Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində milli azlıqların problemləri müzakirə olunub

Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində milli azlıqların problemləri müzakirə olunub
© Report

Tbilisi. 13 dekabr. / Məqsədimiz Gürcüstanda yaşayan etnik azlıqların bütün hüquqlarını müdafiə etmək, onların siyasi və ictimai həyatda demokratik proseslərin və ölkə iqtisadiyyatının inkişafına verdikləri töhfələri qiymətləndirmək, cəmiyyətə inteqrasiyasını dəstəkləməkdir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu fikirlər Kvemo Kartli bölgəsinin Bolnisi rayonunda milli azlıqların problemlərinə həsr olunmuş konfransda səslənib.

Konfransda Gürcüstan Barış və Vətəndaş Məsələləri üzrə Dövlət Nazirliyinin təşkilatçılığı ilə qəbul edilmiş “2015-2020-ci illər üçün Vətəndaş Bərabərliyi və İnteqrasiya Strategiyası” planı müzakirə olunub.

Tədbirdə Bolnisi şəhər meri David Şerazadişvili, Kvemo Kartli bölgə qubernatorunun müavini Zaur Darğallı, Gürcüstan Barış və Vətəndaş Məsələləri üzrə Dövlət Nazirliyinin Kvemo Kartli üzrə müşaviri Ayaz Məmmədov çıxış edərək bölgədə milli azlıqların hüquqlarının müdafiəsi istiqamətində görülən işlər, qəbul olunmuş qərarlar və strateji planın məqsədi barədə məlumat veriblər.

Bildirilib ki, Kvemo Kartli bölgəsinin təşəbbüsü ilə etnik azlıqların problemlərini həll etmək üçün Məsləhət Şurası yaradılıb. Şuranın məqsədi bölgədə həyata keçirilən proqramlarda, sosial və iqtisadi məsələlərdə milli azlıqların fəaliyyətini təkmilləşdirməkdir. Şuraya milli azlıqların maraqları və onların iştirakı ilə müxtəlif məsələlərlə bağlı tövsiyələr hazırlamaq səlahiyyətləri verilib.

Məsləhət Şurasının iclaslarına Xalq Müdafiəçisi aparatı (Ombudsman) nəzarət edəcək.

Çıxışılarda bildirilib ki, bu strategiya nəticəsində həyata keçirilən inteqrasiya, öz növbəsində, mədəniyyətlərarası və millətlərarası sülhü və sabitliyi təmin edəcək.

Tədbirdə rayon bələdiyyəsinin, kənd icra nümayəndəliklərinin və milli azlıqların təmsilçiləri iştirak ediblər.

Ayaz Məmmədov “Report”un yerli bürosuna açıqlamasında bildirib ki, əsas vəzifəmiz etnik azlıqların hüquqlarının qorunması sahəsində dövlət orqanları tərəfindən həyata keçirilən fəaliyyəti dəstəkləmək, həm hökumət, həm də qeyri-hökumət təşkilatlarının birgə əməkdaşlığını təmin etməkdir: “Biz milli azlıqların vətəndaş cəmiyyətinə inteqrasiyasını yaxşılaşdırmaq üçün ardıcıl aparılan siyasətin inkişafına çalışacağıq”.

A.Məmmədov deyib ki, bu cür tədbirlər Dmanisi və Qardabani rayonlarında da təşkil olunub. Növbəti tədbir Marneuli rayonunda keçiriləcək.

float: left; width: 100%;">

Xəbər lenti