Dumana qarışan dərd-Köşə

Dumana qarışan dərd-Köşə

Mənasız gəlirdi mənə insanların, əsasən də kişilərin siqaret tüstülətməsi... Yəni insan bilə-bilə özünü necə zəhərləyə bilər?! Bu haqda arada düşünür, cavab tapa bilmir, buna görə də üstündən keçirdim...


Bu gün mənim də beynim dumanlı idi... Yolla gedərkən əvvəllər gördüyüm yerləri yenidən kəşf edirdim... Bu dəfə səkinin üstündə sıra ilə düzülmüş siqaret kötüklərinə gözüm sataşdı. Bilmirəm, niyə diqqətimi cəlb etdi. Başqa vaxt olsa idi, yeri zibillədiklərinə görə insanları qınayardım. Amma bu dəfə fərqli oldu. Kaş məni narahat edən ancaq ətrafın çirklənməsi olardı. Beynimdə yalnız bir fikir formalaşdı: "Gör nə qədər insanın dərdi var. Gör nə qədər insan öz dərdini dumana qatıb ondan qurtulmağa çalışır". Dərddən, problemlərdən sağlamlıqlarını belə unudublar.... Bəlkə, siqaret onlara "susqun dost" kimi görünür, onların dərdlərini dinləyib müvəqqəti sakitkəşdirməyə çalışır? Bəlkə, ölümə gedən yollarını dəyişdirir, başlarını qatıb qısa yolla çatdırmağa çalışır onları mənzil başına?

Gedirdim... Tükənmək bilmirdi siqaret kötükləri. Daha dərin düşüncələr yaranırdı... Tüstüyə dərdlərini qarışdırır və ciyərlərinə çəkirlər... Yenə də qayıdır axı o zəhər. Bu dəfə daha sərt, daha yıxıcı olur... Dodaqların arasında bəsit görünən siqaret əslində illər əvvəl ailəsi tərəfindən tərk edilmiş, həmişə cəmiyyətdən kənarlaşdırılmış gəncin, ailəsini dolandırmaq üçün min bir əzab-əziyyətə qatlaşan atanın üsyanıdır. Axı kişilər çox vaxt üsyan edə bilmirlər... Bəlkə də, bir qadındır o siqaretlərdən birinin sahibi... Təsəvvür edə bilirsinizmi heç incə, zərif əllərdən gələn "dərd qoxusu"nu?

Anladım artıq o siqaret kötükləri niyə sıraya düzülüb... Həbs edilmiş dərdlər var o kötüklərdə. Amma nə olursa, olsun, o "dost"a aldanıb kəsə yolla getməyək ölümə...

Aysel Əlihüseyn (ekstrainfo.az) 

Xəbər lenti