Səid Hüseynov: "Jurnalistin ən ümdə vəzifəsi oxucunu məlumatlandırmaq və intellektini artırmaqdır"- MÜSAHİBƏ

Səid Hüseynov:

Məqalələri Azərbaycan mediası ilə yanaşı, ABŞ-ın "Natural History”, "Azerbaijan International" və İngiltərənin "NewScientist” jurnallarında, Rusiyanın "Poisk” qəzetlərində dərc olunan, Azərbaycan elmini ölkənin elmi tədqiqatlarına, elm siyasətinə dair yazıları ilə xarici mətbuatda ardıcıl işıqlandıran ilk jurnalistlə həmsöhbət olduq.

 

-          Səid Şahin oğlu Hüseynov, elmi tədqiqatçı-jurnalist. Davamını siz deyin.

-          Jurnalistika fəaliyyətinə 1998-ci ildə 18 yaşımda "Hər gün" qəzetində başlamışam. Bir neçə özəl qəzetdə də çalışdıqdan sonra "Xalq qəzeti"ndə davam etmişəm. Sonra, 2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutuna (indiki Geologiya və Geofizika İnstitutuna) dəvət olundum. Orada institutun direktoru, akademik Akif Əlizadənin təşəbbüsü ilə ictimaiyyətlə əlaqələr şöbəsi təşkil etdik, on bir ildir institutun fəaliyyətini təbliğ etməklə məşğulam. Eyni zamanda indiyəcən elmin özünün də təbliğinə çalışıram. Bu işə də məni akademik Akif Əlizadə həvəsləndirib. Elmin təbliği dedikdə elmi-publisistik üslubda məqalələrin yazılması nəzərdə tutulur ki, bu da elmi jurnalistika fəaliyyətidir. Bu cür materiallarda ictimai maraq doğuran hər hansı bir məsələnin mahiyyəti elmdə araşdırılır və oxucuya asan üslubda çatdırılır. Bu cür yazılar elmi ixtiralar barədə də ola bilər.

 

-          Dediyiniz kimi, 1998-ci ildən jurnalistika ilə məşğul olursunuz. 2003-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirirsiniz. Jurnalistikanı deyil, tarixi... Yoxsa, elə əvvəldən elmi, tarixi işıqlandıran jurnalist olmaq qərarını vermişdiniz?

-          Universiteti qiyabi oxumuşam. Ona görə işləməyə həm geniş zamanım, həm də böyük həvəsim var idi. Araşdırmalara böyük marağım olduğuna görə jurnalistikaya müraciət etdim. O zaman 1-ci kursda oxuyurdum və tarix elminə hələ yiyələnməmişdim. Marağım kriminal mövzulara idi. Ona görə, məhkəmələrdən höküm və qərarları götürüb "Hər gün" qəzetində araşdırmalar yazırdım. "Xalq qəzeti"ndə siyasi mövzuda axtarışlar edirdim, şərh və müsahibələr yazırdım.

Nəhayət AMEA-ya gələndə qələmimin ehtiyac duyduğu həqiqi ünvana yetişdim. Geoloq, geofizik və coğrafiyaçıların əhatəsində, Yer elmlərinə aid tədqiqatların mühitində böyük bir məktəb keçməyə başladım.

Elm sahəsində qələm çox məsuliyyətli olur. Burada yalnız məsuliyyətli jurnalistikanı öyrənmədim, həmçinin elm haqqında geniş bilik də əldə etdim. İndiyə qədər çox məmnunam ki, bu məktəbin başında Akif müəllim dayanır.

 

-          Azərbaycan Milli Elmlər Akademiyasında çalışmaq necə bir hissdir?

-          İlk növbədə məmnunam ki, çox ağıllı insanların əhatəsində çalışıram. İstənilən ölkədə elm ocaqlarında fəaliyyət göstərənlər cəmiyyətin ən elitar təbəqəsi sayılır. Burada insanlar iti ağıllı, cəmiyyətə böyük xidmətləri olan, amma eyni zamanda çox təvazökar ziyalılardılar. Burada əməkdaşlar insanı tez anlayır və tez də anlada bilir. Burada əksəriyyət yaşlı nəsildir və hər biri dərin fəlsəfi təfəkkürə malikdirlər. Onları dinləyəndə ruhən dincəlirsən.

Amma təbii ki, hər bir mühitin öz çətinlikləri də var. Bu, xüsusi ilə cəmiyyətdə müşahidə olunan, müasir və innovativ təfəkkürə söykənən sürətli inkişaf prosesi ilə əlaqədardır. İnformasiya-kommunikasiya texnologiyasının gündəlik həyatımıza çox sürətlə və qısa zamanda daxil olması elmi mühitdə böyük yeniliklərə səbəb oldu. Bu yeniliklər yalnız avadanlıqlarla yox, təfəkkürlərdə kəskin dəyişikliklərlə, innovativ təşəbbüslərlə müşahidə olunmağa başladı. Danılmaz faktdır ki, bu yeniliklərin əksər daşıyıcıları gənclərdir. Çətinliklər də məhz bu məqamda ortaya çıxır. Bir çox hallarda rast gəlirəm ki, müasir düşüncəli alimlərimizin İKT imkanları çərçivəsində əldə etdiyi nəticələr digər həmkarları tərəfindən qəbul olunmur.

 

-          Sənətinizi çox sevirsiniz?

-          Əlbəttə! Bir jurnalist kimi elmdə, alimlərin elmi nəticələri əsasında araşdırmalar aparmaq mənə çox maraqlıdır. Mənə tez-tez deyirlər ki, niyə elmi iş götürüb müdafiə etmirsən, elmi dərəcə almırsan? Buna cavab olaraq həmişə düşünmüşəm ki, elmi tədqiqat aparmaq üçün heç kimə məhdudiyyət qoyulmur. Əgər alim Yer elmlərinin konkret bir istiqamətində tədqiqat aparırsa, jurnalist bu sahənin bir neçə istiqamətlərində, müxtəlif mövzularda araşdırmalar yaza bilir. Bu cür rəngarənglik işin yoruculuq xüsusiyyətini müxbirdən uzaqlaşdırır, sənəti ona daha da sevdirir. Bundan əlavə, alimlər arasında güclü rəqabət olduğu halda jurnalistə heç bir alim rəqib olmur, əksinə ona araşdırmalarında dəstək verir. Həmişə deyirəm, akademik Akif Əlizadə mənim elmi rəhbərimdir. Elmi mühitdəki uğurlarımı onun müəllimliyi ilə qazanmışam. O, daim AMEA-nın və elmin təbliğinin tərəfdarı olub və indi də bu işə böyük diqqət yetirir.

 

-          Bir jurnalistin, sizin fikrinizcə, sahib olduğu ən ümdə mənəvi keyfiyyət...

-          İlk növbədə intellekt. Nəzərə alsaq ki, jurnalistin ümdə vəzifəsi oxucunu məlumatlandırmaq və intellektini artırmaqdır, deməli o, özü də yüksək intellektual səviyyəyə malik olmalıdır. İctimaiyyətin intellektini artırmaq missiyası mütləq elmi biliklərə əsaslanmalıdır. Operativlik, obyektivlik, işgüzarlıq və bu kimi digər keyfiyyətlər də önəmlidir. Amma intellektin, biliyin olmadığı yerdə bunlar oxucu üçün o qədər də yararlı olmur.

 

-          ''Bermud üçbucağı'' insanların fantaziyasıdır, yoxsa...?

-          Dediyiniz məqaləni 2005-ci ildə yazmışam. "Bermud üçbucağı”nda olmuş Azərbaycan alimindən müsahibə almışdım, o yerlə bağlı ingilis dilində çoxsaylı materiallar araşdırmışdım. Belə nəticəyə gəldim ki, ora sadəcə şıltaq təbiətli məkandır. Ümumiyyətlə, dünya alimləri bu mövzuya nəinki ciddi yanaşmır, hətta bu bardə düşünmürlər də.

"Bermud üçbucağı”nda baş verənlər, sadəcə, filmlərin mövzusudur. Amma geniş oxucu və tamaşaçı kütləsi onun mistik əhvalatlarına inanır və böyük maraqla yanaşır. Bu da bayaqkı sualın cavabında dediyim kimi, araşdırma yazılarında elmi biliklərə əsaslanan intellektin kasadlığına dəlalət edir.

Ümumiyyətlə, elmdə xeyli məsələlər var ki, onlar qeyri-elmi mühitə möcüzə kimi görünür. Yaxın keçmişdə televiziya kanallarımızda Azərbaycan kəndlərinin birindən süjet hazırlamışdılar. Hansısa bir evdəki əşyalar özü-özünə yanmağa başlayırdı. Bu, tamaşaçılara az qala ilahi qüvvələrin əməli kimi təqdim olunurdu. Halbuki, bunun fizika elmində izahı mütləq olmalıdır. Bu cür süjetlərə, yazılara qüsurlu görüntü ilə doğulmuş heyvanlar barədə də rast gəlirik...

 

-          Sizə verilməsini, oxucuların bilməyini istədiyiniz, lakin səslənməyən sual.

-          Ölkəmizdə oxucuların elmə marağı niyə zəifdir?

 

-          Demək istədiyiniz nəsə varmı?

-          Bütün dünya cəmiyyətində elmə marağın səviyyəsi ürəkaçan deyil. Bu, elmin özünə məxsus olan xüsusiyyəti ilə bağlıdır. Elm çətin və yorucu fəaliyyət sahəsi kimi qəbul olunur. Hər kəs həyatını bu sahəyə bağlamaq arzusunda olmur. Ona görə də, müxtəlif cəmiyyətlərdə elmin və alimin vəziyyəti fərqlidir. Bu mənada, alimin maaşının ayda 50 min dollar qazanan futbolçunun gəlirindən xeyli az olması başa düşüləndir. Hətta, alimini tonqalda yandıran cəmiyyətin elmdən uzaq təfəkkürünü demirəm. İtaliyalı mütəfəkkir Cordano Brunonu nəzərdə tuturam. Məlumdur ki, o, Günəş sisteminin Yer kürəsinin ətrafında deyil, Yerin Günəş ətrafında fırlandığını dediyinə görə kilsə məhkəməsinin qərarı ilə məhv edilib. Bunlardan əlavə, tarixdə qanlar tökmüş sərkərdələrin, hökmdarların adı daim uca tutulub. Bu gün də onların obrazı ilə qəhrəmanlıq əsərləri yazılır, filmlər çəkilir, heykəllər ucaldılır. Amma, böyük ixtiraların müəllifi olan alimlər onlar qədər tanınmır. Halbuki, dünya onların nailiyyətləri üzərində inkişaf edir...

Ölkəmizdə elmin təbliği sahəsində elmi jurnalistikanın formalaşdırılmasına böyük ehtiyac vardır. Bu isə KİV-lər üçün müvafiq proqram və layihələr həyata keçirməklə mümkün ola bilər.

 

-          Təşəkkür edirik.

 

        Günel Eyvazlı

 

Xəbər lenti