialımızı tam reallaşdırmağa imkan vermir”.
Qeyd edək ki, ATƏT PA-nın sədri bir neçə dəfə Dağlıq Qarabağ münaqişəsinin Avropa, o cümlədən Cənubi Qafqaz regionunun siyasi və iqtisadi inteqrasiyasına mənfi təsir göstərdiyini diqqətə çatdırıb. O, münaqişənin tezliklə həll olunmasının vacibliyi barədə fikirlərini də bəyan edib. Bəs görəsən ATƏT PA sədrinin fikirləri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinə təsir göstərəcəkmi? 
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı əsas məsələni ATƏT-in Minsk qrupunun həmsədrləri həll edirlər: "Münaqişənin həlli ilə bağlı Parlament Assambleyasının sədrinin bu fikirlərinin heç bir təsir imkanı yoxdur. Təbii ki, Azərbaycanın da nümayəndə heyəti ATƏT PA-da iştirak edir və elə məsələlər var ki, onu dəstəkləyirik, ya da korreksiya edirik. Əslində məsələnin həlli ilə bağlı təsir imkanları çox məhduddur. Yəni, ATƏT çərçivəsində konsensus mövcuddur və ermənilərin "yox” deməyi kifayətdir ki, bütün məsələlər dayansın. Elə ermənilər də bundan istifadə edirlər. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi bir kənarda qalıb, icra olunmur. İndi ATƏT PA sərdrinin sözünə kimsənin ciddi reaksiya verəcəyi inandırıcı görünmür”.
Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov bildirdi ki, ATƏT PA sədri Georgi Seretelinin bir neçə dəfə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatları olub: "O, bu bəyanatlarla göstərmək istəyir ki, münaqişənin həll edilməsində maraqlıdır. Lakin təəssüflər olsun ki, danışıqlar illərdir gedir və ötən dövr ərzində bir dəfə də olsun belə praktikada münaqişənin həll edilməsi ilə bağlı beynəlxalq hüquqa, qanunlara söykənən real təkliflər olmayıb. Yəni, Ermənistan beynəlxalq hüququ pozan ölkədir və işğal etdiyi Dağlıq Qarabağdan və eyni zamanda yeddi ətraf rayondan çıxmalıdır. Bunun bariz nümunəsi BMT Təhlikəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədir ki, həmin sənədlərdə çox açıq şəkildə erməni hərbi birləşmələrinin işğal olunmuş ərazilərdən çıxması ilə bağlı məsələ qeyd olunub. BMT ən ali qurumdur və bu təşkilatın qəbul etdiyi qərarlar və bəyannamələrə əməldə riayət olunmaması beynəlxalq hüququn iflasının göstəcisidir. Çox təəssüflər olsun ki, ATƏT PA rəhbərinin beynəlxalq hüquqa söykənən bu çıxışının əksinə olaraq, bu gün beynəlxalq münasibətlərdə bu hüquqa riayət etmirlər. Hətta Ermənistan kimi kiçik və zəif dövlət belə, beynəlxalq hüququ pozmaqda davam edir. Cənubi Qafqazda bu münaqişə ocağının olması təbii ki, bura yaxın olan region ölkələri, o cümlədən Rusiya üçün də çox böyük risklər yaradır. Rusiyanın düşüncəsinə görə, münaqişənin regionda olması onun həm Ermənistana, həm də Azərbaycana ikitərəfli təsir imkanını artırır və bunu əldən vermək istəmir. Lakin birinci Qarabağ müharibəsi necə ki, SSRİ-ni çökdürmüşdü, indi də Cənubi Qafqazda münaqişə alovlanarsa, bu da Rusiyanın milli təhlükəsizliyinə zərbə endirəcək. Çünki nəzərə almalıyıq ki, Ermənistanda hakimiyyətə qərb yönümlü siyasətçilər gələcək və heç də istisna deyil ki, onlar okeanının o tayından hansısa təlimatları alaraq Cənubi Qafqazda qeyri-sabitliyin bərqərar olmasında maraqlı olacaqlar. Eyni zamanda bu, Avropa üçün də problem ola bilər. Çünki Azərbaycan ilə Avropanı birləşdirən enerji və nəqliyyat layihələri var və onlar risk altına düşə bilər. Yəni, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində danışıqların müharibə mərhələsinə keçməməsi üçün ATƏT-in Minsk qrupu praktikada tərəflərə real təkliflər irəli sürməli və işğalçıya təzyiq göstərməlidir. Azərbaycanın səbri bir yerə qədərdir və torpaqlarımızın geri qaytarılmasını tələb edirik”.
Z.Məmmədov əlavə etdi ki, bu günlərdə münaqişə ilə bağlı beynəlxalq hüquqa riayət olunması haqqında çıxışlar, o cümlədən Almaniya parlamenti tərəfindən işğalçının öz adı ilə adlandırılması, Dağlıq Qarabağ və ətraf rayonların qaytarılması ilə bağlı bəyanatlar Azərbaycanın xeyrinədir: "Xüsusilə, son illər bütün beynəlxalq platformalarda Dağlıq Qarabağın Azərbaycan aid olması ilə bağlı siyasi bəyannamələr, hüquqi qərarlar verilir. Təbii ki, bunlar Azərbaycanın xeyrinə olan məsələlərdir. Lakin bu da faktdır ki, bizim xeyrimizə olan sənədlər və çıxışlar torpağımızı qaytarmır. Bunun da səbəbkarı həmin təşkilatların arxasında olan dövlətlərdir”.
 
Bəxtiyar MƏMMƏDLİ       

Xəbər lenti