Azərbaycan-İran əlaqələri yeni mərhələdə

Azərbaycan-İran əlaqələri yeni mərhələdə

 

Dostluq və əməkdaşlıq tellərini möhkəmləndirməyə çalışanlar da var, mehriban münasibətlərə kölgə salmaq istəyənlər də

İran-Azərbaycan dostluğu sarsılmazdır, heç bir kənar qüvvə bizim aramıza girə bilməz.
Bizim birliyimiz ölkələrimizin və bölgənin gələcəyi üçün lazımdır.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

İran ilə Azərbaycan dost ölkələrdir və dost ölkə olaraq qalacaqlar. Bu ölkələrin, bu xalqların inkişafı iiçün çalışmışıq və çalışacağıq.

Həsən RUHANİ

İran İslam Respublikasınm Prezidenti

Zaman böyük sürətlə irəliləyir: artıq təqvimlərdə XXI əsrin 15-ci ili sonuna yaxınlaşır - sentyabrın payız qoxulu günləri xəzan vuran yarpaqlar kimi qopub düşməkdədir. Tələsən vaxt elmi-texniki tərəqqi, heyrətamiz kəşflər, müasir texnologiyaların istehsalata tətbiqi, həyatın bütün sahələrində inkişaf və çox təəssüf ki, hərbi potensialın gücləndirilməsi, təcavüzkarlıq meyillərinin artımı, istismar qaydalarında yeniliklərlə müşayiət olunur. Yeni dövr bəşər övladının qarşısında geniş imkanlar açmaqla yanaşı, şüurlarda inqilab, hadisələrə mükəmməl baxış, proseslərlə ayaqlaşmaq bacarığı, mənəvi-əxlaqi dəyərlərə sədaqət də tələb edir. Çünki atılan yanlış addıma görə ana təbiət bizdən daha ağır qisas alır, yol verilən hər hansı kiçik səhvi düzəltmək getdikcə çətinləşir, fəlakətli nəticələr dəhşətli miqyas alır, sonrakı peşmançılıq, üzrxahlıq fayda vermir. Bir sözlə, dünya sülhə, əmin-amanlığa, güzəştə, qarşılıqlı anlaşmaya və əməkdaşlığa heç bir halda indiki qədər möhtac qalmayıb - planeti təhdid edən nüvə təhlükəsi, israfçılıqdan doğan iqtisadi tənəzzül, insanlığı sarsıdan radikal islamçılıq, Avropanın üzləşdiyi miqrant problemi, ölkələri qana çalxayan vətəndaş müharibələri, ətraf mühitdə ekoloji tarazlığın pozulması, baş alıb gedən üzücü epidemiyalar və sair fıkrimizi təsdiqləyən faktlar sırasındadır.

Lakin çıxış yollarının varlığı, xilas imkanlarının hələ tükənməməsi kontekstindən yanaşdıqda, mövcud durum о qədər də kritik sayılmaz və bu istiqamətdə ifrat bədbinliyə aparıb çıxaracaq ümidsizliyin qəti əleyhinəyəm. Ən azı ona görə ki, dünyanın aparıcı dövlətləri və güc mərkəzləri məhz zamanın diqtəsi ilə uzun illər yığılıb konservləşmiş problemlərin həlli, ötən müddətdə yaranmış gərginliklərin yumşaldılmasından ötrü son vaxtlar müəyyən işlər görməyə başlayıblar. Lozannada "Altılıq" ölkələrinin iştirakı ilə İranın nüvə strategiyasına dair razılaşma və sazişin ABŞ Senatında uğurlu müzakirəsi bu qəbildəndir. Məhz Lozanna sammitindən və sənədin ratifıkasiyasından sonra beynəlxalq aləmdə İslam Resbublikasına, onun yürütdüyü siyasətə baxış kiçik istisnalarla kökündən dəyişilib, sanksiyaların mənasızlığını, qərəzli sifarişdən irəli gəldiyini anlayanlar üçün təbii sərvətlərlə zəngin müsəlman ölkəsi ilə iqtisadi əlaqə imkanları yaranıb, Avropa oradakı əhəmiyyətli xammal ehtiyatlarının işlənməsinə can atır.

Azərbaycan-İran münasibətləri isə tamamilə fərqli aspektdən xarakterizə olunmalıdır. Tarixin dərin qatlarından qaynaqlanan bu əlaqələr nə kimlərinsə marağı, arzusu ilə süni şəkildə formalaşıb və möhkəmlənib, nə də sözügedən qadağalarla, maneələrlə məhdudlaşa bilər. Ölkələrimiz və xalqlarımız bir regionu bölüşərək qonşu, dost, qardaş ünsiyyətindən əlavə, şərikli keçmişə, mədəniyyətə, dinə, dilə, adət-ənənələrə, mətbəxə malikdirlər. Yüz illərlə bir məkanda oxşar taleyi yaşayaraq qaynayıb-qarışıblar, qoca Şərqin fundamental məxəzlərindən bəhrələnib, müştərək sənət abidələri yaradıblar. Ötən səhifələri vərəqləsək - Səlcuqlar, Hülakilər, Teymurləng, Qaraqoyunlular, Səfəvilər, Nadir şah, Qacarlar xanədanlarına nəzər salsaq, hakimiyyətə yiyələnmiş ayrı-ayrı şəxslərin İrana və Azərbaycana eyni rakursdan yanaşmalarının, hər iki qütbü öz bayraqları altında birləşdirməyə çalışmalarının şahidi olarıq. XIX yüzilliyin birinci rübündən - bədnam "Gülüstan" və 'Türkmənçay" müqavilələrindən sonra isə İran bizimlə birbaşa deyil, çar Rusiyası vasitəsilə münasibətlər qurdu. Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq qısa yaşam dövründə də ölkələrarası münasibətlər və bunun sənədlərdə əksini tapması unudulmadı. 1920-ci il martın 20-də imzalanmış "Dostluq müqaviləsi" bu istiqamətdə dönüş nöqtəsi sayılmalıdır. Tarixi sənədin birinci maddəsinə əsasən, Azərbaycan Respublikasının istiqlaliyyəti İran tərəfindən rəsmi surətdə tanınmışdır. Müqavilənin 3-cü bəndində isə iki ölkə arasında siyasi əlaqələrin qurulması və səfırlik səviyyəsində diplomatik nümayəndəliyin açılması qeyd olunur. Siyasi cəhətdən ciddi əhəmiyyət kəsb edən razılaşmada, həmçinin kommunikasiya-teleqraf və kommersiya sahəsində müvafiq işlərin görülməsi, eləcə də siyasi-iqtisadi, gömrük, poçt və konsulluq konvensiyalarının müzakirəsi məqsədilə müxtəlif nümayəndə heyətlərinin qarşılıqlı səfərləri nəzərdə tutulurdu.

SSRİ dövründə də müəyyən reallıqlarla hesablaşaraq, güclü nəzarət, izləmə mexanizmi altında zəif şəkildə olsa belə əlaqələrin qorunub saxlanılmasından ötrü müxtəlif tədbirlər görüldü. 1943-cü ildə yaradılmış "Sovet-İran Mədəni Əlaqələr Cəmiyyəti"nin xətti ilə elm və mədəniyyət xadimlərinin qarşılıqlı səfərləri həyata keçirildi. Təsadüfi deyil ki, "qırmızı imperiya" dönəmində Azərbaycan İranşünasları ən savadlı və hazırlıqlı elmi kadrlar sayılırdı. 1968-ci ildən etibarən İranın Bakıda Baş konsulluğunun fəaliyyətə başlaması təmasları xeyli intensivləşdirdi. İqtisadi yaxmlaşmaların ilk qığılcımları da həmin vaxtlarda alışmağa başladı. 1921-ci il 26 fevral SSRİ-İran müqaviləsinə uyğun olaraq, qonşu məmləkətdə neft sənayesinin inkişafına kömək məqsədilə sovet mütəxəssisləri çalışırdılar. 1964-cü ildə tanınmış neft alimlərimiz E.Tağıyev, Z.Cəfərli və başqaları bu sahədə yeni uğurlar qazandılar. Heç iki il keçməmiş Azərbaycan Dəniz Geofızika Kəşfıyyat İdarəsinin mühəndisi Ə.Şəkinskinin rəhbərliyi ilə 58 nəfərlik heyət sahil sularında tədqiqat apararaq Astara, Bəndərşah və başqa ərazilərdə neft yataqları tapdılar. 1992-ci ilin mayında İranın Milli Neft Şirkəti ilə ölkəmizin Xəzər Neft Kəşfıyyatı Tresti arasındakı sazişə əsasən, geofiziklərimiz Gilan və Mazandaran vilayətlərinin dəniz akvatoriyalarında perspektivli neft layları müəyyənləşdirdilər.

Xalqımız ortada lay divarların, keçilməz sədlərin mövcud olduğu zamanlardan İrana, onun özünəməxsus həyat tərzinə və əsrarəngiz palitrasına, burada cərəyan edən proseslərə həmişə tükənməz maraq göstərib, qonşu məntəqədə yerləşən müqəddəs məkanları ziyarət edəcəyi, doğmaları ilə görüşəcəyi günü böyük intizarla gözləyib. Vaxtilə şirin röyaya bənzəyən, ilğım təki əlçatmaz təsiri bağışlayan belə arzuların həqiqətə dönməsini yaşamaq xoşbəxtliyi isə yalnız dövlət müstəqilliyinə qovuşmağımızla mümkünləşdi. Ancaq suverenliyimizin ilk illərində AXC hakimiyyətinin verdiyi primitiv bəyanatlar, Təbrizə, Dərbəndə, hətta Çin səddinə "bayraqsancma kampaniyası" yenidən suların bulanması ilə nəticələndi, qonşuların narazılığına, respublikamızın beynəlxalq aləmdən təcridinə gətirib çıxardı. Yalnız 1993-cü ildən etibarən ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliyi, yeritdiyi tarazlaşdırılmış xarici siyasət kursu sayəsində Azərbaycan-İran müstəvisində dolğun səhifələr açıldı, gərəkli layihələr həyata vəsiqə aldı. О deyirdi: "Azərbaycan Respublikası İran İslam Respublikasının dostu və qardaşıdır, bizim münasibətlərimiz əbədidir. Dünyanın heç yerində belə yaxın əlaqələrə və müştərək tarixə malik ölkələr yoxdur". Ulu öndər fəaliyyətinin Naxçıvan dövründə (1990-1993-cü illər) də İran rəhbərliyi ilə sıx əlaqələr yaratmış, Ermənistanın blokadada saxladığı Muxtar Respublikanın ehtiyaclarının təmini məqsədilə Tehrana səfər edərək ölkə rəhbərliyi ilə müvafıq müzakirələr aparmışdır. Naxçıvan MR Аli Məclisinin sədri kimi 1992-ci ilin avqustunda İrana səfəri zamanı Аli rəhbər Seyid Əli Xamneyi, Prezident Haşimi Rəfsəncani, xarici işlər naziri Əli Əkbər Vilayəti ilə görüşləri olmuşdur. Mərhum Prezidentin qardaş diyara hələ 2002-ci ildə gerçəkləşən səfəri çərçivəsində müxtəlif sahələr üzrə 11 saziş və memorandum imzalandı ki, tərəflər tədricən bunun lazımi bəhrəsini görmüşlər.

Qarşılıqlı hörmət, səmimi işbirliyi, mehriban ünsiyyət şəraitində təməli qoyulan əlaqələr Heydər Əliyev idarəçilik məktəbinin layiqli davamçısı, indiki Prezident İlham Əliyev tərəfındən də peşəkarcasına təkmilləşdirildi və yeni keyfıyyət mərhələsinə daxil olaraq xarici siyasət kursunun əsas prioritetlərinə çevrildi. Dövlət başçımızın 2005-ci il yanvarm 24-26-da İslam Respublikasına rəsmi səfəri zamanı imzalanan 9 saziş və digər müqavilələr isə iki ölkə diplomatiyasının qazandığı ən möhtəşəm uğurlardandır. Belə dayanıqlı inam və etibarın nəticəsidir ki, Lozanna danışıqlarına qədər qardaş müsəlman məmləkəti ətrafında mühasirə halqası daralanda, dincməramlı nüvə strategiyasına beynəlxalq qısqanclıqlar, hücum təhdidləri özünü büruzə verəndə İlham Əliyev cəsarətli addım ataraq qətiyyətli mövqe sərgilədi: İranın bütün sahələr üzrə inkişafına sevindiyini gizlətmədi, ərazilərimizdən başqalarına qarşı poliqon şəklində istifadənin əleyhinə çıxdı...

Dövlətlərimizin əsasən taleyüklü məsələlərdə ümumi həmrəyliyi və bir-birinə dəstəyi İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq, regional qurumlar səviyyəsində də müvəffəqiyyətlə davam etməkdədir. Bu məqamda İİR-in Azərbaycan Respublikasının dövlət müstəqilliyini rəsmən tanımış birincilərdən olması, BMT tribunalarından ərazi bütövlüyümüzü dəstəkləməsi, erməni daşnaklarının torpaqlarımıza təcavüzünü pisləməsi və işğala məruz qoyduqları məntəqələri təcili boşaltmaları tələbini irəli sürməsi faktlarını xatırlamaq yerinə düşər. Təsadüfı deyildir ki, İslam Əməkdaşlıq Təşkilatının məhz İran Prezidenti Məhəmməd Xatəminin sədrlik etdiyi Tehran konfransında Ermənistanın Azərbaycana təcavüzünü açıq ittiham edən qətnamə qəbul olundu. 2004-cü ilin avqustunda Məhəmməd Xatəmi Azərbaycana səfərə gələrkən bir daha Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanı müdafiə etdiklərini bildirən bəyanat verdi.

2014-cü il ölkələrimizin ictimai-siyasi həyatmda xüsusən uğurlu illərdən sayıla bilər. Ötən ilin aprelində cənab İlham Əliyevin Tehrana, noyabrında isə İranın yeni seçilmiş Prezidenti Həsən Ruhaninin Bakıya reallaşan səfərləri kontekstində çoxsaylı qlobal məqamlar çözülmüş, siyasi, iqtisadi, mədəni, humanitar sahələrə aid sazişlər bağlanmışdır. Bu görüşlərin gözəl nəticələrini vurğulayan respublikamızın rəhbəri əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdırmışdır: "Bizim əlaqələrimizin çox gözəl tarixi və gələcəyi var. Çünki təməlində xalqlarımızın dostluğu, qardaşlığı dayanır. Əsrlər boyu bizim xalqlarımız bir-biri ilə sıx əlaqədə olmuşlar, bir yerdə yaşamış, yaratmışlar. Bu, möhkəm təməldir. Bu təməl üzərində ikitərəfli dövlətlərarası əlaqələr qurulur. Son aylar ərzində bu əlaqələr yeni pilləyə qalxmışdır".

Həsən Ruhani ölkəmizə rəsmi səfərindən məmnunluğunu ifadə etmiş, xalqlarımıza obrazlı qiymət vermişdir: "Əgər desək ki, Azərbaycan və İran xalqları bir bədəndə bir ruhdur, səhv etmərik. Bu insanların yaşayışının əsas mühüm hissələrindən biri mədəniyyətdirsə, iki ölkə, iki xalq birdir, həm məzhəbi, həm dini eynidir, müştərək tarixi keçmişə malikdirlər və bir-birini çox yaxşı başa düşürlər. Həm yaşayış tərzimizdə, həm davranışımızda olan müştərəklik əlaqələrimizin, iki millətin əlaqələrinin inkişafına imkan yaradır və bundan istifadə etməliyik. Heç şübhəsiz ki, ölkələrimizin və xalqlarımızın yaxınlaşması, münasibətlərimizin yaxşılaşması hər hansı üçüncü ölkənin əleyhinə deyil. Biz əlaqələrimizi inkişaf etdirməklə öz mənafeyimizə, öz sabitliyimizə, təhlükəsizliyimizə, daha sürətli tərəqqimizə çalışırıq. Ölkələrin inkişafı bir-birinin iqtisadi irəliləyişinə öz töhfəsini verəcək".

Sentyabrın ilk həftəsində müstəqillik tarixində ilk dəfə tanınmış ilahiyyat alimi, təqlid mərcəi, mübariz müctəhid Şeyx Hüseyn Nuri Həmədaninin respublikamıza təşrifi və haqq işimizi dəstəkləməsi də dindarlarımızın bayramına çevrildi. Ayətullah əl-Üzma vətəninə qayıtdıqdan sonra qarşılanıb yola salınması və keçirdiyi görüşlərdən razılıq dolu təşəkkür məktubu göndərməyi də özünə borc bilmişdi.

Sadalanan çoxsaylı faktlardan, gətirilən tutarlı arqumentlərdən də göründüyü kimi, Azərbaycan-İran münasibətləri yüksələn xətlə davam etməkdədir, daim inkişafdadır. Lakin çox təəssüflər ki, həmişə adıçəkilən mövzuda danışanda söhbəti tamamilə nikbin notlar üzərinə kökləmək mümkün olmur. Daha dəqiq, ünsiyyəti istiləşdirməyə, ürək qızdırmağa, səmimiyyəti artırmağa maneçilik törədən xırda səbəblər, təxribatçı şəxslər, primitiv olaylar ortaya çıxır. Belə ki, uzun illərdir qardaş məmləkətdə yaşayan 35 milyon soydaşımız ana dilində təhsil almaq hüququndan məhrumdurlar. İİR-in "Səhər" adlı beynəlxalq televiziya şəbəkəsi mütəmadi şəkildə ölkəmizin daxili işlərinə müdaxilədən çəkinmir, burada dinc, mehriban şəraitdə yaşayıb çalışan azsaylı xalqların və etnik qrupların hüquqlarının guya pozulması barədə silsilə verilişlər hazırlayıb efirə verir. Paytaxtımızda, bölgələrdə İran xüsusi xidmət orqanlarından tapşırıq alaraq vurnuxmaları sübuta yetirilmiş onlarla fərd və qrup haqqında hüquqi tədbirlər görülüb və sair. Deməli, xoşagəlməz məqamlar və qarşılıqlı anlaşmaya ziyan vuracaq nüanslarla dolu bu siyahını kifayət qədər uzatmaq mümkündür. Amma bütün bu və digər neqativ hallarla bərabər, hazırda hamıya Mədəniyyət Mərkəzi kimi tanınan qurumun fəaliyyəti də ciddi narahatlıq doğurur ki, üzərində qısaca dayanmağa ehtiyac var. Yəqin, dəyərli oxucuların və ümumiyyətlə əhalinin hamısına məlum deyil ki, arada-bərədə özünü İİR-in Azərbaycan Respublikasındakı səfırliyinin Mədəniyyət Mərkəzi kimi təqdim edən həmin təsisatın mövcudluğu əslində qeyri-qanunidir, yəni Azərbaycanın Xarici İşlər Nazirliyində İran diplomatik korpusu tərkibində belə şöbə sadəcə qeydiyyatdan keçməyib. Daha acınacaqlısı isə qanunsuz bir təşkilatın öz nəzdində Şəhriyar Mədəniyyət Evi yaradaraq Xətai rayonunda icarəyə götürdüyü ərazidə tikdiyi binada kütləvi tədbirlər, xarici dil və Quran kursları təşkil etməsidir. Hörmətli dostlarımızın yadına salmaq istərdik ki, Tehrandakı səfirliyimiz daxilində oxşar qurumun təşkili barədə XİN-in neçə illər öncəki müraciətinə rəsmi Tehran tərəfindən hələ də müsbət cavab verilməyib. Etibarlı mənbədən alınmış məlumatlara əsasən, "Azərbaycan Respublikası Höküməti və İran İslam Respublikası Höküməti arasında mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında" Sazişin hazırlanaraq İran tərəfınə təqdim olunmasına baxmayaraq, İran tərəfı ötən müddət ərzində müxtəlif bəhanələrlə Sazişin qüvvəyə minməsindən boyun qaçırmışdır.

Mədəniyyət Mərkəzinin ölkələrimizin sıx və möhkəm bağlarla bağlanmasına gətirdiyi xələl bir-iki məsələ ilə yekunlaşmır. Lap əvvəllərdən bu yuvanın Qum elmi hövzəsində təhsil almaq üçün qeyri-leqal tələbə toplaması və təcrübəsiz gəncləri qaçaq yolla sərhəddən adlatmasına dair dəlil-sübutlar toplanıb. Kitab dükanlarımızda dəfələrlə onların xeyir-duası və maliyyə dəstəyi ilə çap edilən, müxtəlif səmavi dinlərin daşıyıcılarını bir-birinin üzərinə qaldırmaqla ölkədəki tolerantlığı təhlükəyə salacaq müəllif və tərcümə kitabları müsadirə olunub. Belə nəşrlər məzhəblərarası narazılıqların baş qaldırması, inanclı kəsimin düşüncəsində etimadsızlığın formalaşması yönümündə zərərli vərdişlər aşılayır.

Məhz bu cür ziyanlı əməlləri gündəlik peşələrinə çevirənlər dini-mənəvi-əxlaqi dəyərlərə böyük önəm sərgilənən, ata-babalarımızın, müsəlman xalqının ən çətin anlarda da ibadətlərindən uzaq düşmədikləri Azərbaycanımızı yaxın keçmişdə ateist sovet rejimindən qurtulması səbəbindən guya adi şəriət qaydalarından uzaq bir məkan, dövlətimizi isə yürütdüyü Qərbə inteqrasiya siyasəti bəhanəsi ilə özlərini əzabkeş İslam keşikçiləri libasında qələmə verərək hökumətlərindən külli miqdarda pul qoparmaqla məşğuldurlar.

Belə fitnəkarlara Azərbaycan və İran liderlərinin rəhbər tutduğu çox mühüm bir hüquqi aktı xatırlatmaq olduqca vacibdir: müstəqil dövlətimizin memarı Heydər Əliyevin 2002-ci ilin mayında Tehrana səfəri zamanı imzalanmış "Dostluq və əməkdaşlıq əlaqələrinin prinsiplərinə dair" Sazişin 5-ci maddəsində bildirilir ki, iki ölkə bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, siyasi müstəqilliyinə qarşı yönəlmiş müxtəlif hərəkət və təzyiqlərdən çəkinəcək, öz ərazilərində fəaliyyət göstərən hər hansı təşkilatlar, qruplar, dəstələr və şəxslər vasitəsilə bir-birinin əleyhinə hərəkət edilməsinə imkan verməyəcəklər.

Nəhayət ki, Həsən Ruhaninin Azərbaycan Respublikasına səfərindən sonra Mədəniyyət Mərkəzi ilə bağlı problemlərin aradan qaldırılması gözlənilir. Belə ki, 09.09.2015-ci il tarixdə Mədəniyyət Mərkəzinin inzibati binasının üzərində asılmış İran bayrağı endirilmiş, nümayəndəliyin rəhbərliyi məsləhətləşmələr üçün İrana dəvət olunmuşdur. Baş verən proseslər nəticəsində ümid edirik ki, Mədəniyyət Mərkəzi qeyri-qanuni fəaliyyətinə son qoyacaq, gələcək fəaliyyətini AR qanunları çərçivəsində davam etdirəcək və bir daha İran-Azərbaycan münasibətlərinə xələl gətirməyəcəkdir.

Təhlil xüsusi olaraq Trend üçün hazırlanıb

Xəbər lenti