"Azərbaycan Avropa üçün çox əhəmiyyətli ölkədir"

"Minsk qrupu formatının mövcudluğu fonunda bu kimi təşəbbüslərin reallaşması hələlik qəlizdir”
 
Sfera.az-a açıqlamasında bu sözləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesinə Avropa İttifaqının da cəlb olunması kimi dəfələrlə səslənən, ancaq bu günə qədər reallaşmayan fikirlərə münasibət bildirərkən Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev deyib.
 
Bununla belə həmsöhbətimizin fikrincə, bu istiqamətdə təkliflərin səslənməsinin özü də mühüm əhəmiyyət kəsb edir:
 
"Azərbaycanın Şttuqartdakı fəxri konsul hesab edir ki, Azərbaycan Aİ üçün vacib tərəfdaşdır. Eyni zamanda Otto Hauzer əlavə edib ki, bu tərəfdaşlıq qarşılıqlı səmərəli olmalıdır. Doğrudan da Azərbaycan Avropa üçün çox əhəmiyyətli ölkədir və bu əhəmiyyət hazırkı geosiyasi reallıqlar şəraitində gündən-günə artır. Həmin tərəfdaşlıq da qarşılıqlı səmərəli o halda olacaq ki, bu əməkdaşlıqda Azərbaycanın əsas probleminin həllinə ayrı-ayrı Avropa dövlətləri, bütövlükdə Aİ-dən dəstək olsun. Fəxri konsulun dediklərində siyasi və iqtisadi aspekt paralel gedir. Xatırlatmaq yerinə düşər, hələ 2014-cü ildə o deyirdi ki, Dağlıq Qarabağ ətrafında münaqişənin həll olunmaması loqistik risqləri artırır. Ona görə də təklif edirdi ki, Almaniya Avropa Komissiyası ilə birlikdə məsələyə daha fəal şəkildə qoşulsun. İki il öncə isə o bildirmişdi ki, ilk növbədə atəşkəs dayandırılmalı, sonra da Ermənistan BMT qətnamələrinə uyğun olaraq Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmalıdır. Xatırladım ki, Almaniya Bundestaqı və Avropa Parlamenti işğala son qoymaq və azərbaycanlı qaçqınların öz yerlərinə qayıtması tələbilə çıxış edib. Aİ 1992, 1993 və 1994-cü illərdə də münaqişə ilə bağlı məlum sənədləri qəbul edib. Aİ-nin danışıqlar prosesinə cəlb edilməsinə gəldikdə, bu kimi təkliflər Azərbaycana yaxın olan digər rəsmilər tərəfindən də ara-sıra gündəmə gətirilir. Lakin aydındır ki, Minsk qrupu formatının mövcudluğu fonunda bu kimi təşəbbüslərin reallaşması hələlik qəliz məsələdir. Amma hər bir halda belə təkliflərin səslənməsi yaxşı əlamətdir. Bu Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətini göstərir. Azərbaycan da bildirib ki, Aİ ilə əməkdaşlıq ölkəmizin, bütövlükdə regionun təhlükəsizliyinə diqqətin ayrılması istiqamətində olarsa, bu daha səmərəli olar. Bunun da yolu birbaşa Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və qəbul olunan sənədlər əsasında həllindən keçir”.
 
Qeyd edək ki, Azərbaycanın Ştutqartdakı fəxri konsulu Otto Hauzer bildirib ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda iştirak etməlidir. Ümumiyyətlə, son illər sözügedən prosesə Aİ-nin cəlb edilməsi məsələsi daha tez-tez gündəmə gətirilir. Xüsusən də bu müstəvidə Fransanın Almaniya ilə əvəzlənməsi məsələsi qabardılır. Bütün bunlar da ATƏT-in Minsk qrupu həmsədrlərinin uzun illər fəaliyyət göstərməsinə rəğmən münaqişənin həlli istiqamətində real addımlar ata bilməməsindən irəli gəlir. Ancaq buna baxmayaraq, hələ də Aİ-nin münaqişənin həlli prosesinə cəlb edilməsi təklifi elə təklif olaraq qalmaqdadır.
 
ELÇİN
Sfera.az



Xəbər lenti