İkinci dünya (hekayə)

İkinci dünya (hekayə)

Bəlkə də səhər tezdən günəşin işıqları pəncərədən keçib gözümü qamaşdırmsaydı yatmağa davam edərdim. Heç bilmirəm yatağım niyə pəncərə tərəfdədir. Həmişə də yerini dəyişməyə təmbəllik etmişəm. Onu da deyim ki, yuxular mənə başqa bir zövq verir. Bəzən meşənin içi ilə qurumuş yarpaqların üstündə tək tənha gəzdiyimi, bəzən də tanımadığım bir şəhərdə əlləri qanlı zombi kimi gəzdiyimi, ətrafa baxıb zövq aldığımı görürdüm. Hətta nədənsə yuxularımda daha çox bu cür mənasız şeylər görürdüm. Heç bilmirəm belə mənasız və yalnız olduğum yerdə niyə xoşbəxt olurdum. Hansı axmaq belə anormal bir yerdə xoşbəxt olardı ki? Amma nə də olsa nəticədə xoşbəxt olurdum. Xoşbəxt? Hə, yalnız yuxularda.  Deyəsən yuxudan durmağın vaxtıdır. Yarı yuxulu halda hamama girib güzgüdə özümə baxmağı sevirdim.
 -Salam, necəsən? Belə də pis deyiləm.
 Heç bilmirəm necəsən sualını niyə verirlər? Axı çox vaxt bu içdən verilən bir sual deyil. Məsələn, yolda gedərkən üz-üzə gələn bir tanış "necəsən" deyib, süni bir gülüşlə yola davam edir. O heç mənim cavabımı da gözləmir. Yəni bir insana başqa birinin kefinin necə olması maraqlı deyilsə bu suala nə ehtiyac var. Amma həyatımızın özünə məxsus qaydaları var. Qısa danışıq istiyirsənsə iki söz kifayətdir. "Salam, Necəsən."
 Ay səni zəhrimar, saat 9-a işləyir, mən isə 9-da hava limanında olmalıyam. Yaxşı ki, dünəndən çantalarımı yığmışam. Bu gün isə böyük Kaliforniya məni gözləyir. Bəlkə orada mən xoşbəxtliyimi tapacaqdım. Buna o qədər də əmin deyildim. Kaliforniya isə məni gözləyirdi. Tələsik geyinib evdən çıxdım. Taksi məhəlləmizin qurtaracağında həmişə durardı. Budur, o yenə də eyni yerdə dayanıb. Bilmirəm onun müştərisi heç olubmu? Bu mənə qəribə gəlirdi. Çünki 2 ildi məhəlləmizə girərkən o taksi sürücüsünü maşında boş-boş oturduğunu görürdüm. Hə, bugün nəhayət onu səvindiricəm. Maşına yaxınlaşıb dedim:
 -Salam, necəsiz? Mən bu məhəllədə qalıram yəqin ki, siz də bu binada yaşayırsız.
  Gözünü mənə dikib soyuq baxışlarla baxırdı. Bəlkə nəsə problemi var idi? Ya nəyi isə səhv dedim. Anormal baxışlarla gözünü qırpmadan mənə baxmağa davam edirdi. Heç bilmirəm niyə susmuşam. Axı bizim eyni binada yaşamağımız ona maraqlı deyildi. Ondan cavab gözləməyərək hava limanına gedəcəyimi dedim.
 -15 manat.
 Bəlkə də heç bu taksiyə yaxınlaşmamalı idim. Axı heç o heç salamımı da almadı. Bəzən belə soyuq adamları görəndə öz soyuqluğu ilə məni də soyutduğunu düşürəm. Sanki ilıq bir suyu soyuducuya salıb onu da soyudurmuşsan kimi. 15 manat getdiyim yol üçün çox idi. Amma geri qayıtmaq istəmədim. Çünki indi başqa taksi axtarmaq vaxt itkisi olardı. Qiyməti aşaği salmağa da çalışmadım. 20 dəqiqəyə məni hava limanına çatdırdı. Yoxlanışdan keçdikdən sonra təyyarəyə qalxıb yerimdə oturdum. 10 saatlıq uçuş məni gözləyirdi. Bəlkə yatım? Yox, axı mən birinci dəfədir təyyarəyə minirəm. Ətrafı müşahidə etmək maraqlı gəldi o an. Kimisi çamadanlarını yerləşdirir, kimisi yuxusuz olduğu üçün gözünü yumub mürgülüyür, sağ tərəfimdəki bir oğlanda: "Dayi, siz də Kaliforniyaya gedirsiz?" kimi köhnə zarafatlardan edirdi. Dayı da özünü sındırmıyıb: "Yox bala, getmirəm uçuram deyirdi. Təyyarə havaya qalxmağa başlayandan bir saat sonra məni yuxu tutmağa başladı. Yarı yuxulu vəziyyətdə şəxsi təyyarəmdə uçduğumu düşündüm. Və birazdan mənə yaxınlaşıb nə yemək istədiyimi soruşacaqlar. Məndə filmlərdə varlı adamlar kimi ""Sağol heç nə yeməyəcəm" deyəcəm. Elə bu zaman uzaqdan bir sürü quş gəlib təyyarənin şüşəsini çatladır. Qorxudan pilot özünü itirib yerə yıxılır. Məndə onu oyatmağa çalışıram amma oyanmadığını görüb təyyarəni özüm yerə sağ salamat çatdırmaq istəyirəm. Amma bu məndə alınmır və biz üzü aşağı yerə dəyib əzilmiş kotlet oluruq.
 
 Yol boyu bəzən belə şeylər düşünür, bəzən də pəncərədən okeanı seyr edirdim. Saat iki idi və beş saat sonra nəhayət Amerikanın qərbinə çatdıq. Çantalarımı götürüb taksiyə oturdum və məhşur Hilton hotelinə gəldim. Burda məni Mr. Enderson qarşılamalı və birlikdə harasa getməli idik. Mr. Enderson yəhudi əsilli amerikalı 30 yaşlı biri idi. Budur, o artıq hotelin qarşısında məni gözləyir. Yəqin ki çox vacib adamam. Bugün onunla çox vacib bir söhbətimiz olacaq. Ən azından mənim üçün. Çünki əsas məqsədim elə buna görə gəlmək idi. Mr. Enderson məni salamdıqdan sonra hotelin qabağında dayanmış qara maşını göstərdi. Maşına oturandan beş dəqiqə keçməsinə baxmayaraq o heç nə demədi. Sanki nəsə düşünür nəyi necə edəcəyini fikirləşirdi. Nəhayət o dilləndi.
 - Hə Teo, məncə də yaxşı qərardı. Bu ilk təcrübəmiz olacaq.
 Bu sözləri deyəndə gözlərində təhlükə üzündə gülüş var idi. Həmişə mənə telefonda Teo deyə müraciət edirdi. Bu dəfə isə o canlı şəkildə dedi.
 - Bu ilk təcrübəmizdi Teo. Və nəticə çox maraqlı olacaq. Əminəm ki, bu barədə lazımı qədər düşünmüsən.
  Mr. Endersonu az tanınan bir sayt vasitəsilə təsadüfən tapmışdım. Onun vəd etdikləri əslində təhlükləli olsa belə mənim üçün bu dünyada heçnə bunun qədər maraqlı deyildi. Ölümü belə gözə alaraq onun şəxsi ismarıc bölməsinə yazdım. O da nömrəmi yazmağımı istədi . Zəngləşib bu haqda danışmışdıq. Yeni o boyda Amerikada məndən başqa adam yox idi ki mənlə əlaqə saxlayıb bura gətiriblər? Amma mən indi onun yanındayam və maşınla heç bilmirəm hara gedirik.
  -Nə olub? Teo heç səsin çıxmır? Nədir, sən qorxursan?
 Mən buna tam razı olduğum üçün bura gəlmişdim. Nə qorxusu? Məncə mən qorxmurdum.
 -Xeyir, Mr. Enderson. Mən tam hazıram. Biz indi hara gedirik?
 -Bizim gizli bir yerimiz var. Neçə ildi öz laboratoriyamızda bir maddəni hazırlamağa çalışırdıq və sonda bacardıq. Düşünürəm ki, onların adını deməyə ehtiyac yoxdu. Onsuzda sən onları tanımayacaqsan. Maddədə dörd narkotik bitkilərin qarışığı və bir neçə əlavə qatqılar var. Onu sənin damarına vuracıq və sən yatacaqsan. Beyinin bizə məlum dünyasından uzaqlaşıb yuxularda gördüyün, təsəvvür etdiyin dünyaya düşəcəksən. Düzdür, bu real olmayacaq ola bilsin ki, sadəcə təxəyyüldü. Amma biz düşünürük ki, burada qeyri-adi bir sirr var. Biz yuxuda qısa müddət oluruq və oyandıqdan sonra bizə lazım olan sirli şeyleri unuduruq. Düşünürük ki, bu bəlkə də təxəyyül deyil. Biz bəlkə də bu dünyaya bənzər başqa, ona oxşar bir dünyada oluruq. Elə yuxular var ki, orada gələcəkdə baş verənlər bildirilir. Amma məlumdur ki, yuxudan oyandıqdan sonra gördüyümüz yuxununu ilk beş dəqiqə ərzində yarsını, on dəqiqə sonra isə 80%-ni unuduruq. Bəlkə bizim beynimiz sadəcə bu dünyanı qəbul edir. Amma qısa olsa da onun oxşarı olan qeyri-adi, ikinci dünyaya da düşə bilir. Biz bu maddə ilə ikinci dünyamızla daha yaxından tanış ola, oradakılarla ünsiyyət qurub və onlardan istifadə etməklə bu dünyaya yeniliklər gətirə bilərik. Hələlik bunu bizdən başqa heç kəs bilmir. Teo, mən bilirəm ki, bu maddə bizə çox şeyi aydınlatacaq və gizli dünyamızı bizə açacaq. Bu maddə beynimizin işləməyən hissələrini açmaqla orada baş verənləri bizim yaddaşımızda olduğu kimi saxlayacaq. Və sən yalnız biz səni oyandırdığımız zaman ayılacaqsan və bizə olanları danışmalısan ki sənin ardınca biz də bu sınağa gedib getməməyə qərara verək. Teo 100 saat yuxuya hər adam razı olmur, hələki bunun sonunu necə bitəcəyini bilmədiyi halda. Amma sən buna hazırsan. Bu yeniliyi ilk dəfə sən edə bilərsən. Biz sənə güvənə bilərik?
 - Hə, əlbbəttə. Mən hər şeyi sizə olduğu kimi danışacağam.
 Nəhayət lazımı yerə gəlib çatdıq. Bir anlıq öləcəyimi düşünürdüm. Bəlkə onlar məndən sadəcə siçan kimi istifadə edib məni tələyə öz ayağımla gətirirdilər. Bəlkə də siçan tələsinə gedirdim, hətta bunun tələ olma ehtimalını düşünə bildiyim halda. Axı onlar lənətə gəlmiş 4 ayrı narkotik və bir neçə zibilin qarışığını bədənimə yeridəcəklər. Amma bu fikiri tez ağlımdan çıxardım. Çünki bu pendir mənə lazım idi və bu mənim maraqlarıma güc gələ bilməzdi. Həm onlar məni niyə öldürsün ki? Axı mən onlara lazımı məlumatları verməliyəm. Əminəm ki onlar mənim sağ qalmağım üçün çox çalışıblar və çalışacaqlar. Nəhayət məni bir yerə uzandırdılar. Bir qız iynəni doldurmağa başladı. Ürək döyüntülərim sürətlənməyə başlayırdı. Bəlkə instinktiv olaraq qorxurdum? Bilmirəm, amma o iynəni artıq hazır etmişdi və qolumu spirtləyib iynəni damarıma vururdu.
  - Teo biz səninləyik - deyə Enderson baxışlarını mənə dikdi. Yanımızda 7-8 adam var idi. Hamısı da mənim üçün burada idi. On saniyəyə gözlərim qaralamağa başladı və beynimə bir ağrı girdi. Bədənimin əsdiyini və ürəyimin atışını açıq aydın hiss etməyə başlayırdım. Və... Ürəyimin atışı yavaş-yavaş dayanırdı.
 
 Gözlərimi açmağa başladığım zaman hava artıq qaralmışdı. Saatdan heç xəbərimdə yoxdur. Bu şəhərdə çox güclü soyuq bir külək əsdiyini hiss etməyə başlıyırdım. Deyəsən burada tək idim. Amma gecə olmasına baxmayaraq küçədən qarğaların səsi gəlirdi. Şəhər elə bil donmuşdu. Güclü küləyin səsi pəncərənin arasından keçib hürküdücü səs salırdı. Mənimsə bədənim soyuqdan əsməyə başlayırdı . Evdə sanki şaxta var idi və bu soyuducudan heç də fərqlənmirdi. Mən bu evdə nə edirəm? Heç bilmədim üstümü örtməyə bir şey tapım ya burada niyə olduğumu düşünüm. Bura haradı axı? Mən niyə bu evdə təkəm? Ətrafımda da bir sınıq sökük və nəmdən taxtası çürümüş şkafdan, oturduğum divandan, zəif işıqlı lampadan və divarda lənətə gəlmiş bir bayquş şəklindən başqa heçnə yox idi. Nəhayət pəncərə tərəfə keçib küçəyə baxmaq istədim. Guya ki, bu zəhrimar ölkədə haranısa tanıyıram. Amma o an ağlıma başqa bir şey gəlmirdi. Pəncərədən küçəyə baxanda küləyin gücündən az qala yıxılmaq üzrə olan ağaclardan başqa bir şey görmürdüm. Saatın neçə olduğu da məlum deyildi. Küçədə heç kim olmadığını və heç bir evin işığının yanmadığını görəndə saatın iki ya üç olduğunu düşündüm. Əynimdə sadəcə köynək və şalvar var idi və mən bu evdə soyuqdan bir saat da qala bilməzdim. Bircə onu bilirdim ki, bu evdən tez çıxmalı və kömək istəməliyəm. Yoxsa elə bu soyuqda buradaca öləcəm.
 Nəhayət pəncərədən ayrılıb qapıya tərəf getdim. Qapı tamamilə nəm idi . O dərəcədə nəm idi ki, əlimlə qapını itələyəndə taxta qapının əzildiyini hiss elədim. Yəqin ki, burada uzun müddət yağış yağıb. Küçəyə çıxan kimi güclü bir külək üzümü sanki şillələdi. Deyəsən meşə tərəflərdə idim. Bir müddət soyuq havada getdikdən sonra artıq qorxmağa başlamışdım. Axı kim soyuq və bir işıq belə olmayan bir meşənin ətrafında tək gəzməkdən qorxmaz. Qabağımda balaca bir heyvan keçsə yəqin ki, ürəyim partlayıb oradaca ölərdim. Amma tanımadığım bir yolda getməkdən başqa heç bir çıxış yolu yox idi. Yüz metr aralıda ağacların arasında işıq görünməyə başlayırdı. Oradan qəribə səslər gəlirdi və deyəsən bu qalın səsli kişilər idi. Orada nə baş verdiyini öyrənmək üçün asta-asta həmən yerə yaxınlaşmaq istəyirdim . Gizlənə-gizlənə nəhayət qalın bir ağaca çatıb ona söykəndim. Səslər tam arxadan gəlirdi. Bu qalın kişi səsinə oxşasada yenə də müəyyən etmək olmurdu. Əgər kişi səsi idisə bu səs çox iyrənc bir formada gəlirdi. Ağacın arxasından baxmağa çalışdım və.... 40 yaşlı kişilərə oxşatsam da diqqətlə baxanda onların nə yaşını, nə də qadın ya kişi olduqları bilinmirdi. Saçları ağ, əlləri qan, yandırdıqları budaqların ətrafında gəzirdilər və nə etdiklərini müəyyən etmək olmurdu. Bəs səsləri niyə belə gəlirdi? Əlləri niyə qanlı idi. Bu nəyin qanı idi. Bəs əllərini niyə təmizləmirdilər? Sayları 30 nəfər olardi. Nə edəcəyimi bilməsəmdə həmən vaxt onlara yaxınlaşmaqdan başqa heç nə ağlıma gəlmədi. Onlara yaxınlaşan kimi güclü bir fit səsi verildi və hamısı eyni anda mənə tərəf döndü. Beş metr məsafə qoyaraq mühasirəyə aldılar və başçıları mənə yaxınlaşıb, gözlərimə uzun-uzun baxmağa başladı. Donub qalmışdım, bəlkə də qorxurdum. Mən axı qorxmamalı idim. Mən heçnədən qorxmayacağıma inanırdım. Lakin insan olan şəxsin bədəni burada qorxudan başqa bir şey hiss edə bilməzdi. Onlar gecənin bu vaxtı burada nə edirlər ? Və əlləri qanlı formada onların indi arasındayam. Nəhayət başçı mənimlə danışmağa başladı.
 - Necəsən?
 Görəsən həqiqətən mənim əhvalım ona maraqlı idi? Ya o da…
  - Heç yaxşı deyiləm deyəsən. - Qorxmadın? - Nədən? Niyə?
 - Səni öldürə biləcəyimizdən. - Mən, Mənə evdə çox soyuq idi, orda qala bilməzdim. Mən bilmirəm hardayam, bura haradi. Bu hansı şəhərdi?. Mən buranı tanımıram. Nə baş verir axı?
 - Arxamca gəl.
 Bax əsl qorxunu indi hiss etməyə başlıyırdım. Məni özü ilə meşənin içinə tərəf apardı. Burada kiçik daxma var idi və məni ora saldı. Daxmada qəribə istilik var idi. Görəsən bu soyuq havada bu daxmanı isidən nə idi?
 - De görüm bura hardan gəlmisən?
 -Mən bilmirəm, gözlərimi hansısa lənətə gəlmiş bir soyuq evdə açdım mən tamam başqa bir yerdə idim, başqa yerdə yatırdım. Mən..
 -Kifayətdir. Mən hər şeyi bilirəm. Ona görə sual verdim ki, görüm yalan deyəcəksənmi. Bax, bura çox səhv eliyib gəlmisən. Niyə ? Sadəcə maraqlı gəldi axmaq ?
 -Baxın mənim sizdən xəbərim yox idi və belə olacağını bilsəydim gəlməzdim. Sadəcə uzaqdan səslər gəldi, mən də səs gələn tərəfə yəni sizin yanınıza...
 - Bura sən düşündüyün dünya deyil. Sən sistemi pozmusan. Sənin beynin bu dünyani qəbul edə bilməz. Bu dünya sənlik deyil, heç bir insan bura canlı şəkildə gələ bilməz. Bizim öz dünyamız var və o demek deyil ki, sən bura gəlməlisən. Sənin beynin bu dünyanı dərk etmə gücündə deyil. Hər gün bizim dünyaya gəlib istədiklərinizi, düşündüklərinzi yaşayırsız. Amma bu tamaşanın pərdə arxasını görə bilmirsiz. Bəzən sahib olduqlarınla kifayətlənməlisən. Bura sizin üçün ancaq əzablı bir yerdir. Amma az qalıb çox az. Bir gün hamımız bir yerdə olacağıq, amma burada deyil, bizim öz dünyamızda deyil. Sən ölməlisən, amma asan bir şəkildə yox. Sən öz dünyanda deyilsən və sistemi pozmusan. Bunu ilk dəfə sən eləmisən və bu sistemi pozan şəxs istənilən halda bu məkanda aciz olacaq. Sən qaydalara görə əzabla öləcəksən.
 Bunu deyib daxmadan çıxdı. Yəqin ki, bu zəhrimar yerə heç gəlməməli idim. İndi evdə oturub isti çayımı içirdim. Az sonra mənə işgəncə veriləcək və mən aciz bir şəkildə öz ölümümü gözləyirəm. Sistemi pozmusan nədir axı? Bizim dünyamız nədir? Və nəyə az qalıb, biz niyə bir yerdə olacağıq? Buranı işıqlandıran yeganə şam sönməyə başlayırdı . Artıq daxmanı soyuq doldururdu. Beş dəqiqə içərisində soyuq hava damarlarıma qədər işləyirdi. Görəsən nə olacaqdı? Yoxsa elə işkəncə budur ? Buna heç dözə bilmərəm. Qar, çovğun olmasa da qəribə bir soyuqluq artıq qanımı dondurmağa başlyırdı. Gözlərimi yumub ölümümü aciz bir şəkildə gözləməyə başladım.
 -Sən yaxşısan? Hahahaa. Noldu sənə buz kimi olmusan. Bu cür soyuq temperaturda ölə bilərdin. Həkimlərimiz dedi ki, belə getsə ölə bilərsən. Buna görə səni oyatmağa məcbur olduq. Nə oldu sənə belə birdən?
 Bu səs tanış gəlirdi. Gözlərimi asta-asta açmağa başladım və... Mr Enderson? Heç bilmədim onu görəndə sevinim ya boğub öldürüm. Heç nə bilmirdim. Tək bildiyim odur ki artıq mənə soyuq deyildi və bu zəhrimar ölkədən tez getmək lazımdır.
 - Hə Teo, danışa bilirsən?
 - Hə. Mən yaxşıyam.
 - De görək noldu? Nə baş verdi ki belə soyuq oldu bədənin. Biz səni eşidirik.
 Ətrafıma baxmaga başladım. On nəfərə yaxın insan yanımda durmuşdu. Onlar elə maraqla mənim cavabımı gözləyirdilər ki, elə bil bundan vacib dünyada heçnə ola bilməz.
 -Həə, biz səni gözləyirik.
 - Mən... Siz hamınız ... Məncə siz lazımsız bir iş görürsüz. Bu isti dünyamızdan başqa bizə heç nə lazım deyil. Bizim beynimiz... Sistemi dəyişdirmək lazım deyil. Hər şey bu cür daha yaxşıdı. Bir səmaya baxın, diqqətlə baxın, 5 dəqiqə gözünüzü çəkmədən baxın... Və bizə başqa bir şey lazım deyil. Gözəl dünyamız bizə bəsdir. Nəyə gərəkdi ikinci dünya? Nəyə gərəkdi cənnət? Biz hər istədiyimizi öz dünyamızda yarada bilərik. Biz bunu bacararıq, hər kəsi dəyişə bilərik. Biz bəzən sahip olduqlarımızla kifayətlənməyi bacarmalıyıq. Bizə başqa heçnə lazım deyil.
 Daxmada eşitdiyim sözlər yadıma düşürdü. Həqiqətən insan bəzən sahib olduqları ilə kifayətlənməlidirmi? Axı niyə? Niyə yeni şeylərə sahiblənmək bəzən gərəkiz olur. Deyəsən yorulmuşdum. Axı mən nə etdim, Nəyə nail olmağa çalışmışdım. Bilmirəm, bircə hiss edirdim ki, gözlərimə qaranlıq çökür. Deyəsən yatmaq vaxtı idi. Uzun bir zaman içində yatmaq.


                                                                                                                                          
Məhəmməd Şükürlü

Xəbər lenti