Ermənistanın “Frankofoniya” uğursuzluğu

Ermənistanın “Frankofoniya” uğursuzluğu
Dünyada sülhün və əmin-amanlığın, insan hüquq və azadlıqlarının təşviq edilməsi missiyasını üzərinə götürən Beynəlxalq Frankofoniya Təşkilatının (BFT) sammitinin Azərbaycanın 20 faiz ərazisini otuz ilə yaxındır işğal altında saxlayan, Xocalı qətliamını törədən Ermənistanda keçirilməsi qərarının özü əvvəldən ədalətsiz idi. Çünki Ermənistan kimi dövlətin ərazisində bu cür tədbirin keçirilməsi təşkilatın təbliğ etdiyi dəyərlərlə və prinsiplərlə ciddi ziddiyyət təşkil edir.
Lakin buna baxmayaraq, Ermənistanda Beynəlxalq Frankofoniya Təşkilatının 17-ci sammiti keçirildi. Amma bu sammit heç də Ermənistanını gözlədiyi kimi olmadı. Belə ki, Yerevanda Fransa və Kanada arasında Frankofoniya uğrunda gərgin mübarizənin ən kəskin forması özünü göstərdi. Bunu Fransa prezidenti Emmanuel Makron ilə Kanada baş naziri Tridönün mübarizəsi də adlandırmaq olar.
Bütün dünya sammit zamanı humanizm, sülh, insan hüquq və azadlıqları kimi ümumbəşəri dəyərlərin müdafiəsi yollarının axtarışı əvəzinə Fransa prezidenti E.Makron ilə təşkilatın baş katibi Mişel Jan qarşıdurmasının şahidi oldu. Onların bu qarşıdurması heç də bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən məsələ üstündə deyil, sırf hakimiyyət hərisliyi və bölgüsü idi. Bunu yalnız əslən Kanadadan olan Mişel Jan və Makron qarşıdurması kimi deyil, eyni zamanda Fransa prezidenti və Kanada baş naziri Justin Tridönün ambisiyalarının toqquşması kimi də xarakterizə etmək olar. Çünki müstəmləkə tarixi olan Fransa geosiyasi maraqlarının ifadəsi olan Frankofoniya təşkilatına nəzarətində olmayan və tam idarə edə bilmədiyi bir şəxsin rəhbərlik etməsini qəbul edə bilməzdi. Heç də Fransadan geri qalmayan və sənaye dövləti olan Kanada da Frankofoniya vasitəsilə Afrika ölkələrində nüfuzunu artırmaq və qitənin təbii sərvətlərinə daha geniş çıxış imkanları əldə etmək kimi məqsədlər güdürdü.
Maraqların toqquşması Ermənistanda keçirilən sammitdə daha çox özünü göstərdi və həm də diplomatiya tarixində görünməyən hadisə ilə yadda qaldı Belə ki, təşkilatın baş katibi Mişel Jan zirvə toplantısının keçirildiyi gün rəhbərlik etdiyi təşkilatın ölü halda olduğunu rəsmi twitter hesabından açıqladı (https://twitter.com/MichaelleJeanF/status/1050396484250816513).
Onu da qeyd edək ki, E.Makronla təşkilatın M.Janın çıxışları arasında da konseptual fərqlər özünü göstərdi. Baş katib yenidən bu posta keçirilən seçkilərdə Fransanın dəstəyini ala bilmədiyinə görə Yerevandakı sammitin açılışı zamanı təşkilat barədə tənqidi açıqlamalar verdi. O, beynəlxalq təşkilatların şəxsi məqsədlərə xidmət etdiyini diqqətə çatdırdı: "Biz qəbul etməyə hazırıq ki, realpolitika, dövlətlər arasında xırda anlaşmalar və ya şəxsi maraqlar naminə "demokratiya”, hüquqlar” və "azadlıqlar” kimi anlayışlar yalnız mənası çıxarılmış sadə sözlər səviyyəsinə endirilsin... Özümüzə deməliyik ki, hərəkətsizlik, gecikmə və kompromis regresin bir növüdür, çünki dəyərləri və prinsipləri aldadan təşkilat artıq ölümcül haldadır”.
Onu da qeyd edək ki, təşkilatın indiki baş katibini nüfuzdan salmaq üçün dezinformasiya və təbliğat üzrə ixtisaslaşmış fransız mediası M.Janı təşkilatın vəsaitlərini şəxsi məqsədlər üçün istifadə etməsi, hətta 500 min avro xərcləyərək iqamətgahını təmir etdirməsi, xarici səfərlərdə çoxlu pullar xərcləməsi barədə yazdı.
Heç kimə sirr deyil ki, Fransa BFT-dən öz maraqları naminə istifadə edir. Belə ki, BFT-nin aparıcı qüvvəsi olan Fransa təşkilatın yeni baş katibi vəzifəsinə Ruandanın xarici işlər nazirinin namizədliyini dəstəkləyir. İndiki halda bu addım Fransanın Ruandaya jesti kimi qiymətləndirilir. Hələ 1994-cü ildə Ruandada soyqırımı həyata keçirmiş dəstələrin (Hutu-Tutsi qarşıdurması, 800 000 qurban) rəhbərlərinin Fransa tərəfindən dəstəklənməsi barədə məlumatlar olub. Fransanın keçmiş prezidenti Nikola Sarkozi Ruandaya səfəri zamanı ölkəsinin bu soyqırımda rolunu üstüörtülü də olsa, qəbul edib. Məhz bu səbəbdən illərlə Fransa ilə Ruanda arasındakı əlaqələr dondurulmuş vəziyyətdə olub. Hətta Ruandada məlum hadisələrdən sonra 2008-ci ildə rəsmi təhsil dili kimi fransız dili yerinə ingilis dili elan olunub və Böyük Britaniya ilə heç bir xüsusi tarixi bağlılığı olmayan Ruanda "British Commonwealth”in üzvü də qəbul edilib.
İndiki halda Afrika İttifaqı çərçivəsində Ruandanın xarici işlər nazirinin namizədliyinə o qədər xoş baxılmasa da, Fransanın sözündən çıxa bilmirlər. Rəsmi təhsil dilini fransızdan ingilisə dəyişmiş bir ölkənin xarici işlər nazirinin "fransız dili amili” üzərində qurulmuş təşkilata necə başçılıq edəcəyi isə suallar doğurur.
Xatırladaq ki, sammitin Yerevanda keçirilməsi üçün dəridən-qabıqdan çıxan və zalda oturan Ermənistan rəhbərliyi üçün də Frankofoniya təşkilatı barədə bu cür sözləri eşitmək o qədər də xoş olmayıb. Halbuki, rəsmi Yerevan "uğurlu xarici siyasət” kimi bunu sadə ermənilərin gözünə kül üfürmək niyyətində idi. Həmçinin təşkilata yeni üzv olan Ermənistan bu təşkilat vasitəsilə öz nüfuzunu artırmaq və Azərbaycanın Qoşulmama Hərəkatı kimi nüfuzlu bir platformada üzvlüyünə və qarşıdan gələn sədrliyinə qarşı imkan əldə etməyə çalışırdı. Amma görünən odur ki, Ermənistan bunu bacarmadı və yenə də Azərbaycan diplomatiyasının arxasınca sürünməyə məhkum oldu.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxovbildirdi ki, Ermənistanın sözügedən sammitdən gözləntiləri çox idi: "Çünki Paşinyan hesab edirdi ki, əgər bu təşkilatdakılar fransızdilli ölkələrdisə, deməli, bunlar da Ermənistanı dəstəkləyəcək, maraqlarını müdafiə edəcəklər. Amma alınmadı və Ermənistan növbəti dəfə uğursuzluğa düçar oldu. Bildiyimiz kimi, bu təşkilatda yer alan ölkələrin dövlət başçıları arasında ziddiyyətli mübahisələr oldu, mürəkkəb münasibətlər yarandı. Eyni zamanda, bu ölkələrin sammitə gəlməsi heç də o demək deyil ki, onlar Ermənistanı dəstəkləyir”.
F.Sadıxovun sözlərinə görə, Frankofoniya təşkilatına daxil olan fransızdilli ölkələr müxtəlif qitələri təmsil edir: "Bu ölkələrin içərisində Azərbaycanla münasibətləri yüksək səviyyədə olan dövlətlərin olması da bir faktdır. Onların bir hissəsi ölkəmizlə əlaqələrini qoruyur və inkişaf etdirir. Amma bu dövlətlərin Yerevana gəlib sammitdə iştirak etməsi heç də o demək deyil ki, onlar Ermənistanı dəstəkləyəcək. Əslində əsas reallıq və nəticə budur”.
 
B.MƏMMƏDLİ

Xəbər lenti