“Bişirdiyiniz çörək bir kündə az olsun, amma...”

“Bişirdiyiniz çörək bir kündə az olsun, amma...”
Məktəb uşaqların həyatında yeni mərhələdir. Bu mərhələdən sonra heç nə əvvəlki kimi olmur. Oyuncaqlara, ətrafdakılara, valideynlərə, ümumiyyətlə həyata baxış dəyişir. İbtidai sinfi bitirdikdən sonra isə uşaqlar yavaş-yavaş böyüdüklərini anlayırlar. Bu onların hərəkətlərinin, davranışlarının üzərinə bir növ ağırlıq gətirir. Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu əvəzsizdir.
Bəs məktəb illərində, xüsusilə birinci sinifdə uşaqların hansı psixoloji problemləri olur? Bu mövzu ilə bağlı 20 nömrəli məktəbin psixoloqu Aytən Ağayeva ilə söhbətləşirik.

- Aytən xanım, azərbaycanlı şagirdlərin problemləri daha çox nə ilə bağlı olur? Sizin müşahidə etdiyiniz problemlər nələrdir?
- Yeniyetmələrimiz özlərini kəşf etmək, tanımaq və idarə etməklə bağlı müəyyən suallar verirlər. Bütün problemlərində psixoloqun qapısını döyürlər. Buna çox sevinirəm. Məktəb dövrü insanın ən dinamik inkişaf dövrüdür. Bu illərdə şagirdlərin psixoloji vəziyyəti gərgin olur. Daha çox yuxarı siniflərin şagirdlərinin həmyaşıdlarıyla bağlı, eləcə də ailəvi, texniki sferaya aid problemləri olur. Xüsusilə 11-ci siniflərdə stress özünü büruzə verir. Bu, bizim qəbul prosesinin mürəkkəbliyi və valideyn təzyiqi ilə bağlıdır. Birinci sinif şagirdlərinin isə tədrisə yönəlməsi müəyyən qədər çətinlik törədir. Bu çətinlik həll edilmədikdə, uşaqların məktəb sevgisi azalır.
 

- Siz həm də birinci sinif şagirdlərinin məktəbə adaptasiyasi ilə bağlı layihə icra edirsiniz. Layihənin məqsədi nədir?
- Təhsil Nazirliyi ikinci dəfə "təhsildə inkişaf və innovasiyalar” üzrə müsabiqə elan etmişdi. Psixoloq yoldaşımla bu layihədə iştirak etdim və qalib olduq. Layihəni yazmaq səbəbim də məhz məktəbdə qarşılaşdığım problemlərlə bağlı idi. Mən işə başlayanda, artıq birinci sinfin ortaları idi. Yəni təhsil ilinin sonuna doğru gedirdik. İlk növbədə birinci siniflərdə müşahidə apardım. Müşahidələrim təəssüflər olsun ki, heç də ürəkaçan deyildi. Yanvar-fevral ayı olmasına baxmayaraq, uşaqlarda məktəbə hazırlıq səviyyəsi psixoloji baxımdan olduqca pis idi. Uşaqların aktiv dillənmə, motorik bacarıqları, iradi diqqət və xüsusilə də yerində oturmaq qabiliyyəti yox idi. Uşaqlar dərsdə otura bilmirdilər, diqqət olduqca zəif və məntiqi təfəkkürün inkişafı bir çox uşaqlarda sual doğururdu. Layihənin məqsədi məktəbə gələn uşaqların psixoloji hazırlıq səviyyəsini ölçməkdir. Məktəbə hazırlıq dedikdə əksər valideynlər düşünürlər ki, əgər mənim övladım 10-a qədər saya, maraqlı suallara cavab verə bilirsə, artıq məktəbə hazırdır. Bu heç də belə deyil. Məktəbə hazırlıq 3 amildən ibarətdir. Bunlar məntiqi təfəkkür, psixoloji və emosional hazırlıqdır. Həmin bu 3 komponenti diqqətə aldıq və düşündük ki, test yaradaq və bu test vasitəsilə uşaqların birinci sinfə hazırlığını qiymətləndirək. 321 şagird bu testdən keçdi. Təəssüflər olsun ki, 321 şagirddən 51 şagirdin hazırlıq səviyyəsi heç də məktəbə uyğun olacaq dərəcədə deyildi. Həmin uşaqları test vasitəsilə aşkarladıq. Bu bizim qrant layihəmizin birinci etapı idi. İkinci etap isə, aşkar etdiyimiz şagirdlər üçün pulsuz şəkildə, dərsdən kənar xüsusi psixoloji hazırlıq keçilməsidir. Onların kreativ, emosional və sosial bacarıqlarının inkişafı ilə xüsusi təhsil almış psixoloq məşğul olacaq. İki ay intensiv məşğələdən sonra biz həmin uşaqları yenidən testdən keçirəcəyik və artıq iki nəticəni müqayisə edə biləcəyik. Beləliklə, ümid edirik ki, bu məşğələlərdən sonra uşaqların bilik və bacarıqları çox yüksək olacaq. Onların məktəbdə əldə etdiyi nailiyyətlər daha keyfiyyətli, bilikləri daha dərin olacaq.
 

- Valideynlərin uşaqlarla bağlı etdiyi səhv nədir ki, bu, uşaqların məktəbə hazırlıq prosesində özünü büruzə verir?
- Əsas səbəb genetik problemlərlə bağlıdır. Hamiləlik və doğuş zamanı yaranan problemlərin nəticəsində əmələ gələn mənfi hallar da burada xüsusi rol oynayır. Nevroloqlar və pediatrlar çox hallarda bununla rastlaşırlar və müəyyən məsləhətlər görürlər. Lakin təəssüflər olsun ki, valideynlər çox zaman "keçər, uşaqdır, bacaracaq, öyrənəcək” kimi fikirlərlə məsələyə qeyri-ciddi yanaşırlar.

İkinci böyük səbəb isə texnologiyanın inkişafıdır. Təəssüflər olsun ki, uşaqlarımızın gündəlik həyatını telefonlar, planşetlər, televizor, kompyuter zəbt edib. Hətta valideyn belə, ev işləri görən zaman uşağı sakitləşdirmək üçün "planşeti götür, yarım saat səsin çıxmasın” deyir, texnikaya aludə edirlər. Nəticədə uşaq əyləşir, səsi çıxmır. Bu zaman isə inkişaf getmir. Bundan əlavə, valideynlər düşünürlər ki, uşaqları hansısa bağçaya gedirsə və valideyn ora külli miqdarda pul ödəyirsə, demək onun uşağının inkişafı ilə elə bağçada məşğul olmalıdırlar. Bütün məsuliyyəti tərbiyəçinin, müəllimin üstünə atırlar. Nəzərə almaq lazımdır ki, tərbiyəçi və müəllim qrup şəklində işləyir. Valideynin uşağa verə biləcəyi ilə müəllimənin verə biləcəyini bir tutmaq olmaz. Çünki valideyndən daha gözəl uşağını tanıyan, bələd olan insan yoxdur. Bütün valideynlərə məsləhət görərdim ki, məktəb yaşına çatmamış uşaqlar, həmçinin də ibtidai siniflərdə oxuyan uşaqlar gün ərzində planşet, televizor və digər cihazlardan maksimum 30 dəqiqə istifadə etsinlər. Onların əvəzinə yaranan boşluğu isə daha faydalı fəaliyyətlə doldurmaq lazımdır. Burda məsələ sırf valideynin fantaziyası ilə bağlıdır. Hətta ev işləri görə-görə də uşağımızın inkişafına təkan verə bilərik. Məsələn, xəmir yeməkləri bişirərkən həmin xəmirdən övladınıza bir tikə versəniz o, sizin etdiyiniz fəaliyyətin əksini etsə belə, ona müsbət təsir edəcək. Uşaq barmaqlarını inkişaf etdirəcək. Eybi yoxdur, bişirdiyiniz çörək bir kündə az olsun, lakin uşağınıza verə biləcəyiniz müsbət təkan inkişaf üçün daha yaxşıdır.
 

- Bəs uşaqlarda aqressiyanın səbəbləri nələrdir?
- Aqresiya ilə mübarizə metodları olduqca çətin və uzun prosesdir. İlk olaraq, biz aqressiyanın mənbəyini bilməliyik. Psixoloqlar hazırda 3 mənbəni qeyd edirlər. İlk növbədə bu, ailədir. Çox zaman valideynlər aqressiv davranış nümayiş etdirirlər. Uşaq da belə davranışı mənimsəyir. İkinci mənbə isə uşağın həmyaşıdlarıdır. Uşaqlar arasında aqressiv davranış "mən güclüyəm” işarəsidir. Əgər güclüyəmsə, mənə hər şey olar. Buna görə də bəzi uşaqlar öz güclərini göstərmək, özlərini isbat etmək üçün aqressiv davranış nümayiş etdirirlər. Lakin elmi araşdırmalar göstərir ki, əksər aqressiv davranış göstərən uşaqların özgüvəni olduqca aşağıdır. Üçüncü və olduqca çox vacib amil mənfi obrazlardır. Uşaqlarımız yalnız bizlərdən deyil, həmçinin mənfi obrazlardan da aqressiv davranış götürə bilərlər. Xüsusilə televizorda onların baxdığı, maraqlandığı kino, oynadığı oyunlara diqqət etmək lazımdır. Aqressiv davranış göstərən uşaqlar çox həssas olurlar. Heç zaman aqressiyaya aqressiyayla cavab verməyin.
 


- Uşaqların hansı yaş həddi psixoloji baxımdan daha təhlükəli hesab olunur?
- Təhlükəli yaş dövrü 11 yaşdan başlayır. Ümumiyyətlə, məktəb illəri təhlükəli yaş dövrüdür. Uşaqlar dinamik inkişafda olduğu üçün həmin dövrdə daha çox təhlükə ilə qarşılaşırlar. 11-12 yaşında başlayan cinsi inkişafla bağlı özünü büruzə verən krizislər olur. Orqanizm dəyişir və bu da bəzən onları depressiyaya salır. Təsəvvür edin, bədən dəyişir, daxili dünyamız yerində qalır. Bu zaman dəyişən bədənlə beyində təzad yaranır. Bu dövrdə uşaqlara qarşı həssas və diqqətli olmaq lazımdır. 3-cü təhlükəli yaş dövrü isə, qəbul imtahanı dövrü olduğu üçün 16-17 yaş dövrüdür. Bu yaşda da uşaqlarla ünsiyyətdə olmaq, onları dinləmək, dəstək olmaq lazımdır. 

Aygün ƏZİZ

Xəbər lenti