"Ramilin Azərbaycanı seçməsində maliyyә rol oynaya bilər"

Rusiya idman naziri və Futbol İttifaqının prezidenti Vitali Mutko jurnalistləri Ramil Şeydayev məsələsinə təmkinlə yanaşmağa dəvət edib.

Qafqazinfo xəbər verir ki, o, media mənsublarından futbolçunun Azərbaycan vətəndaşlığını almaq və ölkəmizin millisində oynamaq qərarını normal qarşılamalarını və ümumiləşdirilmələrin aparılmamasını istəyib.

Çərşənbə axşamı Moskvada media nümayəndələrinin önünə çıxan Mutko deyib: "Şeydayevlə bağlı sualları bizə yox, özünə verin. Bir sıra insanlar var ki, vətəndaşlığını bu və ya digər səbəblərdən dəyişirlər. Onların arasında bizim idman ictimaiyyətini təmsil etmək üçün Rusiya vətəndaşlığını qəbul edənlər də var. Bu, insanların seçimidi. Biz buna təsir edə bilmərik. Bu əsgərliyə çağırış məsələsi deyil ki. Şeydayev bu seçimi valideynləri ilə birgə edib. Bəlkə də burada hansısa maliyyə şərtləri əsas rol oynayıb. Elə ölkələr var ki, onlar milliyə futbolçu çağırıb oynada bilirlər. Şeydayev başqa ölkənin vətəndaşı olmaq istəyibsə, biz ona qadağa tətbiq edə bilmərik. Heç nədən söz-söhbət yaratmaq gərəksizdir".

Mutko bildirib ki, əsas məqsəd yeni ulduzları kəşf etmək olmalıdı: "Bizim əsas prioritetimiz gənc istedadları üzə çıxarmaq və onların hüquqlarını qorumaqdı. Əsas məsələ legioner limiti ilə bağlıdı. Bu addım ona görə atılıb ki, uşaq futbol məktəbləri və məşqçiləri üçün siqnal olsun. Növbəti addımlarımız həmin məktəblərdən istedadları tələb etmək olacaq".

Qeyd edək ki, "Zenit"in yetirməsi olan Ramil Şeydayev bu yay "Trabzonspor" klubuna keçib. O, həm də Rusiya vətəndaşlığından imtina edib, Azərbaycan pasportu alıb və millimizdə oynamaq imkanı qazanıb. Hücumçu San Marinoya qarşı DÇ-2018-in seçmə mərhələsində sentyabrın 4-ü keçirilən səfər görüşündə debüt edib.

Xəbər lenti