Kasıbların çoxuşaqlılıq faciəsi

Kasıbların çoxuşaqlılıq faciəsi

Azeritimes.Az kulis.az-a istinadən Sevda Sultanovanın yazısını təqdim edir

Mövcud vəziyyət ölkəmizdə bu problemi daha da aktuallaşdırdı. Ağır şərtlərdə yaşayan, minimum tələblərini belə ödəyə bilməyən ailənin dünyaya uşaq gətirməsi israrını nəzərdə tuturam.

Dostluq elədiyim yaxın ailənin övladdan bir qızı var. Bütün qohum-əqrəbası ailənin canına daraşıb ki, mütləq oğlunuz da olmalıdır. Səbir kasası daşan ata deyib ki, qəbilə davası aparmıram ki, mütləq oğlum olsun. Əvəzində valideynlər qızlarının gələcəyi üçün mümkün olan hər şeyi edir, sevgi dolu mühitdə böyüdür, yaxşı təhsil verir, maddi, mənəvi tələbatlarını yetərincə təmin eləyir. Ailənin yeniyetmə qızı musiqiçidir, beynəlxalq festivalların laureatıdır, valideynləri ilə cəsarətli polemikalara girir, öz mövqeyi, zövqü formalaşır.
 
Əlbəttə ki, dünyaya uşaq gətirmək hər şeydən əvvəl insanın instinktlərinin diktəsindən doğur. Amma sivil cəmiyyətlərdə instinkt daha çox şüura tabe olur.
 
Biz isə faktiki olaraq şüurun instinktlərə tabe olduğu cəmiyyətdə yaşayırıq. Dünyaya uşaq gətirilməsi, ailə institutuna münasibət məsələsində bizim toplum sözün ziyanlı mənasında qatı ənənəçidir, ibtidai düşünür. Çünki toplum düşüncəsində uşaqsız ailə modeli mövcud deyil və dünyaya uşaq gətirilməsini felin "vacib" formasında qəbul edir. Övlad absolyut xoşbəxtliyin tək formulu kimi qavranılır. Amma reallıq əksər hallarda başqa şey deyir-uşaq dünyaya gətirmək xoşbəxtliyin düsturu deyil. Və daha pisi övlad yetişdirməyin məsuliyyətini dərk etməyən ailələr qurulur ölkədə.
 
Məsələn, cinayət zəminində olan hadisələrin bir qismi valideyn-övlad arasında baş verir.
 
Yaxınlarda gənc ananın 16 yaşlı qızının qətli faktını yada salaq. Cinayətlərin çoxunun əlbəttə ki, yalnız maddi səbəblərin olduğunu düşünmək sadəlövhlükdür. Maddi tərəflər bir yana, ümumiyyətlə övladla valideyn arasında ciddi mənəvi uçurum, anlayışsızlıq var. Oxşar faciələrin çoxluğu uşaqla necə davranmaq, valideynliyə hazır olub-olmaması məsələsini gündəmə gətirir və ümumiyyətlə, mövcud ənənəçi ailə modelinin, ona baxışların nə qədər köhnəlmiş, yararsız olduğunu təsdiqləyir.
 
Bu yaxınlarda daha bir faciəli xəbər oxudum: Gəncədə 12 yaşlı qız anası tərəfindən diri-diri yandırılaraq qətlə yetirilib. Hadisənin qızın evdən xəbərsiz pul götürməsi üstündə baş verdiyi, cinayəti törədən qadının isə ruhi xəstə olduğu bildirilir.
 
Faciə başqa problemi də gündəmə gətirir, bir neçə il öncə bu haqda yazmışdım: mental təfəkkürdə hansısa naməlum inanca görə ruhi xəstə olan adam ailə qurarsa sağalacaq.
 
Yaxud başqa bir xəbərdə deyilir ki, ata oğlunu ortaq cinayətinə sövq edib, onlar bərabər İrandan narkotik maddə gətirərkən saxlanılıblar.
 
Sərt reallıq bundan ibarətdir ki, ailələrin sosial durumu pisdir, dövlətin maddi təminatı, dəstəyi kifayət etmir.
 
Odur ki, belə vəziyyətdə min cürə problemi, gerçəkliyi nəzərə almadan, imkansızlıq şəraitində, düşünüb-daşınmadan uşaq doğurmaq iddiası xoşagəlməz nəticəyə çevrilə bilər.   
 
Özü də bir uşaq azlıq edir, ailə birini də istəyir. İkinci uşağın istənilməsinin izahı da var: "Qardaşın gərək bacısı olsun", "Bacının qardaşa ehtiyacı var". İzahların intonasiyasında insanların cəmiyyətə, ətrafa güvənsizlik sorunu dayanır. Yəni onlar düşünür ki, mövcud mühit, qanunlar, şərtlər uşaqlarının güvənli şəkildə yaşamasına təminat vermir. Ona görə "Bacının bir qardaşı da olmalıdır" (yəni onu qorumalıdır, arxasında dayanmalıdır) kimi, yəqin ki, məntiqi qəbilə təfəkkürü ortaya çıxır.
 
Ya da ailə ikinci uşaq və ya ümumiyyətlə uşaq istəmir. Yaxın qohum-əqrəbaları onların əvəzində qərar verir, gənc ailənin başının ətini yeyir ki, bir uşaq azdır, sonsuz öləcəksən, birini də doğ, Allah da ruzisini yetirəcək. Və Allahın ruzisi niyəsə gəlib çıxmaq bilmir.
 
Normal ailə dünyaya niyə insan gətirdiyini, ona nələrin verə biləcəyini dərk etməlidir.
 
Bir də sadə həqiqəti anlamalıyıq ki, dünya dəyişir. İnsan daha mürəkkəb sosial varlığa çevrilir, yaşam dəyərləri, şərtləri, baxışları, tələbləri dəyişir. Dünyada insanın ali məqsədi yalnız ailə qurmaq, uşaq gətirmək deyil. Çox ümid eləmək istəyirəm ki, bizdə də fərdlər nə vaxtsa həyatlarını instinktlərinə, ənənələrə görə yox, iradələrinə uyğun quracaqlar.

Xəbər lenti