Narkobaron Eskobar futbolçulara qarşı terror aktı planlaşdırıbmış

Narkobaron Eskobar futbolçulara qarşı terror aktı planlaşdırıbmış
Kolumbiyalı narkobaron Pablo Eskobar hazırda Peru yığmasına başçılıq edən argentinalı məşqçi Rikardo Qarekini öldürmək üçün terror aktı planlaşdırıbmış. 
Kaspi.az xəbər verir ki, bu barədə məlumatı Perunun "El Popular” nəşrinə verdiyi açıqlamada narkobarona işləmiş killer Con Hayre Velaskes verib. Eskobar terror aktını ötən əsrin 80-ci illərində planlaşdırıb. 
Qareka 1985-88-ci illərdə Kolumbiyanın Kali şəhərini təmsil edən "Amerika” klubunda çıxış edib. Həmin vaxt Eskobarla Kali narkobaronları arasındakı münasibət ən gərgin həddə olub. 
1988-ci ildə Eskobarın evinin yaxınlığında avtomobil partladılıb. Buna cavab olaraq, Medelin kartelinin rəhbəri Kali kartelindən intiqam almağı planlaşdırıb. O, Kali təmsilçisi "Amerika”nın futbolçularının avtomobilini partlatmağı planlaşdırıb. Onun əsas hədəfi isə Rikardo Qareki olub. 
Ancaq narkobaron bu planından imtina edib. Killerin dediyinə görə, Eskobar daha əvvəl, onunla əməkdaşlıqdan imtina etdiyi üçün "Amerika”nın futbolçusu Pedro Sarmentonun ailəsini öldürmüşdü. Ancaq buna baxmayaraq, Pedro onunla əməkdaşlığa razılaşmayıb. 
Pedro Sarmento hazırda Kolumbiya televiziyasında şərhçi kimi çalışır.    

Xəbər lenti