Sarkisyanın Qarabağ şərtinə iqtidardan SƏRT REAKSİYA

Sarkisyanın Qarabağ şərtinə iqtidardan SƏRT REAKSİYA

 

Ötən gün Sarkisyanın iştirakı ilə Ermənistan Respublika Partiyasının (ERP) toplantısı keçirilib. Toplantıdan sonra ERP-nin mətbuat katibi, Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov jurnalistlərə açıqlamasında bildirib ki, Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların bərpa edilməsi üçün 3 şərt irəli sürür.

Şarmazanovun sözlərinə görə, şərtlər aşağıdakılardan ibarətdir:

- İnsidentlərin araşdırılmasına dair mexanizmlərin tətbiq edilməsi;

- Ünvanlı bəyanatlar;

- Azərbaycanın Dağlıq Qarabağ əhalisinə qarşı aqressiyaya əl atmayacağına dair zəmanət.

Azeritimes.Az azvision.az-a istinadən bildirir ki, Ermənistan prezidentinin irəli sürdüyü şərtlərə münasibət bildirən Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib ki, Serj Sarkisyanın ötən gün irəli sürdüyü şərtlər onun həyatında səsləndirdiyi ən səfeh bəyanatdır: 

"Azərbaycan torpaqlarının bir hissəsini işğal edən dövlətin rəhbəri bu gün bizdən təminat istəyir. Bu, dünya tarixində görünməmiş, gülünc doğuran bir məsələdir. Bu gün ortada olan məsələ Ermənistan qoşunlarının işğal etdiyi ərazilərdən çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsidir. Azərbaycanın bu milli məsələni həyata keçirməyə yönəlik addımlarına Ermənistan necə şərt qoya bilər? Bu şərtlər sanki II Dünya Müharibəsində Hitler Avropanın və SSRİ-nin bir hissəsini işğal etdikdən sonra həmin dövlətlərə şərtlər qoymasına bənzəyir. 

Birincisi, Sarkisyan insidentlərin araşdırılması ilə bağlı mexanizm tələb edir. Maraqlıdır, Sarkisyanın 90-cı illərdə müdafiə naziri olduğu dövrlərdə Azərbaycan torpaqlarını bir-birinin ardınca işğal etdikdə və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi qəbul ediləndə nədənsə, beynəlxalq hüququn mexanizmini nəzərə almırdı. Eyni zamanda 2 aprelə qədər Azərbaycanın dəfələrlə Ermənistan silahlı qüvvələrinin provokasiyasının qarşısının alınması ilə bağlı təkliflərinə barmaqarası baxırdı. Bu mexanizmin yaradılması ilə bağlı təklif pafos və təbliğat xarakteri daşıyır. Hətta mexanizm yaradılsa belə Ermənistan bunun işləməsinə mane olacaq", - deyə millət vəkili vurğulayıb. 

A.Mirzəzadə qeyd edib ki, ATƏT-in Minsk qrupunun atəşkəsə nəzarət edən nümayəndələrinin cəbhə xətti boyu inspeksiyasına Ermənistan mane olur: "Sarkisyanın ikinci şərti ünvanlı təkliflərin verilməsi ilə bağlıdır. Məgər indiyə qədər verilən bəyanatlarda Ermənistan öz adını oxuya bilməyibmi? BMT Təhlükəsizlik Şurasının, beynəlxalq təşkilatların, Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qərarlarda ünvan konkret olaraq göstərilməyibmi? Ermənistan əsgəri Azərbaycan torpaqlarında nə edir? Nə səbəbdən Ermənistan öz provakasiyasına bütün dünya dövlətlərini cəlb etməyə, məsuliyyəti üzərindən atmağa çalışır. Həmçinin onun Azərbnaycanı terror etməyəcəyi ilə bağlı təminat verməyə çağırmasının özü absurddur. Bu həmin Sarkisyandır ki, Dağlıq Qarabağda hərbiləşdirilmiş dəstələrə rəhbərlik edirdi və sonradan Xocalı soyqırımını törətməsinə görə bir fəxarət hissi keçirdiyini bildirirdi. Xocalı faciəsini törədən əliqanlı Seyran Ohanyan isə müdafiə naziridir. Terrorçunun terrordan danışması həyasızlıqdır. Hesab edirəm ki, bütün bunlar Sarkisyanın son günlərini yaşadığını, çaşqınlıq içərisində olduğunu və nədən danışdığının fərqinə varmamasıdan irəli gəlir. Düşünürəm ki, Sarkisyan və onun kimilərinin tarix qarşısında cavab verməsi üçün vaxt çatıb". 

A.Mirzəzadə, həmçinin vurğulayıb ki, bu gün Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki mövqeyi konstruktivdir: "Azərbaycan Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan silahlı qüvvələrindən azad edilməsi mövqeyindədir. Bunun üçün əlində olan bütün vasitələrdən istifadə edəcək. Ermənistan buna hazır olmalıdır".

Xəbər lenti