Lukaşenko Aİİ-dən narazıdır

Lukaşenko Aİİ-dən narazıdır
Sankt-Peterburqda Avrasiya İqtisadi İttifaqının (Aİİ) Ali İqtisadi Şurasının iclası ərəfəsində təşkilat daxilində ziddiyyətlər yaranıb. Təşkilata dəfələrlə sürprizlər yaşadan Belarus prezidenti Aleksandr Lukaşenko bu dəfə Avrasiya İqtisadi İttifaqının bir sıra funksiyalarına yenidən baxılmasının zəruriliyindən bəhs edib. Belarus məmurları isə daha irəli gedərək Minskin mövqeləri nəzərə alınmasa, ölkənin Avrasiya İqtisadi İttifaqından çıxacağı ilə hədələyiblər. Rusiya mediasının yazdığına görə, ötən gün təşkilata daxil olan ölkələr geniş və dar çərçivədə görüş keçiriblər, bundan əlavə, inteqrasiya münasibətlərinin inkişaf etdirilməsi, ittifaqın rəqəmsal gündəliyinin reallaşması, ümumi qaz, neft və neft məhsulları bazarının formalaşdırılması diqqət mərkəzində olub. Gündəliyə Avrasiya İqtisadi İttifaqının beynəlxalq fəaliyyətinin əsas istiqamətləri, transsərhəd bazarlarda rəqabət, kosmik və geoinformasiya xidmətləri göstərilməsi də daxil edilib.
"Nezavisimaya qazeta” yazır ki, Belarus prezidenti yenə də sammit ərəfəsində səsləndirdiyi bəyanatla təşkilat daxilində intriqa və gərginlik yaratmış olub. O bəyan edib ki, Avrasiya İqtisadi İttifaqında imzaladığı bir sıra razılaşmalara yenidən nəzər salınması və müəssisələr üçün vahid iş şərtlərinə əməl olunması məsələsini qaldıracaq. A.Lukaşenko bu mövzunu Avrasiya İqtisadi İttifaqının sammitindən əvvəl, hökumət başçılarının toplantısında qaldırıb. Sonra isə ürəyindən keçənləri "Rossiya” telekanalına müsahibəsində ətraflı açıqlayıb. Sankt-Peterburqda keçiriləcək sammit ərəfəsində verdiyi böyük müsahibədə Lukaşenko bir daha bəyan edib ki, inteqrasiya prosesinin əsas prinsiplərinə əməl etməkdə davam edəcək. Bunlar isə işçi qüvvəsinin, kapitalın, xidmət və malların azad hərəkətidir. "Əgər biz Rusiya ilə İttifaq Dövləti çərçivəsində əməkdaşlıqdan danışırıqsa, mənim bir problemim var – biz işçi qüvvəsinin, kapitalın, xidmət, mallar və digər halların sərbəst fəaliyyəti ilə bağlı razılıq əldə etmişik. Bunsuz Avrasiya İqtisadi İttifaqı, hətta Gömrük İttifaqı mövcud ola bilməz”, - deyə A.Lukaşenko bəyan edib. "Məsələn, bizim üçün Smolensk, Moskva və Sant-Peterburqdakı müəssisələrlə bərabər şərtlərlə işləməyimiz vacibdir. Belə olan halda normal rəqabət qabiliyyəti yaranmış olur. Qazaxıstan və yaxud Rusiyadakı müəssisənin bizim müəssisələrdən yaxşı şərtlərlə fəaliyyət göstərməsi nə deməkdir? Bu o deməkdir ki, bizim müəssisələrin üzərindən zaman-zaman xətt çəkmək gərəkdir”, - deyə Belarus prezidenti şikayətlənib. Əlavə edib ki, qarşıdan gələn sammitdə bərabər şərtlərin irəli sürülməsinə nail olacaq. Qeyd edək ki, hazırda bərabər şərtlər adı altında işləmək tam şəkildə tətbiqi xarakter daşıyır və öz qiyməti var. Bunu bu yaxınlarda Belarusun maliyyə nazirinin müavini Andrey Belkoveç də bəyan edib. Rusiyanın vergi manevri isə Belarusa 10 milyard dollara başa gələ bilər. "Yaxın altı ilə ərzində əgər heç nə dəyişməzsə, Belarusun itkiləri təqribən 10 milyard dollar təşkil edə bilər - onun 3 milyardı büdcədən axıb gedən gəlirlər, 6 milyard isə iki neft emalı zavodunun iqtisadi vəziyyətinin pisləşməsi olacaq”, - deyə o əcnəbi investorlar üçün keçirilən BelarusCrossway’18 forumundakı çıxışında bildirib. "Vəziyyət ağırdır - neft və neft məhsullarının satışından əldə olunan gəlirin yerini doldura biləcək gəlir mövcud deyil. Bu səbəbdən də Rusiya ilə mübahisələr davam edəcək və Belarus tərəfi də ən sərt mövqe nümayiş etdirməkdə davam edəcək”, - deyə nazir müavin bildirib. Bundan əlavə, A.Belkoveç hədələyici formada bəyan edib ki, əgər tərəflər kompromisə gəlməsələr, onda Belarusun  Aİİ-də qalmasının məqsədəuyğunluğu nəzərdən keçiriləcək. Onun sözlərinə görə, Rusiyanın belə hərəkətləri vahid iqtisadi məkanın yaradılması ilə ziddiyyət təşkil edir. "Bu isə özlüyündə vahid enerjidaşıyıcılarının yaradılmasını nəzərdə tuturdu. Faktiki olaraq bu razılaşmalar yenidən baxılmalıdır”, - deyə nazir fikrini tamamlayıb.
Belarus tərəfindən səslənən digər təşəbbüs
Aİİ daxilində gömrük rüsumlarının bölünməsi mexanizminə yenidən baxılmasıdır. A.Lukaşenko bildirib ki, Belarus mövcud rüsumların bölünməsi normalarının uzadılmasını dəstəkləməyəcək. Məlumat üçün bildirək ki, Belarusun burada payı 4,56 faiz, Rusiyanın isə 85 faizdir. "İki il keçib və biz baxıb görürük ki, lazım olan vəsaiti almırıq. Biz bilirik kimin hesabına. Rusiya özü də buradan zəruri vəsaiti ala bilmir. Bu səbəbdən də deyirik – gəlin iki il bundan əvvələ qaydaq”, - deyə prezident bəyan edib.
Yerli müşahidəçilər diqqəti ona yönəldirlər ki, Lukaşenko sammitə yollanmışdan əvvəl qazaxıstanlı həmkarı Nursultan Nazarbayevdan dəstək əldə edib. Qeyd edək ki, tərəflər sammit ərəfəsində telefonla danışıb razılıq əldə ediblər. Ekspertlər diqqəti ona yönəldirlər ki, iki siyasi ağsaqqal sammitlərdə nadir hallarda olsa da, ancaq dəqiq mövqe ortaya qoyurlar. "Məsələn, bir vaxtlar vahid valyutanın tətbiqinə və Aİİ daxilində siyasi əhval-ruhiyyənin yaranmasına qarşı çıxmaları ilə yadda qalıblar”, - deyə siyasi şərhçi Aleksandr Klaskovski bildirib. İndi də söhbət gömrük rüsumlarının bölgüsü mexanizmi ilə bağlı razılıqdan gedə bilər. Belə ki, enerji daşıyıcılarının qiyməti hazırda Qazaxıstan üçün aktual deyil.
 
Azər

Xəbər lenti