Ölkəmizdə aparılan uğurlu islahatlara beynəlxalq qiymət

Ölkəmizdə aparılan uğurlu islahatlara beynəlxalq qiymət
Avropa Şurasının MONEYVAL Komitəsi Azərbaycanın pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sistemini müsbət dəyərləndirib. Maliyyə Monitorinqi Xidmətinin (MMX) bu barədə yaydığı məlumata görə, cari ilin 5 dekabr tarixində Avropa Şurasının MONEYVAL Komitəsinin 57-ci plenar iclası keçirilib. İclas çərçivəsində Azərbaycanın cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində IV raund qiymətləndirilməsi üzrə növbəti tərəqqi hesabatı dinlənilib. Müzakirələrin nəticələrinə uyğun olaraq qəbul olunmuş qərarda IV raund çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) 40+9 Tövsiyəsinin, o cümlədən MONEYVAL-ın onlardan irəli gələn tövsiyələrinin Azərbaycan tərəfindən müvəffəqiyyətlə yerinə yetirildiyi qeyd edilib. Həmçinin ölkədə bu sahədə aparılmış islahatlar yüksək dəyərləndirilib. Hüquqi bazanın təkmilləşdirilməsi, institutsional potensialın gücləndirilməsi, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə əlaqədar əldə edilmiş nailiyyətlər xüsusi olaraq vurğulanıb. Bununla da, Azərbaycan cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sistemi beynəlxalq səviyyədə mövcud standartlara tam cavab verən sistem kimi qiymətləndirilib.
 
 

Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev mövzu ilə bağlı "Kaspi”yə açıqlamasında bildirdi ki, bir sıra beynəlxalq təsisatlar Azərbaycan qanunvericiliyi barədə tam məlumatlı deyillər. Onun sözlərinə görə, əgər beynəlxalq qurumlar bizim qanunlarımızla ətraflı tanış olsalar, görərlər ki, bu istiqamətdə bütün parametrlər üzrə Azərbaycan digər dövlətlərə əsl nümunədir: "Məsələ burasıdır ki, biz qanunlarımızı təbliğ edə bilmirik. Son illər qeyd olunan istiqamətdə müvafiq qanunvericiliyə əlavə və dəyişikliklər edilib, daha da təkmilləşdirilib. Mükəmməl qanuna söykənərək, real addımlar atılıb. Biz başa düşürük ki, terrorizmin milləti, dövləti yoxdur. Bu, ümumilikdə bəşəriyyət üçün təhlükədir. Terrorizmə, onun maliyyələşməsinə, çirkli pulların yuyulmasına qarşı bütün dünya, o cümlədən Azərbaycan mübarizə aparır. Ona görə də, Azərbaycanın bu istiqamətdə atdığı addımlar Avropa təsisatları tərəfindən təqdir olunmağa başlayıb. Bu hadisəni ədalətli baxışların başlanması kimi də dəyərləndirmək olar”.  
 
 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı alim Vüqar Bayramov hesab edir ki, Azərbaycanda aparılan islahatlar pulların leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi istiqamətində uğurların əldə edilməsinə imkan yaradıb. Ekspertin qənaətincə, Avropa Şurasının MONEYVAL Komitəsinin qiymətləndirməsi göstərir ki, Azərbaycan son illər uğur əldə edən əsas ölkələrdən biridir: "Nəzərə alsaq ki, söhbət Avropanın beynəlxalq baxımdan kifayət qədər əhəmiyyətli qurumunun araşdırmasından gedir, aparılan islahatlar ölkəmizdə çirkli pulların yuyulması, pulların leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi ilə yanaşı, yeni bir modelin tətbiqini də həyata keçirir. Azərbaycanın bu sahədə apardığı islahatlar və tədbirlər beynəlxalq standartlara cavab verir. Mövcud qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğun olaraq tətbiq edilən qaydaların sözügedən sahədə uğurların əldə edilməsinə imkan verməsi ilə yanaşı, Azərbaycan müasir texnologiya və innovasiyalardan istifadə etməklə, çirkli pulların yuyulması, terrora qarşı mübarizədə uğurlara imza ata bilib. Azərbaycanın bu sahədə əldə etdiyi uğurlar təqdirəlayiqdir. Ölkəmiz, bütövlükdə, bu sahədə şəffaflığın gücləndirilməsi və pulların leqallaşdırılmasına qarşı mübarizəni daim davam etdirir. Avropa Şurasının MONEYVAL Komitəsinin Azərbaycanın pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sistemini müsbət dəyərləndirməsi ölkəmizdə aparılan uğurlu islahatlara bir qiymət kimi xarakterizə olunur. Genişmiqyaslı islahatlar həm də bu sahədə şəffaflığın artırılmasına, innovativ metoda əsaslanan sistemin qurulmasına, ən əsası isə beynəlxalq standartlara uyğun olaraq, Azərbaycanda yeni və müasir sistemin qurulmasına gətirib çıxarıb”.
 
 

Konstitusiya Araşdırmalar Fondunun Prezidenti, korrupsiya ilə mübarizə üzrə QHT-lərin məlumat və əməkdaşlıq şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev də qəzetimizə açıqlamasında deyib ki, MMX həm beynəlxalq müqavilələrdən irəli gələn tələblərə uyğun şəkildə yaradılıb, həm də fəaliyyətini bu istiqamətdə qurub. O qeyd edib ki, Azərbaycan çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mükəmməl qanun qəbul edib. Ekspertin sözlərinə görə, bu qanuna, zaman-zaman müasir tələblər və təcrübə nəzərə alınmaqla, əlavə və dəyişikliklər də edilib: "Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə Maliyyə Monitorinq Xidməti müstəqil qurum kimi təsis edilib. Halbuki, bu fərmana qədər həmin qurum Maliyyə Bazarlarına Nəzarət Palatasının, ondan əvvəl isə Mərkəzi Bankın yanında idi. Lakin Avropa Şurasının MONEYVAL Komitəsinin tövsiyələri də nəzərə alınmaqla, Maliyyə Monitorinq Xidməti müstəqil quruma çevrildi. Bu, sözügedən xidmətin digər qurumlardan asılılığını tam aradan qaldırır. Şəxsi müşahidələrim əsasında qeyd edə bilərəm ki, müstəqil fəaliyyət göstərən xidmət öz işini günün tələbləri səviyyəsində qurmağı bacarıb. Azərbaycanda çirkli pulların yuyulmasına, terrorizmin maliyyələşdirilməsinə qarşı ən effektiv qurumdur. Xidmət müxtəlif təsisatlarla da operativ işləyir, maksimum səviyyədə səmərəli fəaliyyət ortaya qoya bilir. Təbii olaraq Maliyyə Monitorinq Xidmətinin fəaliyyətini beynəlxalq təsisatlar da izləyir, müvafiq qiymətləndirmə aparır, hər zaman da xidmətin fəaliyyəti barədə müsbət fikirlər qeyd edirlər. Bu baxımdan, Azərbaycanın cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin, digər əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin beynəlxalq səviyyədə mövcud standartlara tam cavab verən sistem kimi qiymətləndirilməsini təbii hal sayıram. Azərbaycanda bu istiqamətdə səmərəli fəaliyyət, mexanizm ortaya qoyulub”. 

Rufik İSMAYILOV

Xəbər lenti