"Mənim anlamımda müəllim həm öyrədən həm də öyrənən bir insandır" (Müsahibə)

                                        "Mənim anlamımda müəllim həm öyrədən həm də öyrənən bir insandır"

 

 

Vüqar Zifəroğlu: " Bir insanın əlindən xeyir vermək gəlmirsə , o öz işinin peşəkarı olsa belə ondan hər hansı bir şəkildə biz cəmiyyət üçün,  hətda həmin insanın özü üçün belə xeyirli bir insan kimi danışa bilmərik"

 

 

"Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlunun "Azertimes.az"-a müsahibəsi

 

Bakı  Dövlət universitetinin müəllimi Vüqar  Zifəroğlu yoxsa "Oğuz" Müstəqil Araşdırmaçılar dərnəyinin rəhbəri Vüqar Zifəroğlu- bu təqdimatlardan hansı sizə daha yaxındır?

Baxir harda təqdim olunuram. Əgər elmi müəssisələrdən, dairələrden söhbət gedirsə burda təbii ki Bakı Dövlət Universiteti ilə bağlı olar.Hər bir insan fəxr edər ki, onun adının yanında Bakı Dövlət Universitetinin müəllimi adı çəkilsin, amma müəyyən araşdırma mərkəzlərində, ictimai sektorda isə təbii ki "Oğuz" müstəqil araşdırmaçılar qrupu  təqdim olunur.Çünki bu təşkilatı artıq 12 ildir ki yaratmışığ və müəyyən qədər nüfuz qazanması üçün çox işlər görmüşük.

Vüqar Zifəroğlu üçün müəllimlik peşəsi nə deməkdir?

Açığı desəm, uşaqlıqdan müəllimlik peşəsini çox sevirəm.Həmişə hesab etmişəm ki, müəllimlər qeyri-adi bir təbəqə, zümrədirlər. Ümumiyyətlə bizlərdə bir Azərbaycan türkü olaraq həm mənəvi dəyərlərimizdə, həm  də dini dəyərlərimizdə müəllimliyə bir növ münasibət fərqlidir. İlk növbədə bilirsiz ki, müəllimliyin nece müqəddəs bir peşə olmağı ilə bağlı Peyğəmbərimizdən hədislər var. Cəmiyyətimizdə biz həmişə müəllimlərlə bağlı yalnız müsbət məqamlara rast gəlmişik. Düzdür, çox təəsüf ki , müəyyən zamanlar oldu ki,  müəllim adı ucuz tutuldu. Mənə elə gəlir ki, bugün hər bir müəllimin borcudur ki,  0, öz müəllimlik adını yüksəkdə tutsun və bunun üçün əlindən gələni etsin.Müəllim öz üzərində işləməlidir.Tələbələrinin sevgisini, hörmətini qazanmalıdır, daim inkişafda olmalıdır, öz üzərində inkişaf etməyə çalışmalıdır.Müəllim təkcə öyrədən deyil eyni zamanda öyrənəndir. Mənim anlamımda müəllim həm öyrədən həm də öyrənən bir insandır.

Tələbələrinizdən əsas gözləntiləriniz nədən ibarətdir?

 Jurnalistika fakültəsinin bir müəllimi olaraq tələbələrimdən əsas gözləntim odur ki, yaxşı peşəkar jurnalist olsunlar və yalnız həqiqəti,  doğrunu yazsınlar. Heç bir zaman cəmiyyət qarşısında daşıdıqları sosial məsuliyyət hissini unutmasınlar. Nəticə etibarı ilə ən birinci vacib məqam ailələrinə,  vətənlərinə, millətinə xeyirli bir insan olsunlar. Əgər bir insan xeyirli bir insandırsa o təbii ki, müxtəlif sahələrdə yalnız müsbət irəliləyişlər əldə edə bilər. Yox əgər bir insanın əlindən xeyir vermək gəlmirsə  o öz işinin peşəkarı olsa belə ondan hər hansı bir şəkildə biz cəmiyyət üçün hətta həmin insanın özü üçün belə xeyirli bir insan kimi danışa bilmərik.ilk növbədə insan gərək yaxşı bir insan olsun. Öz tələbələrimdən ilk növbədə yaxşı insan olmağı gözləyirəm. Mənim üçün ən vacib, ən birinci məqam yaxşı insan olmağı bacarmaqdır.

Necə düşünürsüz, tələbələrinizlə ideal tələbə-müəllim münasibəti qura bilmisinizmi?

Ümumiyyətlə ideal münasibət yoxdur. Bütün münasibətlərdə müəyyən qədər çatışmayan cəhətlər olur.Hər halda mən çalışıram ki, bu münasibətlər son dərəcə yaxşı və səmimi bir atmosferdə qurulsun.Mənə elə gəlir ki, müəyyən qədər buna nail olmuşam.Əgər tələbələrim məni sayırlarsa, problemləri olduqda mənə müraciət edirlərsə bu o deməkdir ki, mən onların etimadını və etibarını qazanmışam.Müəllim üçün də ən önəmli olan tələbələrin etibarını və etimadını qazanmaqdır və mən buna nail olmuşam.

Tələbələrlə işləmək çətin deyil?

Mənim üçün yox. Əksinə xoşdur. Dərs vaxtı, yaxud dərsdən kənar istər yazı məsələləri ilə bağlı, istərsədə iş məsələləri ilə bağlı tələbələrim məsləhətlərimi alırlar.Mövzularla bağlı müəyyən diskussiyalarımız olur. Bu mənə zövq verir. Çünki mən öz peşəmi - jurnalistikanı sevirəm.Bundan əlavə müəllimlik mənim üçün qeyri -adi bir peşə olduğuna görə tələbələrlə olan münasibətlərimin yaxşı olmağını özümə borc bilirəm.

"Oğuz" Müstəqil Araşdırmaçılar qrupunu  yaratmaqda əsas  məqsədiniz?

"Oğuz" Müstəqil Araşdırmaçılar qrupunu yaratmaqda əsas məqsədimiz milli mənəvi dəyərlərimizin təbliğ edilməsi,  tariximiz,  ədəbiyyatımız və ümumiyyətlə bu istiqamətdə araşdırma aparan müstəqil gəncləri, araşdırmaçıları öz ətrafımızda birləşdirməkdir və təbii ki bu istiqamətdə müxtəlif araşdırmalar aparmaqla maariflənmə işinə, dövlətimizə dəstəy olmaq məqsədilə öz tövhələrimizi verməkdir. İstər tariximizlə  istərsə də ədəbiyyatimizla milli mənəvi dəyərlərimizlə  ətrafımızda baş verən geosiyasi proseslərlə bağli öz tövhələrimizi verməyə çalışırıq.Bu yöndə müəyyən mənada kiçik nailiyyətlərimiz də olub.Ən azı 10 illik fəaliyyətimiz dövründə  həm tariximiz, həm də ədəbiyyatımızla bağlı 11 kitab nəşr etdirmişik. 2014 cü ildə qondarma erməni soyqırımı ilə bağlı bizim idarə heyətimizin üzvlərindən olan Taleh Cəfərovun "Qondarma erməni soyqırımı faktların dili ilə" kitabı nəşr edildi və çox böyük maraqla qarşılandı. Bundan əvvəl "Oğuz" Müstəqil Araşdırmaçılar qrupunun araşdırmaçı ekspertlərindən olan Ceyhun Bayramlının Babəklə bağlı artıq ikinci kitabı çapdan çıxıb.Məlumdur ki, bu yaxınlarda cəmiyyətdə Babəklə bağlı çox ciddi polemikalar mövcuddur  və həmin polemikanı aparan tərəflərdən biri də elə biz idik.Çünki biz faktı mənbələrlə ortaya qoymuşduq ki, Babək əslində kafir və ateist olmayıb.O  müsəlman olub və mübarizəsi də Əməvi -  Abbasi sarayına qarşı olub.Biz bunu 50-ə yaxın ərəb mənbəəsi ilə fakt kimi ortaya qoyduq. Kitab nəşr ediləndən sonra polemikalar başladı. Bundan başqa bir sıra kitablarda olub ki hamısıda maraqla qarşılanıb.

Bir sıra kitablar müəllifisiz. Ən çox uğur qazanan satışı yüksək olan kitabınız hansıdır?

Ümumiyyətlə kitablar müəllifin özünə doğma olan bir övlad kimidir.Necə ki, valideyn övladları arasında fərq qoymur.  Eləcə də müəllif öz kitabları arasında heç vaxt fərq qoymur. Kitablarımın hamısı mənə əzizdi. Satışı ən yüksək olan kitabıma gəldikdə isə bu 2013-cü ildə nəşr edilən "Sirr” romanı oldu. Bu roman ciddi maraqla qarşılandı.Eyni zamanda informasiya portallarında, saytlarda haqqında yazılar çox oldu, satışı yüksək oldu. Mən heç özüm belə gözləmirdim ki, tez bir zamanda kitabın satışı bu qədər yüksək olar.Bir çox oxucu klublarında da bu roman müzakirəyə çixarıldı.

"Sirr” bədii romanınız. Bu romanın sirri nədədir ?

"Sirr” romanında, əsasən, yaxın Şərqdə baş  verən proseslər öz əksini tapır. Burada sirr 2 anlamı ifadə edir.Birinci söhbət qədim əlyazmadan gedir.İkinci isə sırf  fəlsəfi məqamlardı ki, o artıq insanın daxili aləmi ilə bağlı olan məsələlərdi.Bu  elə indinin özündədə bir sira insanlar üçün sirr olaraq qalır.

Yazılarınıza görə tənqid və təzyiqlərə məruz qalırsız?

Tənqidə məruz qalmamışam  amma bəzi araşdırmalar olub ki, buna görə konkret təzyiqdə yox, hədələrə məruz qalmışam.  2001 ci ildə  radikal vəhabiliklə bağlı geniş bir araşdırmam oldu. Bununla bağlı hədələrə məruz qalmışam.  Hətda telefonuma belə zəng edib hədələyiblər.Bundan əlavə bir neçə dəfə sosial şəbəkələrdə də  Azərbaycanın tarixi coğrafi əraziləri və s ilə bağlı müəyyən debatlarla əlaqədar qonşu dövlətin  vətəndaşlarından inboxuma hədəli ismarıclar gəlib.

Biraz da ictimai fəaliyyətinizdən danışaq. Gördüyünüz işlər və əldə etdiyiniz uğurlar haqqında.

Mən belə hesab edirəm ki, bir araşdırmaçı üçün əldə etdiyi ən böyük uğur onun gözlə görünə biləcək işləri, ortaya qoya bildiyi nəticələridir.Mənim ortaya qoyduğum işlər kitablarım, araşdırmalarım, məqalələrim və təhlillərimdir.Çünki əgər bu kitablar bugün oxunulursa, onlara hər hansı bir reaksiya varsa, maraqla qarşılanırsa, hətta müzakirə edilirsə bu o deməkdir ki biz düz yoldayıq və hədər yerə işləmirik.

Mətanət Hüseynova

Xəbər lenti