Paşinyanın qalmaqallı səs yazısı yayıldı

Paşinyanın qalmaqallı səs yazısı yayıldı
Ermənistanda seçkiqabağı, vətəndaş qarşıdurması, siyasi qüvvələr arasında qarşılıqlı ittihamlar, qalmaqallı insidentlər ara vermir. Hakimiyyətin əsas mübarizə vasitəsi rəqiblərini həbsə atmaq, onlara təzyiq göstərmək, oliqarxların əldə etdikləri vəsaitləri mənimsəməkdən ibarətdir. Müxalifətdə olan qüvvələr də əllərini yana salıb durmaq niyyətində deyillər. Mütəmadi olaraq Paşinyan iqtidarını faş edəcək sensasion bəyanatlarla çıxış edir, qalmaqallı lent yazıları təqdim edirlər.
Yeri gəlmişkən, bazar günü keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində Nikol Paşinyan növbəti dinləmə qalmaqalı ilə üzləşib. Sosial şəbəkələrdə Paşinyanla Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın telefon danışığının səs yazısı yayılıb. Telefon danışığı zamanı onlar Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatının (KTMT) keçmiş baş katibi Yuri Xaçaturovun həbsini və bunun nəticələrini müzakirə ediblər. Vanetsyan Paşinyana bu həbsin ruslarla böyük problemlərə gətirib çıxaracağını deyib. O, Paşinyana, Koçaryanla bağlı işi bitirməyi, Xaçaturovu isə sonraya saxlamağı təklif edib. Paşinyan isə bu təkliflə razılaşıb.
Paşinyan həmçinin Rusiya tərəfi ilə heç bir problemin yaranmaması üçün bu məsələlərin müzakirə edilməsinin vacib olduğunu və bunu dərhal edəcəyini deyib. Ermənistan mətbuatının iddiasına görə, tərəflər arasında ilk danışıq Paşinyanın Peterburqa səfəri zamanı baş tutub. Bu səfər zamanı Vanetsyan daha bir neçə dədə Paşinyana zəng edib. Səs yazısında Paşinyanın Vanetsyana sakit formada cavab verməsi əks olunub. Belə ki, telefon zəngi zamanı Vanetsyan Xaçaturovun həbsinə görə, artıq onu rus kəşfiyyatçılarının ziyarət etdiyini deyib:
"Məni Xarici Kəşfiyyat Xidməti və Federal Təhlükəsizlik Xidmətinin nümayəndələri ziyarət ediblər. Onlar deyirlər ki, biz bunu etməməliyik. Deyirlər ki, heç olmasa KTMT rəhbərliyindən adamınızı çəkib sonra həbs edin, əks təqdirdə bu, KTMT-nin nüfuzuna zərbə vuracaq”. Vanetsyanın həmçinin Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçaturyanla da səs yazısı yayılıb. Burada Vanetsyan Xaçaturov və Koçaryanın həbsini Federal Təhlükəsizlik Xidmətinin rəhbəri ilə müzakirə etdiyini və situasiyanın çox çətin olduğunu bildirib.
Qeyd edək ki, bundan öncə sosial şəbəkədə və mətbuatda Vanetsyanla Xaçaturovun telefon danışığını əks etdirən səs yazısı yayılmışdı. Bununla bağlı cinayət işi qaldırmış, bir neçə yerdə axtarışlar aparılmışdı. Axtarışların keçirildiyi ünvanlar sırasında Koçaryana yaxınlığı ilə seçilən "Yerevan Todey” saytı da yer almışdı. Bundan sonra Koçaryanın mediadakı əsas dayaqlarından biri olan Samvel Mayrapetyan həbs edilmişdi. Bəzi mənbələr onun rəsmi iddiada göstərildiyi kimi, rüşvət almağa görə yox, məhz telefon danışığının səs yazısının yayılmasında iştirak etdiyinə görə həbs edildiyini bildiriblər.
Dərhal da Paşinyanın nəzarəti altında olan media bunu "inqilaba” qarşı total hücum kimi qiymətləndirib. "1in.am” saytı Paşinyanın, sosial şəbəkədə qalmaqallı lent yazısı ilə bağlı statusunu dərc edib. Erməni "məxməri inqilab”ın lideri hər iki dinləmə faktının eyni qrup tərəfindən həyata keçirildiyini və bunu Ermənistanın milli təhlükəsizliyinə təhdid kimi dəyərləndirib. "Biz növbəti dəfə dəqiq bildiririk ki, bu dinləmələrin arxasında Robert Koçaryan və onun yaxın ətrafı dayanır. Onlar 1 mart hadisələri ilə bağlı istintaqa təzyiq göstərməyə çalışır və bu cinayətlə bağlı həqiqətin üzə çıxarılmasına qarşı çıxırlar” deyən Paşinyan, onlara Ermənistan və yaxud Rusiya xidmət orqanlarının dəqiq dəstək verdiklərini söyləyə bilməyəcəyinin bildirib. Qeyd edək ki, birinci dinləmədən sonra aparılan təhqiqat heç bir nəticə ortaya çıxarmamışdı. Paşinyan etiraf edib ki, yayılan lent yazısı dövlət orqanlarının zəif olduğunu üzə çıxarmış olub. Özü də qalmaqallı lent yazısı parlament seçkilərinə bir neçə gün qalmış faş edilir. "Buna paralel olaraq Respublika Partiyasının seçki siyahısında üçüncü olan David Şahnazaryan açıq mətnlə hakimiyyətə müharibə elan edib”, - deyə "1in.am” yazır. Sayt əlavə edir ki, müxalifətin məqsədi seçki prosesini pozmaqdır: "Bütün bunların arasında ümumi əlaqə tapmaq çətin deyil - mahiyyət etibarilə Ermənistanın kriminal oliqarxiyası - başda Sarkisyan və Koçaryan olmaqla açıq hücuma keçiblər”.
Erməni mediasının yaydığı qalmaqallı bir xəbər isə aləmi bir-birinə vurub. "Ermənistanda keçiriləcək 9 dekabr növbədənkənar parlament seçkiləri günü, eləcə də seçkilərdən öncə - 7 və 8 dekabrda hakimiyyət sabiq prezident Serj Sarkisyanın sədrlik etdiyi Respublikaçılar Partiyasının qərargahına basqın edəcək. Bu barədə Ermənistanın "168 saat” qəzeti etibarlı mənbələrinə istinadən yazıb. Bildirilir ki, Nikol Paşinyanın əmrlərini icra edən güc strukturlarının Respublika Partiyasının qərargahına qəfil basqını üçün əsas (seçkilərdə səslərin rüşvətlə alınacağına dair polisə edilən "zənglər”) var. "Hakimiyyətin bu addımının başlıca məqsədi seçkiqabağı anti-təbliğat, qorxu atmosferinin gücləndirilməsi və müxalif partiyaların qərargahlarında işlərin iflic edilməsidir. Mənbəmiz istisna etməyib ki, qərargahla yanaşı, Respublika Partiyasının Melik Aramyan 2 ünvanında yerləşən mərkəzi ofisi də basqın hədəfinə çevriləcək” – qəzet yazıb. Həmçinin qeyd olunur ki, əgər konkret "zənglər” və "şikayətlər” varsa, polisin basqın üçün məhz seçki gününü gözləməsi bütün bunların sadəcə, Paşinyanın ucuz şousu olduğunu və ölkənin əsas müxalif partiyasının qələbəsindən ehtiyatlandığını sübut edir.
Başqa bir xəbər isə çoxunu qorxuya salıb. "Ermənistanda dövlət qurumlarında işləyən xeyli sayda məmur Yeni İl bayramından sonra kütləvi şəkildə işdən çıxarılacaq”. Bunu "Jamanak” qəzeti yazıb. Məqalədə qeyd olunub ki, çoxlu sayda məmura dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra işsiz qalacaqları barədə xəbərdarlıq edilib. "Diaspor, mədəniyyət, xarici işlər, idman və gənclərlə nazirliklərinin əməkdaşları artıq işsiz qalacaqları barədə məlumatlandırılıblar”, - deyə yazıda vurğulanıb. Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyan bunu hökumətin ciddi səhvlər buraxmasının nəticəsi kimi qiymətləndirib. Vigen Sarkisyan Paşinyanın seçkiyə peşəkarlarla gəlmədiyini, bu insanları yalnız ideologiyanın birləşdirdiyini deyib: "Siz iqtisadiyyatı 10,5%-lik iqtisadi artımla qəbul etdiniz, indi isə 6%-lik artımdan bəhs edib, onunla fəxr edirsiniz. Bizim dövrdə investisiya artımı 49% idi, indi 25%-dir. İxrac 36%-dən 11,7%-ə geriləyib. Müəyyən sahələrdə artım var, amma dinamika çox pisdir. Kənd təsərrüfatında vəziyyət dəhşətlidir. Bütün bunlar yanlış məsləhətlər ucbatından baş verib”.
 
 
Azər NURİYEV

Xəbər lenti