İtinə toy edən iş adamı danışdı: "Heç bir..." - FOTO/VİDEO

İtinə toy edən iş adamı danışdı: "Heç bir..." -  FOTO/VİDEO
(adsbyskyline = window.adsbyskyline || []).push({});
(adsbyskyline = window.adsbyskyline || []).push({});
- Heç bir toydan söhbət gedə bilməz. Yazırlar ki, dəvətnamə paylamışıq, adam çağırmışıq, nə bilim dəm-dəsgahla toy olub. Hamısı yalandı. Sadəcə, dostlarla məclis qurub, əylənmişik.
Goranboyda, “G Group”un ofisindəyik. Qrupun prezidenti Qalib Mustafayevin otağında. Orada olduğumuz 1 saat ərzində telefonları susmur.
- Dünəndən azı 60 jurnalist zəng edib. Bir nəfər də gəlib yerində araşdırmır ki, əslində nə baş verib?
Hə, əslində nə baş verdiyini bir azdan yazacağıq. Elə Qalib müəllimin öz dilindən. Hələliksə, bir neçə gündür az qala gündəmi zəbt edən hadisədən danışaq.
“G Group”un prezidenti Qalib Mustafayevin “Amon” və “İsida” adlı itlərinə toy etməsi, xüsusi dəvətnamələr göndərilərək toya qonaqların çağırılması, məclisə aşıq gətirilməsi… bütün bunların necə baş verdiyini də yazacağıq. Amma…
Amma hələ ki hadisənin qəhrəmanları “Amon” və “İsida”nı axtarırıq. Zavodun həyətində xüsusi qəfəsdə saxlanılır hər ikisi. Bu itlərə baxan şəxs yanlarında olmasa, yad adamı parçalayarlar. Elə qəfəsdən də bir-bir gətirir itəbaxan şəxs. Əvvəl “Amon”u, erkək iti.
Həmsöhbətimiz deyir ki, “Amon” da, “İsida” da “Doberman” cinsindəndir.
- Hər ikisini Moskvadan gətirmişik. Hələ körpəykən. Pasportları da var. Bunlar mühafizə itləridir. Sahibinə çox sadiqdirlər. Fikir verdiniz, “İsida” “Amon”a nisbətən bir az balacadır. Erkək “doberman”lar dişilərdən haradasa 10-15 sm hündür olur. Çəkiləri də təxminən 10 kiloqram fərq edir. “Dobermanlar” sahibini və ətrafını pis gördüyü hər şeydən qoruyur. Bax, “Amon” sizi iyləsə (təbii ki buna razılaşmırıq - S.M.), bu iyi azı 3 il unutmaz. 3 ildən sonra bura gəlsəniz, “Amon” sizi tanıyacaq və onda yaxınına gələ bilərsiniz. Çox həssas itlərdir bunlar. Təsəvvür eləyin ki, sizin pis niyyətli olduğunuzu belə hiss edə bilirlər.
Bu itləri də zavodun mühafizəsi üçün alıb gətirmişik. Mən həmişə demişəm, cəmiyyət olan yerdə həmişə oğurluq olub və olacaq. Elə bizim zavoddan da, bir də görürsən, kimsə nəsə oğurlayır. Amma biz həmin adamı tənbeh edirik, yenidən cəmiyyətə qaytarırıq ki, yararlı olsun. İşdən çıxarmağa nə var ki? Hə, o ki qaldı itlərə, inanın, başqa niyyətimiz yoxdur. Sözün həqiqi mənasında, bu itlər zavodun mühafizəçiləridir. Əyləncə məqsədi ilə alıb gətirməmişəm bunları. Özü də mən heyvansevənəm. İt də, pişik də saxlamışam.
- Bəs bu itləri neçəyə almısız?
- O qədər də baha qiymətə almamışıq. Saxlanması da o qədər problem deyil. Özümüz nə yeyirik, ondan veririk. Düzdür, “Amon” xüsusi it yeməklərini xoşlayır. Amma “İsida”ya fərq etməz, nə versən yeyir. Bircə yaldan başqa. “Doberman”lar qürurlu itlərdir. Yal yeməzlər.
“Amon”a baxanda, “İsida” bir az mehribandı. Sahibinin “İsida, uzan!” komandasına anındaca reaksiya verir. Ayağımızın altında uzanıb, nazlanır.
Qalib müəllim deyir ki, adı keçən məclis də hansısa restoranda yox, elə bu zavodun həyətində olub.
- Bax, burada stol qoyub oturduq. Düz həyətin ortasında. Restorandan yemək sifariş verdik. İtlər də böyür-başımızda hərlənirdilər. Biz də yeyib-içirdik dostlarla.
Həmsöhbətimizin dediyinə görə, həmin gün onun Moskvadan qonağı gəlibmiş. Neçə illərin dostuna zavodunu göstərib. Zavodda istehsal olunan malların sərgisiylə tanış edib.
- Zavodla tanışlıqdan sonra qərara aldıq ki, onsuz da haradasa yeyib-içəcəyik, elə burda, təmiz havada oturaq. Tez həyətə stol-stul düşürdük. Restorana yemək sifariş verdik. Mən sizə hesabı da deyə bilərəm. Həmin yeməklərə və içkilərə 269 manat ödədim.
Deyir ki, neçə ildir görmədiyi dostlarla yaxşıca istirahət ediblər, əyləniblər. Əhval-ruhiyyələri də yaxşı olub.
- Bundan sonra dostum təklif elədi ki, çoxdandır aşıq havası eşitməyib, aşığa qulaq asmayıb. Bir aşıq tapaq. Dostlara zəng etdik, aşıq Şəmmədi tapıb gətirdik. Balabançı Haqverdiylə birgə. 50 manat da aşığa pul verdik. Xeyli mahnı oxudu, dastan danışdı. Məclisin şirin yerində dostum başladı, necə deyərlər, mırtlaşmağa. Bizim bir dostumuz var, adına Con deyirik. İş adamıdı. Məclisi çəkib ona göndərdik ki, yerin məlum, kaş sən də burada olaydın, bizimlə yeyib-içəydin. O da cavab verdi ki, nuşi-can, Allah qoysa, bir yerdə oturarıq tezliklə. Bu vaxt dostum Şakir başladı məzələnməyə. Dedi, gəl Cona deyək ki, guya sənin itlərinə toy edirik. Biz də gülüşdük. Həmin vaxt itlər qəfəsdəydi. Bir az böyrümüzdə fırlanıb, yeməklərini yeməyə getmişdilər. Yenidən itləri bayıra çıxardıq. Şakir heç itlərin adını belə düz-əməlli bilmirdi. Fikir verirsinizsə, deyir içək “Amon”la “Zita”nın sağlığına. Halbuki itin adı “İsida”dır. Biz də başladıq bu sağlığa gülməyə. Təzədən dostumuza çəkib göndərdik. O da oradan bizimlə məzələndi. Beləcə, yeyib-içmək davam etdi.
- Axı kadrlardan da görünür ki, itlər bəzədilib?
- Mən də onu deyirəm də. İtlər təkrar qəfəsdən bizi yanımızı gətiriləndən sonra biz Conla zarafat etmək istədik. Tez uşaqlardan birini göndərdik ki, bəzək əşyaları alsın itlərə. O da gedib itlərin üstündə gördüyünüz “baboçka”nı, o birilərini aldı. Bədənlərinə taxdıq ki, çəkək göndərək. Hələ aşığa da zarafatla dedik ki, tez bir şeir qoş, guya itlərin toyudu. O da bir az fikirləşib, başladı oxumağa:
“Çaldığın balaban yastıdı,
İtlər insanın dostudu” (Gülür).
- Bəs tort? Üzərinə “Amon və İsida xobəxt olun” yazısı olan tort. Bu axı qısa zamanda hazırlana bilməzdi.
- (Gülür) İnanmayacaqsınız, həmin şirniyyat mağazasının yerini də deyim, gedin soruşun. Həmin tort köhnə tortdu. Necə deyərlər, vaxtı keçmiş. Mağazaya zəng vurub dedik ki, tortlardan birini üzünü götürün “Amon və İsida xoşbəxt olun” sözü yazıb bura gətirin. Onlar elə də elədilər. O torta heç əl vuran da olmadı. Sadəcə, dostumuzla zarafatlaşmaq, mırtlaşmaq üçün bu oyunu qurduq. Sonu da belə.
Qalib müəllim deyir ki, dostu da həmin video-roliki başqa birisinə göndərib.
- Neçə gündür zəng edib deyir ki, vallah, mən nə biləydim axırı belə olacaq. Gündə 3-4 dəfə zəng edib təəssüfləndiyini deyir. Haradasa, kiminsə əlinə düşüb bu video-rolik. Beləcə, yayılıb. Sizə bir söz deyim? Dost-tanışınızla yeyib-içib, şənlənib zarafat etmirsiniz? Biz də öz aramızda zarafatlaşmışıq. Bu, mənim şəxsi həyatımdı, nədən müdaxilə edirlər, anlamıram. Kimlərsə imicimə zərbə vurmaq istəyir. Gözdən salmağa çalışır. Amma buna nail ola bilməyəcəklər. Bu zavodda 200 nəfər çörək qazanır. Toyu olanlara yardım edirəm, hüzrü düşənlərə köməklik göstərirəm. Halal xoşları olsun, zəhmətlərinin bəhrəsini görürlər. Mən bu zavodu dişimlə-dırnağımla qurmuşam.
2003-cü ildə cəmi 9 nəfərlə işə başlamışam. Göstərdiyimiz səylər nəticəsində qısa bir zamanda böyüdük və 2007-ci ildə “G Group” MMC-ni yaratdıq. Yarandığımız gündən əldə etdiyimiz təcrübəyə əsaslanaraq, bir çox uğurlara imza atdıq. Hazırda hədəfimiz ölkə hüdudlarından kənarda məhsullarımızı tanıtmaqdır. Müasir texnologiyalara malik avadanlıqlarla təchiz edilmiş istehsal sahəmiz var. İnandırıram, bizim məhsullarımız Türkiyə və Avropadakından geri qalmır. Yaxın günlərdə bir seximiz də fəaliyyət başlayacaq. 15 nəfər də orda işə adam götürəcəm. Burada işləyənlərin hamısı goranboylulardır, hamısı da gəncdir. Qaçqınlara, şəhid ailələrinə, Çernobıl əlillərinə daim yardım edirik. Yəni bu qədər iş görmüşük və görəcəyik. İndi də bu it məsələsiylə gündəmə gəlmək... vallah, ayıbdır. Axı həqiqət elə deyil...
***
Məclisin başqa iştirakçısı - aşıq Şəmməd Məmmədovu axtarıb tapdıq. Maraqlı adam imiş. Deyir, Qarabağ müharibəsi başlayandan, ilk şəhidlər gələndən özünə söz verib ki, sazını götürüb toylara getməyəcək. Getmir də.
- Ay qardaş, aşığı kim dolandırmalıdır? Əlbəttə, el-oba. Dedim də sizə toylara niyə getmirəm. Çörək kəsdiyim adamlar dolandırır indi məni. Bir də belə məclislərə gedirəm hərdən.
Aşıq deyir ki, həmin gün ona zəng edib, yeyib-içmək məclisinə çağırıblar.
- Mən də razılaşdım. Balalarıma çörəyi bu sazla qazanıram. Zəng elədim balabançı Haqverdiyə, durub getdik. Gördük zavodun həyətində 5-6 nəfər yeyib-içir. Nə sifariş verdilər, oxudum. Hətta dastan da danışdım. Dağlardan, gözəllərdən də oxudum. Arada itlərə tərif də dedim. Amma toy eləməmişəm axı! Sadəcə, tərif demişəm, bir-iki ağız.
- Bəy tərifi yəni.
- Yox e, qardaş, oradakılardan biri başladı məzələnməyə, itləri geyindirdilər. Zarafatla qayıtdı ki, buna bir tərif de. Mən də başladım həmin videoda gördüyünüz o mahnını düzüb-qoşdum. (Gülür) Axırda da pulumuzu alıb, getdik Haqverdiylə evə. İndi də arvad evə buraxmır. Bütün kənd hoydu-hoyduya götürüb ki, itə toy çalmısınız. Balalarımın canı, toy olmayıb. Bayaq dedim, bircə mahnı oxumuşam. Onu da kaş oxumayaydım. Amma sabah sən məni xeyir işinə çağır, Haqverdini də götürüb gələcəm. Mənim də balalarım var, mən də dolanmalıyam axı...
***
Belə. Neçə gündür ölkə mediasının gündəmini məşğul eləyən “it toyu” olayı ilə bağlı yazılanlardan başqa, bir də həmin hadisəni təşkil edənlərin fikrini dinləmək istədik. Doğrusu, asan olmadı. O məşhur video-rolikdə gördüyünüz adamlar – itlərin sahibləri bizi başqa həmkarlarımızla bir sırada tənbeh də elədilər, qınadılar da, hətta irad da bildirdilər. Amma bunlar hamısı təfərrüatdı. Əsas odur ki, onları tapıb danışdırdıq, “Amon”la “İsida”nı qəfəslərindəcə gördük, çəkdik, biçarə aşığın o “toy”dan sonra yaranmış dərdlərinə qulaq verdik. Qısası, işimizi gördük. Bundan beləsi – oxumaq və dəyərləndirmək - oxucunun işidir...
Qaynar.Az
Mənbə: Lent.az 
(adsbyskyline = window.adsbyskyline || []).push({});(adsbyskyline = window.adsbyskyline || []).push({});
(function(w, d, n, s, t) { w[n] = w[n] || []; w[n].push(function() { Ya.Context.AdvManager.render({ blockId: "R-A-211058-1", renderTo: "yandex_rtb_R-A-211058-1", horizontalAlign: false, async: true }); }); t = d.getElementsByTagName("script")[0]; s = d.createElement("script"); s.type = "text/javascript"; s.src = "//an.yandex.ru/system/context.js"; s.async = true; t.parentNode.insertBefore(s, t); })(this, this.document, "yandexContextAsyncCallbacks");

Xəbər lenti