"Putinin məni üstələdiyi haqda fikirlərə insanlar necə inanırlar, buna təəccüblənirəm"

 

"Rusiya Federasiyasının milli lideri Vladimir Putinin fəaliyyəti Rusiyanın beynəlxalq oyunçu kimi mövqelərinin yalnız zəifləməsinə aparır. Onun həyata keçirdiyi işlər Rusiya üçün heç də yaxşı olmayan reputasiyanın yaranmasına səbəb olub".  

APA-nın "news.liga.net" saytına istinadən verdiyi xəbərə görə, bu sözləri ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinin beynəlxalq siyasətdə onu üstələdiyi barədə suala cavab verərkən deyib. "Məni təəccübləndirən odur ki, insanlar buna necə inanırlar, həm də təkcə mənim tənqidçilərim yox", - deyə Obama söyləyib. O xatırladıb ki, 2008-ci ildə ABŞ prezidenti seçilərkən ölkə dünya üzrə baş verən ciddi maliyyə böhranının nəticələrini yaşayırdı və eyni anda demək olar ki, təkbaşına iki müharibədə iştirak edirdi: "Həmin vaxt Amerikanın mövqeləri təxminən Rusiya ilə eyni, Çindən isə aşağı idi. Ölkədə iş yerlərinin sayı ayda 800 min azalırdı. Putin hakimiyyətə gələndə isə Rusiya iqtisadiyyatı yüksəlişdə idi və hökumət iqtisadiyyatın diversifikasiyasına hazırlaşırdı. Onun "möhtəşəm" ideyaları Rusiya iqtisadiyyatının bu il 4% kiçilməsinə gətirib çıxardı".       

Mətnin xülasəsi:

"Rusiyanın Suriyadakı fəaliyyətinin xarakteri belədir ki, əksər suriyalılar indi rusları düşmən sayır, Yaxın Şərqin bütün sünniləri isə Putini uşaqlara bomba atan adam kimi görürlər".

B. Obama Rusiyanın təcridindən və təkcə ABŞ-ın yox, bir vaxtlar Moskvanın yaxın ticarət tərəfdaşı olmuş ölkələrin bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyalardan danışıb. "Putinin Yaxın Şərqdəki dostları yalnız Liviya və Suriyadan ibarətdir, bu dövlətlər isə hazırda dağılır. Əsəd rejimini xilas etmək üçün Putin bütün sünni dünyası ilə münasibətləri korlamaq bahasına da olsa, Suriyaya silah və əsgər göndərir", - deyə o, qeyd edib.

ABŞ prezidentinin fikrincə, Rusiya öz rəhbərliyinin fəaliyyəti nəticəsində daha güclü hala gəlmir, sadəcə olaraq daha böyük diqqət qazanır: "Daha güclü oyunçu olaraq mən Rusiyanın öz vətəndaşlarının rifahını təmin edəcək inkişaf yoluna qayıtmasını təklif etdim. Çünki sanksiyalar altında olan və iqtisadiyyatı 4 faiz kiçilən biz deyilik. Putinin addımları yalnız onun ölkə daxilində reytinqinin artmasına səbəb olur. Dövlətin nəzarətində olan media varsa, bunu etmək asandır, lakin elə də müdrik addım deyil. Rusiyanın Suriyadakı fəaliyyətinin xarakteri belədir ki, əksər suriyalılar rusları düşmən sayır, Yaxın Şərqin bütün sünniləri isə Putini uşaqlara bomba atan adam kimi görürlər. Putin bundan narahat olmalıdır, çünki onun ölkəsində böyük müsəlman icması var".

Obama Putinlə hər hansı yarışa girmədiyini və beynəlxalq arenada Çin, Yaponiya kimi ölkələrlə yanaşı, Rusiyanı da uğurlu, effektiv və məsuliyyətli oyunçu kimi görmək istədiyini vurğulayıb: "Ümid edirəm ki, Putin Əsədə dəstək verməyin o qədər də uğurlu uzunmüddətli strategiya olmadığını anlayacaq".

ABŞ prezidenti Rusiyanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşacağına ümid etdiyini də söyləyib. Bu olmadığı təqdirdə isə ABŞ və Rusiya arasında gərginlik qaçılmazdır.

 

Xəbər lenti