Dəfələrlə “yox” cavabını alsanız belə, təslim olmayın

Dəfələrlə “yox” cavabını alsanız belə, təslim olmayın
Bu gün gənclərin beyni yeni ideya və layihələrlə "qaynayır” desək, yanılmarıq. Onlarla həmsöhbət olanda gələcəyə yönəlik çox gözəl planlarının, həyata keçirməyə çalışdıqları ideyalarının olduğunu görürük. Amma təəssüf ki, bəzən müəyyən səbəblərdən, xüsusilə də maddi vəsait çatışmazlığı ucbatından həmin ideyalar sadəcə, beyinlərdə qalır. Onu reallaşdıra, ərsəyə gətirə bilmirlər. "toxum.org” saytının təşkil etdiyi "Toxumdan meyvəyə” təlimi də məhz bu əngəllərin həll yolları ilə bağlı idi.
Qaranlıq qalan məqamları aydınlatmaq

Təlim haqqında daha geniş məlumatı təşkilatçılardan alaq. Təlimin təşkilatçısı və "toxum.org” saytının həmtəsisçisi Toğrul Vəliyev qeyd etdi ki, hazırda o qədər potensiallı gənclərimiz var ki, onlar bəzi səbəblərdən, xüsusilə də maddi vəsaitin olmamağı ucbatından ideyalarını həyata keçirə bilmirlər: "Bizim saytda hüquq fakültəsini bitirən, təcrübəsi olmayan gənc hüquqşünaslar hüquqi yardıma ehtiyacı olan başqa gənclərə kömək edirlər. Yəni, burada ikitərəfli yardımlaşma olur. Həm gənc hüquqşünaslar işlərini praktik şəkildə öyrənirlər, həm də gənclərimiz ödənişsiz hüququ yardım alırlar. Bizim digər məqsədimiz isə Azərbaycanda sosial sahibkarlığı yaratmaqdır. Bu təlimin əsas məqsədi müxtəlif istiqamətli sosial layihələrin həyata keçirilməsini və bunun üçün maddi vəsaitin tapılmasını öyrətməkdir. Xüsusilə də "maddi vəsaiti başqa insanlarını köməkliyi ilə necə toplamaq olar” sualına cavab tapmağa çalışacağıq. Yəni, bizim əsas istəyimiz gənclərə bu işin metodikasını izah etməkdir. Qərara gəldik ki, gənclər üçün bir neçə saatlıq görüş təşkil edək. Biz onlara şərait yaradırıq ki, ideyaların həyata keçirmək üçün qaranlıq qalan məqamları burdan nəsə öyrənərək aydınlatsınlar”.
 


İlkdir, amma sonuncu olmayacaq

Toğrul bəy qeyd edir ki, Coşqun Kərimovun bu sahədə kifayət qədər təcrübəyə malik olması təlimçi olaraq onu seçməklərinə səbəb olub: " Coşqun bəyi uzun müddətdir ki, tanıyırıq. Onun gördüyü işlərə, həyata keçirdiyi layihələrə yaxından bələdik. Düşündük ki, bu sahədə təcrübəsini gənclərlə bölüşəcək ən uyğun şəxsdir. Bəzi təlimçilər bir çox hallarda layihənin yazılmasını formal olaraq öyrədir. Amma Coşqun bəy özü reallıqda da işlə məşğul olduğu üçün sırf təcrübəsindən irəli gələn biliklərlə çıxış edəcək. Bu sahədə ilk layihədir, amma sonuncu olmayacağını düşünürük”.
Bəzi ideyaların toxumlarını qoyuruq 

"Toxum” adını eşidəndə bir çoxları bunun kənd təsərrüfatına aid layihə olduğunu düşünür. Amma bizim məqsədimiz cəmiyyətdə nəyinsə toxumlarını əkməkdir. Yəni, biz bəzi ideyaların toxumlarını qoyuruq, gerisini cəmiyyət inkişaf etdirsin. Bu təlimin də məqsədlərindən biri gənclərin beynində inkişaf toxumları əkməkdir. Gerisi artıq onlara qalıb, istəyərlər toxumu meyvəyə, istəyərlər tərəvəzə çevirərlər (gülür)” – deyə T.Vəliyev qeyd etdi.
 

İdeyanı həyata keçirmək bir təlimlə mümkün olacaq iş deyil

Toğrul bəylə sağollaşıb, gənclərin yavaş-yavaş yığışdığı təlim otağına keçirik. İstirahət günü və hava şəraitinin yağmurlu olmasına baxmayaraq, təlimə böyük maraq və həvəslə gəliblər. Gənclərin arasına qarışıb onlarla həmsöhbət oluruq. Bu təlimə nə üçün qatıldıqlarını, nə kimi gözləntiləri olduğunu öyrənirik. Söhbət zamanı aydın olur ki, gənclərimizin beyni həqiqətən də, yeni ideyalarla aşıb-daşır. Sanki hər biri gələcəyə işıq salacaq bir çıraqdır. Kimisi ideyasını həyata keçirmək üçün maddi vəsaiti necə tapmaq lazım olduğunu öyrənməyə, kimisi də özünə komanda yoldaşı tapmağa gəlib.
Gənc xanımlardan Məlahət Nuriyevaya yaxınlaşıb ideyasının nə olduğunu soruşuruq. Məlahət xanım ixtisasca tərcüməçidir. Dediyinə görə, çox maraqlı sosial layihəsi var: "Bu təlim haqqında feysbukda gördüm. Coşqun bəyi də başqa təlimlərindən tanıyırdım və düşündüm ki, niyə də qatılmayım. Çoxdadır həyata keçirmək istədiyim ideya var. Lakin həm maddi vəsaitin yoxluğu, həm də tək olmağım müəyyən əngəllər yaradır. Gəldim ki, ideyamı həyata keçirmək üçün qaranlıq qalan, çatışmayan nüansları öyrənim. Təbii ki, hansısa ideyanı həyata keçirmək bir təlimlə mümkün olacaq iş deyil. Amma düşünürəm ki, müəyyən qədər də olsa, köməyi dəyəcək. İdeyam kimsəsiz uşaqlar üçün hər cür şəraiti olan internat məktəbi yaratmaqdır. Bu layihəni həyata keçirməklə bir çox kimsəsiz uşağa kömək etmək istəyirəm. Təəssüf ki, bu işi görmək üçün nə maddi vəsaitim, nə də komanda yoldaşım var. Ona görə düşündüm ki, bəlkə bu təlim vasitəsilə axtardıqlarımı tapa bilərəm”.
 

Gənclərin ən çox ünvanladığı suallar
Təlimə keçməzdən əvvəl təlimçi Coşqun Kərimovla tanış olaq. Coşqun bəy "Alamo 13”, "Kvan” və "Ubuntu” kitablarının müəllifi, "Yeni Fikir 2016” Startup Müsabiqəsinin və "Seedstars Baku” regional müsabiqəsinin qalibi, "Kvotter” və "GR8” kimi sosial platformaların həmtəsisçisidir. Gənclərlə bağlı bir çox layihələrdə təlimçi kimi iştirak edərək, bilgilərini onlarla bölüşür. Coşqun bəy deyir ki, son dövrlər gənclər bu məsələ ilə bağlı çox suallar verirlər: "Onların ən çox ünvanlandığı suallardan biri də ideyanı həyata keçirməklə bağlıdır. Gənclərimiz yazır ki, fikrimdə belə bir ideya var, amma onu necə həyata keçirəcəyimi bilmirəm. Bir çoxu da maliyyəsinin olmamağını səbəb göstərir. Ona görə də ideyası olan, işlə maraqlanan gənclərimizi bir araya toplamışıq ki təcrübələrimizi bölüşək. Burada iştirak edənlərin əksəriyyəti öz ideyası ilə gəlib. Ümid edirəm ki, yolda gələndə ideyalarınızı unutmamısınız”(gülür).  
Təcrübəli bağban olmaq
Təlimçi gənclər üçün hazırladığı təqdimata keçməzdən öncə auditoriyaya "toxumun meyvəyə çevrilməsi hansı proseslərdən keçir” deyə sual ünvanlayır. "Yaxşı toxum seçmək”, "əkmək”, "təcrübəli bağbanın əli ilə torpağa əkilmək”  kimi maraqlı cavablar səslənir. "Təcrübəli bağban” cavabını eşidən Coşqun bəy soruşur ki, burada özünü təcrübəli, yaxşı bağban hesab edən biri varmı? Həmin an hamı susur. Otağa çökən sükutdan hər şey aydın olur. Coşqun bəy sükutu pozmaq üçün "normalda susmağı razılıq əlaməti kimi qəbul edirlər, amma bu dəfə deyəsən, vəziyyət başqadır” deyib gülərək təqdimata keçir.
 

İdeyanın sosial əhəmiyyəti

O, ilk olaraq ideyaların nəyə əsasən seçildiyini, toxumdan meyvəyə keçmək üçün nə lazım olduğunu izah etməyə başlayır. Qeyd edir ki, vacib məqamlardan biri də beyninizdəki ideyanı 1 dəqiqə ərzində qarşı tərəfə izah etməyi bacarmaqdır: "Bəzən gənclərlə həmsöhbət olan zaman hiss edirəm ki, izahetmə qabiliyyəti yaxşı deyil. Yəni ilk olaraq bunu bilməlisiniz ki, sizi dinləyən şəxsin vaxtı məhduddur. Ona görə maksimum şəkildə qısa və informasiyalı danışmalısınız. Hətta, çalışın ki, ideyanızı bir cümlə ilə izah edəsiniz. Digər tərəfdən, ideyanızın sosial əhəmiyyətliliyinə fikir verin. Bacardığınız qədər sosial yükü çox olan layihələr həyata keçirin. Bununla həm layihənizin reallaşma dərəcəsi yüksək olar, həm də cəmiyyətə xeyr vermiş olarsınız. Onu da qeyd edim ki, ideyanı təkbaşına həyata keçirmək olduqca çətindir, bu işi komanda şəklində görmək tövsiyə olunur. Minimum 3 nəfərlik komandanız olsa, kifayət edər. Çünki layihə ilə bağlı bütün işləri bir nəfərin görməsi effektiv nəticə verməz” .
İanə toplamağı bilmək bacarığı
İdeyaların həyata keçirilməsində təşkilatçılıq qabiliyyətinin olmasını da əsas meyar kimi vurğulayan çıxışçı bildirir ki, bu, insanları bir məqsəd uğurda ətrafına toplaya bilmə bacarığından xəbər verir: "Lider olmaq, insanları öz arxanca aparmaq bacarığı çox önəmlidir. İanə toplamağı bilmək də ayrıca üstünlükdür. Bundan başqa, marketinq, satış və insanlarla ünsiyyət qurma bacarığınız da olmalıdır. Ümumiyyətlə, ünsiyyət istənilən işdə vacib faktorlardan biridir. Hansı sahədə fəaliyyət göstərməyinizdən asılı olmayaraq, çalışın insanlarla ünsiyyətdə olarkən etik qaydalara riayət edəsiniz. Bu, hər iki tərəf üçün uğurlu münasibətin qurulmasına zəmin yaradar”. 
 

Çətinliklərdən qorxmayın
Coşqun bəy deyir ki, hansısa işə başlayarkən "yox” cavabı almağa hazırlıqlı olub, səbirli davranmağa, təslim olmamağa çalışın: "Bəzi insanlar "yox” sözündən sonra tez həvəsdən düşüb, başladıqları işi yarımçıq qoyurlar. Amma bu, düzgün deyil. Əksinə, daha da inadkar olub, özünüzü sübut etməyə çalışmalısınız. Düşünürəm ki, hər kəs həyatında ən azı bir dəfə də olsa, "yox” sözünü eşitməlidir. Bunu bir növ möhkəmləndirmə kimi qiymətləndirin. Yəni, ilk başlarda alınan "yoxlar” sonrakı dövrlər alınanların təsirini azaldır (gülür). Lap dəfələrlə "yox” cavabını alsanız belə, təslim olmayın. Özünüzə inamınız tam olmalıdır. İlk "yox”dan sonra təslim olub geri çəkilsəniz, uduzacaqsınız. İdeyaların həyata keçirilməsi mərhələsində əzmkar olmaq lazımdır. Çətinliklərdən qorxmayın, zamanla hər şeyin öz axarına düşdüyünü görəcəksiniz”. 
Coşqun bəyin təqdimatından sonra görüş iştirakçıların sualları ilə davam etdi. O qeyd etdi ki, gənclərin bu kimi layihələrə, təlimlərə maraq göstərməsi sevindiricidir. 
Günel Azadə

Xəbər lenti