Cari ildə Azərbaycan-Ermənistan cəbhəsində nələr baş verə bilər?

Cari ildə Azərbaycan-Ermənistan cəbhəsində nələr baş verə bilər?
"Ermənistandan gələn bu tip açıqlamaları ciddiyə almamalıyıq”.
 
Sfera.az-a açıqlamasında bu sözləri Ermənistandan olan hərbi ekspert Van Ambarsumyanın cari ilin yaz və yayında Azərbaycanın torpaqları azad etmək üçün hərbi əməliyyatlara başlayacağı barədə iddiasına münasibət bildirərkən politoloq Natiq Miri deyib. Ancaq hər bir halda, politoloq hərbi əməliyyatların başlana biləcəyi ehtimalının yüksək olaraq qaldığını da istisna etmədi:
 
"Bu bir ehtimaldır. Konkret hansısa gerçəklikləri özündə daşıyıb, daşımadığını isə Ambarsumyan bilə bilməz. Çünki Azərbaycan torpağı işğal olunan bir ölkədir. Bu baxımdan Azərbaycanın torpaqları işğaldan azad etmək üçün hərbi əməliyyatlar keçirməsi ehtimalı həmişə yüksəkdir. Düşünürəm ki, Ambarsumyanın açıqlamalarının hansısa həqiqətlərə, birmənalı gerçəkliklərə dayandığını demək olmaz. Ancaq hər halda belə bir ehtimal da təbii ki, mövcuddur. Ermənistanın yeni hökuməti danışıqlar masasına oturmasa, bundan birmənalı olaraq imtina etsə, təbii ki, Azərbaycanın öz torpaqlarını azad etmək üçün başqa yolu qalmayacaq. Bəllidir ki, ATƏT-in Minsk qrupu üzrə həmsədr dövlətləri Dağlıq Qarabağ problemilə bağlı Ermənistana hər hansı bir təzyiq etmək fikrində deyillər. Bu əsasən Rusiyanın davranışlarında, həmçinin digər həmsədr dövlətlərin mövqeyində də görünür. Ona görə də hər hansı bir beynəlxalq təşkilat və yaxud həmsədr dövlətlər İrəvana təzyiq etməyəcəksə, bu halda Azərbaycanın hərbi əməliyyatlara başlamaqdan başqa digər çıxış imkanları qalmır. Məhz bu baxımdan Azərbaycanın hərbi əməliyyatlara başlaması ehtimalı barədə danışmaq olar. Ambarsumyanın bu barədə konkret iddialarına gəldikdə isə, düşünürəm ki, bu bir növ qabaqlayıcı proqnoz və yaxud açıqlama da ola bilər. Çünki Ermənistanda olan tendensiyaya görə, adətən belə bir əndişə və qorxu yarananda bütün beynəlxalq ictimai rəyi bilgiləndirmək və ayağa qaldırmaq üçün bu cür hay-həşir salırlar ki, ən azından hərbi əməliyyatların qarşısını ala bilsinlər. Ona görə də Ermənistandan gələn bu tip açıqlamaları ciddiyə almaq və ya konkret proqnozlar vermək fikrimcə doğru deyil”.
 
Qeyd edək ki, Ermənistanın hərbi eksperti, Van Ambarsumyan yerli mətbuata müsahibəsində bu ilin yaz və ya yay aylarında, yəni hava şərtlərinin yol verdiyi şəraitdə Azərbaycanın Dağlıq Qarabağda tammiqyaslı hərbi əməliyyatlara başlayacağını iddia edib. Onun sözlərinə görə Azərbaycan Silahlı Qüvvələri artıq Dağlıq Qarabağ istiqamətində mövqelərini daha da önə çəkib.
 
ELÇİN 
Sfera.az

Xəbər lenti