Bakıda Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclası keçirilib

Bakıda Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclası keçirilib
Bu© Report/ Elshan Baba

İlk xəbər saat 12:24-də verilib

Bakı. 7 dekabr. / Azərbaycan və Qazaxıstan Ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının XIV iclasında iştirak etmək məqsədi ilə Qazaxıstanın energetika naziri Kanat Bozumbayevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.

"Report" xəbər verir ki, iki ölkənin energetika nazirlərinin ikitərəfli görüşündən sonra Pərviz Şahbazov və Kanat Bozumbayevin həmsədrliyi ilə Hökumətlərarası Komissiyanın iclası keçirilib. 

İclasda çıxış edən energetika naziri, Komissiyanın həmsədri P.Şahbazov Azərbaycanla Qazaxıstanı etnik-tarixi köklərlə yanaşı, geostrateji mövqe, zəngin enerji resursları, Şərq-Qərb, Şimal-Cənub enerji və kommunikasiya dəhlizlərinin üzərində yerləşməsi kimi mühüm məqamların yaxınlaşdırdığını qeyd edib. Bildirib ki, hər iki ölkə enerji daşıyıcılarının hasilatı və dünya bazarına çıxarılması kimi məsələlərdə oxşar mövqedən çıxış edir. P.Şahbazov iki ölkə arasındakı münasibətlərin müttəfiqlik və strateji tərəfdaşlıq əsasında yüksələn xətt üzrə inkişaf etdiyini deyib. Bununla yanaşı bildirilib ki, qarşılıqlı rəsmi səfərlər və keçirilən görüşlər, çoxsaylı dövlətlərarası və hökumətlərarası sazişlər, ölkələr arasında fəaliyyət göstərən hökumətlərarası komissiya bu əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır. 

P.Şahbazov Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin bu ilin aprel ayında Azərbaycana səfəri zamanı hər iki ölkənin dövlət rəhbərləri tərəfindən Hökumətlərarası Komissiyaya Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsinin artırılması, hər iki ölkənin idxal-ixrac imkanlarından istifadə məqsədilə mühüm tapşırıqlar verildiyini xatırladıb və əlavə edib ki, bu müddət ərzində 2018-2020-ci illərdə ikitərəfli əməkdaşlığın inkişafını təmin edəcək tədbirlər kompleksini əhatə edən Strateji Yol Xəritəsi hazırlanıb. ”Hesab edirəm ki, sənəddə nəzərdə tutulan təbirlərin həyata keçirilməsi üçün bütün imkanlar var və bugünkü iclasımız ticarət-iqtisadi, nəqliyyat, yanacaq-energetika, kənd təsərrüfatı, elmi-texniki və mədəniyyət-humanitar sahələrdə qarşılıqlı münasibətlərin genişləndirilməsinə böyük töhfə verəcək,” - nazir əlavə edib.

Qazaxıstanın energetika naziri, Hökumətlərarası Komissiyanın həmsədri K.Bozumbayev isə iki ölkə arasındakı münasibətlərin hazırkı səviyyəsini yüksək qiymətləndirərək, bugünkü iclasın bir çox sahələrdə, xüsusilə də energetika, kənd təsərrüfatı və sənayenin inkişafına təkan verəcəyini bildirib. O, hazırlanmış Strateji Yol Xəritəsinin hədəflərə çatmaqda, Azərbaycanla Qazaxıstanın potensialını gerçəkləşdirməyə kömək edəcəyini diqqətə çatdırıb.

Sonra Hökumətlərarası Komissiyanın 2016-ci il sentyabrın 22-də Astanada keçirilmiş XIII iclasının Protokolunda qeyd olunan müvafiq sahələr üzrə görülmüş işlər müzakirə edilib. Ticarət-iqtisadiyyat sahəsində əlaqələrin hazırkı vəziyyəti nəzərdən keçirilib. Qeyd olunub ki, bu ilin 9 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 3,7% artaraq 102,5 mln ABŞ dolları olub. Azərbaycandan Qazaxıstana ixrac 7,3% artaraq 21,8 mln. dollara, idxal isə 2,7% yüksələrək 80,7 mln. dollara çatıb.

İki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri kimi enerji sektoruna da diqqət yetirilib. Azərbaycanla Qazaxıstanın enerji əməkdaşlığının Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin nümunəsində uzun bir yol qət etdiyi vurğulanıb. Qazaxıstanın neft və neft məhsullarının Xəzər regionundan dünya və Avropa bazarlarına çıxarılma marşrutlarının şaxələndirilməsi istiqamətində əməkdaşlığı genişləndirmək, enerji layihələrini birgə həyata keçirmək perspektivləri, eləcə də mayeləşdirilmiş qazın daşınması ilə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, yanacaq-energetika sahəsində əməkdaşlıqda karbohidrogen ehtiyatlarının Azərbaycan ərazisindən Batumi və Kulevi neft terminallarına nəqli əsas yer tutur. 2016-cı ildə “SOCAR Trading” şirkəti vasitəsilə 835,1 min ton, bu ilin 10 ayı ərzində isə 3 500 ton Qazaxıstan nefti nəql olunub. 

İclasda həmçinin nəqliyyat sahəsində əməkdaşlıq məsələsinə də geniş toxunulub. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, yaxın vaxtlarda istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti, eləcə də Qazaxıstanda həyata keçirilən dəmir yolu layihələri və limanların genişləndirilməsi istiqamətində görülən işlərin nəqliyyat sahəsində əlaqələrin güclənməsinə təkan verməklə, hər iki ölkənin beynəlxalq nəqliyyat dəhlizi kimi əhəmiyyətini artıracağı ilə bağlı fikirlər səsləndirilib.

Bundan başqa kənd təsərrüfatı, əmək, məşğulluq və sosial müdafiə, mədəniyyət və turizm, təhsil və ətraf mühitin mühafizəsi, ikitərəfli sərgi və biznes-forumların təşkili, müqavilə-hüquqi bazanın inkişafı, gənclər siyasəti və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Sonda iclasın yekunlarına dair protokol imzalanıb. Sənədi hökumətlərarası komissiyanın həmsədrləri - Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın energetika naziri Kanat Bozumbayev imzalayıblar.

float: left; width: 100%;">

Xəbər lenti