Milli Nüvə Tədqiqatları Mərkəzi: "Metsamor"dakı təmir təhlükəni azaltmayacaq

Milli Nüvə Tədqiqatları Mərkəzi:

 

Ermənistanın "Metsamor" atom elektrik stansiyasında (AES) sentyabrın 20-dən iki ay müddətində aparılacaq təmir işləri onun təhlükəliliyinin azalmasına, bölgənin radioaktiv tullantılarla çirkləndirilməsi səviyyəsinin azalmasına təsir göstərməyəcək.

Azeritimes.Az bildirir ki, bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri Adil Qəribov deyib.

Onun sözlərinə görə, AES-də aparılan təmir işləri cari təmir işləridir. Bu təmir işləri zamanı AES-in gücünün sabit qalması üçün yanacağın hissə-hissə dəyişilməsi işləri aparılır, sistemlərin yoxlanışı həyata keçirilir.

"Metsamor"un yaratdığı təhlükələrin Azərbaycana qarşı reallaşdırılması imkanları var
A.Qəribov əlavə edib ki, "Metsamor"un istismar müddətinin uzadılmasına hazırlıq məqsədilə 2014-cü ildən 2016-cı ilədək cari təmir işləri aparılır: "Bu iki ay müddətində isə son sınaq və təmir işləri görülür. İki ay müddətində "Metsamor"da son yoxlama işləri də aparılacaq və sonda Nazirlər Kabinetinin qərarı ilə onun istismar müddəti 10 il müddətinə uzadılacaq və müvafiq olaraq, lisenziya müddəti də uzadılacaq. Beynəlxalq Atom Enerjisi Agentliyi də reaktorun vəziyyətini yoxlayıb və nəticəni qənaətbəxş hesab edib. Etirazlarımızın heç bir xeyri yoxdur".
Mərkəzin sədri qeyd edib ki, bütün bu təmir işlərinə baxmayaraq, "Metsamor" AES yenə də bölgə üçün təhlükəli obyekt olaraq qalır.

Xatırladaq ki, sentyabrın 20-dən noyabrın 20-dək "Metsamor" AES-də təmir işləri görüləcək və bununla əlaqədar stansiya öz fəaliyyətini müvəqqəti dayandıracaq.

Xəbər lenti