Bakı Limanında yükdaşımanın həcmi ötən il 31% artıb

Bakı Limanında yükdaşımanın həcmi ötən il 31% artıb

Bakı. 15 yanvar. / Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə 2017-ci ildə daşınan yüklərin həcmi 4,4 mln. ton təşkil edib. 

Bu barədə “Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.

Ümumi yükdaşımanın (neft terminalı xaric) həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 31% artıb və yük mübadiləsinin 85,7%-i tranzit yükdaşımaların payına düşüb.

Məlumata görə, ötən il nəzərə çarpacaq artım dəmir yolu və sərnişin daşınmasında, həmçinin təkərli texnikanın, xüsusən də irihəcmli nəqliyyat vasitələrinin (TIR) aşırılmasında qeydə alınıb. Belə ki, Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanının bərə terminalında vaqon aşırılması 26,4% artaraq 46 679 ədədə çatıb. Vaqonların 19 493-ü (41,8%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 6 124 vaqon (13,1%) Bakı-Aktau-Bakı istiqamətində, 21 062 vaqon (45,1%) isə 2017-ci ilin mart ayında istifadəyə verilmiş Kurık Limanı (Bakı-Kurık-Bakı) istiqamətində hərəkət edib. Hər iki istiqamətdə (Türkmənistan və Qazaxıstan) keçən sərnişindaşıma isə 41,4% artaraq 33 129 nəfər təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanının xidmətlərindən istifadə edən nəqliyyat vasitələrinin sayı 21,4% artaraq 28 584 ədəd olub. Bunlardan 18 840 ədədi (65,9%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 9 716 ədədi (34%) Bakı-Aktau-Bakı istiqamətində, 28 ədədi (0,1%) isə Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib.

Konteyner aşırılmasına gəldikdə isə 2017-ci ildə bu say 20 futluq konteyner (TEU) ekvivalentində 15 337 ədəd təşkil edib. Bunlardan 8 447 TEU (55%) Qazaxıstan limanları, 6 890 TEU (45%) isə Türkmənbaşı limanının payına düşüb. Ümumi yükaşırmada 67,8% və ya 10 397 TEU yeni Bakı Limanının bərə terminalı, 32,2% və ya 4 940 TEU isə Bakı şəhərinin mərkəzində yerləşən əsas yük terminalı vasitəsi ilə daşınıb.

Əsas yük terminalında aşırılan bütün yüklərin həcmi 2017-ci ildə əvvəlki il ilə müqayisədə 44,6% artaraq 607,7 min ton olub. Bu yüklərin böyük hissəsi tranzit konteynerləri və digər quru yüklərin payına düşüb.

Qeyd edəki ki, 2018-ci il yanvarın 9-da Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanının "Ro-Ro" terminalının rəsmi açılışı keçirilib. Terminal 2 körpüdən ibarət olmaqla ildə 60 min TIR və ya 1,8 mln. ton yük qəbul etmək imkanına malikdir. Yeni Bakı Limanının inşasının ikinci fazasının bitməsi ilə yükaşırma potensialı 25 mln. ton yük, o cümlədən 500 min TEU olacaq.

float: left; width: 100%;">

Xəbər lenti