“Farer adaları ilə asfaltda da oynasaq, qalib gəlməliyik”

“Farer adaları ilə asfaltda da oynasaq, qalib gəlməliyik”

- Milli komandamız UEFA Millətlər Liqasının qrup mərhələsində bu gün Farer adalarının qonağı olacaq. Oyundan nə gözləyirsiniz?

<iframe class="adributor-resize" style="box-sizing: border-box; width: 610px; height: 0px !important; min-height: 0px !important; border-width: initial !important; border-style: none !important; margin: 0px !important; padding: 0px !important; display: block !important;"></iframe>

- Nəinki mən, bütün Azərbaycan axşamkı oyundan qələbə gözləyir. Açığı, Malta və Kosovo ilə matçlarda da komandamızın qələbə qazanacağını düşünürdüm. Təəssüf ki, həmin qarşılaşmalarda xal itirdik. Ancaq çox istəyirik ki, bu turniri birinci yerdə tamamlayaq. Yığmamızın dünənki məşqinə baxdım. Deyəsən meydança süni örtükdü.

- Bizim futbolçularımız da süni örtükdə az oynamayıblar. Yəni bunu problem saymaq düzgündümü?

- Əlbəttə ki, düzgün deyil. Hər iki komanda eyni şərtlər altında çıxış edəcək. Bizim meydançalarımızın çoxu süni örtüklü idi. Bunu bəhanə etmək olmaz. Bu gün Farer adaları ilə asfaltda da oynasaq, qalib gəlməliyik.

- Malta və Kosovo ilə oyunlardakı heç-heçələri nəzərə alsaq, bugünkü xal itkisi sürpriz olmaz?

- Xal itirsək, vəziyyət həddən artıq çətinləşəcək. 6 xallıq oyundu. Bu üzdən futbolçularımız da, məşqçilərimiz də tam ciddidilər. Allah eləməsin, komanda xal itirsə, qatar yavaş-yavaş gedə bilər. Buna görə də, məsuliyyətli olmaq lazımdı.

- Futbolçularımız mətbuata açıqlamalarında rəqibin gücünü həddən artıq şişirdirlər. Həqiqətən də, Farer adaları bizim üçün güclü komandadı?

- Bilirsiz, bütün ölkələrin yığmalarında bir balaca da olsa, inkişaf gedib. Təəssüf ki, bu inkişaf hələlik bizdə yoxdu. Farer adalarını qaldırıb dağın başına qoymaq da düzgün deyil. Futbolçu qarşısındakı rəqibə hörmətlə yanaşmaqla yanaşı, özünü ondan üstün saymalıdı. Əgər futbolçular rəqibi həddən artıq tərifləyirlərsə, deməli, psixoloji hazırlıqları qaydasında deyil. Meydana tam ciddi və qələbə əzmi ilə çıxmalısan. Daxilində deməlisən ki, mən rəqibdən güclüyəm. Ancaq qarşındakını çox güclü saymaqla özünü psixoloji cəhətdən "sındırırsan”.

- 1996-cı ildə Kiprdə Farer adaları ilə yoxlama görüşü keçirib, 3:0 hesablı qələbə qazanmısınız. Qollardan birinin müəllifi də siz olmusunuz. Amma indi belə komandalarla görüşdə 1:0 hesablı qalibiyyətə də sevinirik. Sizcə, problem nədədi?

- Həmin vaxt kifayət qədər təcrübəli futbolçularımız var idi. Bütün oyunlarda təxminən 20-25 dəqiqə rəqibdən üstün oynayırdıq. Sadəcə gücümüz yox idi, fiziki cəhətdən çatdıra bilmirdik. Yarım saatdan sonra gücümüz tükənirdi, 3 qol da buraxırdıq, 5 qol da. O demək deyil ki, zəif idik. Sadəcə, 90 dəqiqə eyni tempdə oynaya bilmirdik. Çayxanada oturub çay içirdik, 3 gündən sonra gedirdik Norveçlə səfər oyununa. Günlərlə təlim-məşq toplanışı keçmirdik, peşəkar şəkildə qidalanmırdıq. Amma indiki şəraitdə Farer adalarını özündən güclü saymaq olmaz.

- Komandamız Maltaya qalib gələ bilmir, turnir cədvəlində Farer adalarından geri qalır. Bütün bunlar inkişafın dildə olduğunu göstərmir?

- 8 komandalı çempionatı olan ölkənin futbolu əlbəttə ki, geriləyəcək. Belədə futbolun səviyyəsinin yüksəlməsini gözləmək olmaz. Bunu hamı qəbul edir. Eniş qaçılmazdı.

- Bəs belə vəziyyətdə Avropa çempionatının final mərhələsinə iddia etmək nə dərəcədə realdı?

- Bütün komandaların belə bir arzusu var. Amma kimin bunu bacaracağını zaman göstərəcək. Məsələn, Farer adaları da, Malta da bunu hədəfləyir. Sadəcə, 8 komandalı çempionatda futbolçuların səviyyəsi artmayacaq, əksinə, düşəcək. Bizdə "Neftçi”, "Qəbələ”, "Qarabağ” avrokubokların qrupunda oynayıb. İndi "Qarabağ” tək qalıb. Bu proseslər "Qarabağ”ın da səviyyəsinə mənfi təsir göstərəcək.

- Bəzi mütəxəssislər UEFA Millətlər Liqasını lazımsız turnir hesab edir. Sizin bu barədə fikriniz nədi?

- Zəif komandalar üçün yaxşı imkandı. Amma düzü, mənim də xoşuma gəlmir. Böyük yığmalar turnirə qeyri-ciddi yanaşırlar, bəziləri aparıcı oyunçularını oynatmırlar. Yoldaşlıq görüşləri bundan maraqlı keçir.

Mənbə: matc.az

Xəbər lenti