Qəlbləri sözün qüdrəti ilə fəth edən şair

Qəlbləri sözün qüdrəti ilə fəth edən şair
Ölkə başçısının yanvarın 11-də imzaladığı Sərəncamla 2019-cu il ölkəmizdə "Nəsimi ili” elan edilib. Bu dövlət başçısının şairin yaradıcılığına böyük diqqətinin göstəricisidir.

AZƏRTAC xəbər verir ki, ölümündən 600 ildən artıq vaxt keçsə də, şair şeiriyyəti, fəlsəfi fikirləri ilə bu gün də bəşəriyyətə xidmət edir. Görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin dünya ədəbiyyatı və fəlsəfi fikrində böyük rolu var. Dahi mütəfəkkir qəlbləri qılınc gücünə yox, sözünün qüdrəti ilə fəth edib, söz sənəti ilə əbədilik qazanıb. Ölkəmizin elm və mədəniyyət mərkəzlərindən biri olan Şamaxıda dünyaya göz açan şair 20 min misranı əhatə edən ədəbi irsə sahibdir. Nəsimi öz yaradıcılığında ümumbəşəri dəyərləri, insanın fövqəlbəşəri varlıq olmasını tərənnüm edib.

Yeri gəlmişkən, 2018-ci il ölkəmizin mədəni mühitində Nəsimi - şeir, incəsənət və mənəviyyat festivalının keçirilməsi ilə də əlamətdar olub. Sentyabrın 27-dən 30-dək Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə təşkil olunan mədəniyyət tədbiri çərçivəsində bir sıra sərgilər açılıb. Festival həm də dahi Nəsimi yaradıcılığından nümunələrin təqdim olunması ilə yadda qalıb. Ən əsası bu mötəbər tədbir ölkəmizlə yanaşı, sərhədləri aşaraq Heydər Əliyev Fondunun, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun təşkilatçılığı, Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Moskvada da təşkil olunub. Çünki Nəsimi poeziyası vasitəsilə sülhü, tolerantlığı və multikulturalizmi müdafiə edib. Festivalın əsas qayəsi də o idi ki, bəşəriyyət 600 il əvvəl Nəsiminin təbliğ etdiyi və uğrunda fədakarlıq göstərdiyi bəşəri dəyərlər ətrafında birləşməlidir. Çünki onun poeziyasının əsas mövzuları İnsan, Kainat, Məhəbbət və İlahidir. 2019-cu ilin "Nəsimi ili” elan olunması görkəmli Azərbaycan şairi və mütəfəkkirinin ruhuna böyük hörmətin təzahürüdür.

Qeyd edək ki, bu il Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində təşkil edilməsi məqsədilə ölkə başçısı "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən bu il ölkəmizdə və onun hüdudlarından kənarda İmadəddin Nəsimiyə həsr olunmuş çoxsaylı tədbirlərin keçirilməsi nəzərdə tutulur.




Xəbər lenti