Azərbaycan şirkəti BƏƏ-də balıq formasında nəhəng bina tikə bilər

Azərbaycan şirkəti BƏƏ-də balıq formasında nəhəng bina tikə bilər
Azərbaycanın "Karvan-L" şirkətlər qrupu Birləşmiş Ərəb Əmirliklərinin əl-Füceyrə əmirliyində möhtəşəm "Fish Centre" layihəsi reallaşdırmaq niyyətindədir.

Bu barədə Trend-ə şirkətlər qrupunun prezidenti Əbülfəz Qafarov deyib.

Onun sözlərinə görə, söhbət əmirliyin paytaxtında balıq formasında nəhəng binanın tikintisindən gedir: "Binanın nəzərdə tutulan uzunluğu 100, eni və hündürlüyü isə 20 metr olacaq. 3 mərtəbəli tikilidə balıq restoranları, mağazaları və digərləri olacaq. Bina bilavasitə körfəzdə inşa olunacaq".

Ə.Qafarov bildirib ki, layihənin həyata keçirilməsinin təfərrüatlarını müzakirə etmək üçün ötən həftə Bakıya əmirliyin bələdiyyə sədri Məhəmməd Saif Al Əfkam gəlmişdi. Tərəflər ilkin razılığa gəlməyə müvəffəq olublar:

"Danışıqlar uğurla keçdi və ərəb tərəfi ciddi şəkildə layihəmizlə maraqlandı. Biz belə bir fikrə gəldik ki, həmin bina əmirliyin paytaxtının yeni rəmzi ola bilər. Qeyd etmək istərdim ki, layihənin uğurla icrası həm bizim şirkətlər qrupunun, həm də ümumilikdə Azərbaycanın xaricdə təbliğinə kömək edəcək".

"Karvan-L"in rəhbəri vurğulayıb ki, şirkətlər qrupu həmin layihəni digər ölkələrdə də həyata keçirməyi planlaşdırır: "Hazırda Səudiyyə Ərəbistanı, ABŞ, Qazaxıstan, Belarus və Nigeriyadan olan maraqlı tərəflərlə danışıqlar aparılır".

Xəbər lenti