Siyasətlə terrorun sərhədinin qarışdırılması - Türkiyədəki kürd əsilli siyasətçilərin acı aqibəti - ŞƏRH

Siyasətlə terrorun sərhədinin qarışdırılması - Türkiyədəki kürd əsilli siyasətçilərin acı aqibəti - ŞƏRH
Türkiyədə

Bakı. 11 yanvar. / Cəmiyyətdə və insan həyatında baş verən ciddi hadisələr ağı qaradan, yalanı doğrudan, pisi yaxşıdan ayırmaq üçün şərait yaradır. Bu baxımdan böyük siyasi, hərbi olaylar, maliyyə-iqtisadi böhranlar da siyasətlə məşğul olanların keçdikləri yola yenidən nəzər salmaları, atdıqları addımlarla bağlı ciddi düşünmələri, eyforiyadan ayılması üçün impuls ola bilir. Bu, dövlət başçıları, partiya, ideoloji və siyasi-ideoloji rəhbərlərə də şamil olunur.

Son illər Türkiyədə kürd etnik qrupunun adı ilə fəaliyyət göstərən siyasilərin atdıqları bəzi addımlar da bu baxımdan dəyərləndirilə bilər. Suriya və İraqda baş verən hadisələr isə bölgədə qaranlıq qalan, yaxud belə görünən bir sıra mətləblərin üzərinə işıq saldı. Kimin kim olduğu, kimin nə istədiyi, kimlərin hansı maraqlara oynadığı aşkarlandı. Bu aydınlanma prosesi hələ də davam etməkdədir. Hətta sözügedən etnik qrupun adından Türkiyədə siyasi səhnədə partiyalar fəaliyyət göstərib.

Bu yaxınlarda Xalqların Demokratik Partiyasında (HDP) baş verənlər məsələnin aktuallığına səbəb olub. Fevralın 11-də partiyanın qurultayının keçiriləcəyi gözlənilir. HDP-nin aparıcı fiqurlarından olan Hasip Kaplan və Sırrı Süreyya Önder arasında sosial şəbəkələrdə başlayan mübahisə partiyadaxili gərginliyi artırıb. Bu siyasi təşkilatın həmsədri, terrorçuluğu dəstəkləməkdə, Türkiyə dövləti və hakimiyyətinə qarşı çıxışlar etməkdə və başqa bu kimi maddələrlə ittiham olunan Selahattin Demirtaş həbs edilib. O, yenidən həmsədrliyə namizədliyini irəli sürməyəcəyini bildirib. Ona görə də partiya rəhbərliyi qarşıdan gələn həftədən həmsədrliyə yeni namizədi qurultayadək uzlaşma yolu ilə müəyyənləşdirmək niyyətindədir. Namizədlərlə bağlı Uzlaşma (Konsensus) Komitəsi yaradılacaq. Həmsədrliyə namizədlər arasında adları ən çox Şanlıurfadan millət vəkili seçilən Osman Baydəmir və HDP-nin sözçüsü Ayhan Bilgenin adları hallanır. Onların isə partiyanın idarə edilməsində görünməz əllərdən sayılan Ahmet Türkün ağsaqqalığı ilə rəhbərliyə gətiriləcəyi deyilir. Ahmet Türk bildirib ki, səhhəti həmsədrlik, yaxud partiyaya ağsaqqallıq etməyə imkan vermir. O, bu vəzifəni gənclərin icra etməsini məqsədəuyğun sayın. Yeri gəlmişkən, 2005-ci ildə məhkəmənin qərarı ilə Ahmet Türkün siyasətlə məşğul olması qadağan edilib. Ancaq Türkiyənin Şırnak bölgəsindən keçmiş deputat Hasip Kaplan Ahmet Türkün “patronluğu"na qarşı çıxaraq sosial şəbəkələrdə yazıb: “HDP-nin qurultayında Demirtaşın yerinə bir Türk göz dikməsin. Mənim acizanə təklifim: hər kəs həddini bilsin”. Bundan sonra HDP-nin “Twitter” hesabında buna qarşı belə cavab yazılıb: “Hasip Kaplanın “Twitter” səhifəsindən edilən irqçi, ayrımçı və başqa paylaşımlarının HDP anlayışı və siyasəti ilə heç bir əlaqəsi yoxdur. Bunu qınayır və ayıb sayırıq”. Partiya adından yayılan bu bəyanata cavab olaraq Hasip Kaplan HDP rəhbərliyini reallığa diqqət yetirməyə çağırıb. O, partiya sıralarından istefa verdiyini və siyasətdən getdiyini vurğulayıb. Qeyd edək ki, Hasip Kaplan HDP-nin “ağır artilleriyaları"ndan sayılır. O, 2001 və 2007-ci illərdə Şırnakdan parlamentə müstəqil namizəd olaraq seçilib. 2011-ci ildəki seçkilərdən sonra “Barış və Demokratiya” Partiyasına, 2014-cü ildə bu partiyadan olan başqa deputatlarla birlikdə HDP sıralarına keçmişdi. Ona görə də ehtimal etmək olar ki, HDP bu hadisələrlə əvvəlki nüfuzunu çətin bərpa edəcək.

2015-ci il iyunun 7-də seçilən millət vəkilləri hökumət formalaşdıra bilmədiklərindən bu parlament buraxılmış, 2015-ci il noyabrın 1-də təkrar seçkilər keçirilmişdi. Bu seçkilər arasında 5 ay fasilə olub. Həmin seçkilərin nəticələrini bir daha diqqətinizə çatdırırıq. Noyabrın 1-də keçirilən seçkilərin nəticəsi - hakim Ədalət və İnkişaf Partiyası (AKP) səslərin 49,6 faizini (parlamentdə 317 yer), Cümhuriyyət Xalq Partiyası (CHP) 25,22 faizini (134 yer), Milliyyətçi Hərəkat Partiyası (MHP) 11,7 faizini (40 yer), Xalqların Demokratik Partiyası (HDP) 10,86 faizini (müstəqil deputatlarla birlikdə 59 yer) qazanıb. Həmin il iyunun 7-də parlamentə keçirilən seçkidə isə AKP 40,87 faiz (258 yer), CHP 24,95 faiz (132 yer), MHP 16,29 faiz (80 yer), HDP 13,12 faiz (80) səs toplamışdı. Göründüyü kimi, HDP5 ay ərinzdə 3 faizə yaxın səs itirib. Onda hələ İraqın şimalındakı kürd muxtariyyəti İraq Konstitusiyasını, bütün beynəlxalq hüquq normalarını pozaraq “müstəqilliklə bağlı referendum keçirməyə” cürət etməmişdi. Həmin hadisə onu da sübut etdi ki, bu muxtariyyətin taleyi əvvəlki kimi yendə Türkiyədən asılıdır. Ona görə də terrorçu PKK ilə əməkdaşlıq etmiş HDP-nin gələcəyi necə ola bilər? Terrorçu PKK-nın hədəfi Türkiyəni parçalamaqdır. Deməli, nəticə etibarilə HDP-də bu dövlətin parçalanması istiqamətində fəaliyyət göstərənlər də var.

Halbuki əvvəllər də Türkiyəyə qarşı fəaliyyət göstərən partiyaların aqibəti uğurlu olmayıb. Xalqın Əmək Partiyası (Halkın Emek Partisi - HEP) 1990-cı ildə qurulub, 1993-cü ildə fəaliyyəti baş çatıb. Bu siyasi partiyanı Fransada keçirilən "Kürd milli kimlik və insan haqları” konfransına qatılan Sosial Demokrat Xalq Partiyasının (SHP) üzvlüyündən qovulan millət vəkilləri qurub. Onların arasında Ahmet Türk də olub. Sonra HEP və SHP koalisiya şəklində parlamentdə 18 millət vəkili ilə təmsil olundu. Bu ittifaq Türkiyə dövlətinin ərazi bütövlüyünə qarşı çıxdıqlarından bağlandı. Onun bazasında 1992-ci ildə Azadlıq və Demokratiya Partiyası (Özgürlük və Demokrasi Partisi) quruldu. Bu təşkilat da bir il yaşadı. 1993-cü ildə Demokratik Partiya təsis olundu. Onlar da parlamentdə millət vəkilləri ilə təmsil olundu və Türkiyə dövlətinə qarşı fəaliyyətinə görə bir ildən sonra bağlandı. 1994-cü ildə Xalqın Demokratik Partiyası (Halkın Demokrasi Partisi – HADEP) yaradıldı. Terrorçu PKK-nın müdafiə etdiyi, Türkiyə dövlətinə və onun atributlarına qarşı çıxdığı üçün 2003-cü ildə məhkəmənin qərarı ilə onun da fəaliyyəti dayandırılıb. Demokratik Xalq Partiyası (Demokratik Halk Partisi - DEHAP) 1997-ci ildə yaradılıb, 2002-ci ildə oxşar ittihamlarla bağlanıb. 2005-ci ildə Demokratik Cəmiyyət Partiyası (Demokratik Toplum Partisi - DTP) yaradıldı və Ahmet Türk onun həmsədrlərindən oldu. Türkiyə cəmiyyətini bölmək, dövlətin bütövlüyünə qarşı çıxmaqda ittiham olunaraq bu təşkilatın da fəaliyyəti 2007-ci ildə məhkəmənin qərarı ilə dayandırıldı. Aralarında Ahmet Türk və Nurettin Demirtaş da olmaqla partiyanın 221 üzvünə 5 il müddətinə siyasətlə məşğul olmaq qadağan edildi. HDP isə 2012-ci ildə qurulub, solyönümlü siyasi təşkilat sayılır. Bu qurumun da liderləri terrorçu PKK-nı, terroru dəstəkləməkdə və Türkiyəyə qarşı fəaliyyət göstərməkdə ittiham olunurlar.

Məqsədimiz heç də hansısa etnik qrupa qarşı kampaniya aparmaq, onun haqqını danmaq deyil. Sadəcə, bir etnik qrupun adından son 27 ildə oynanlan oyuna diqqəti çəkməkdir. İraqın şimalındakı hadisələr onu da sübut etdi ki, “referendum” ideyasının kökü adıçəkilən etnik qrupda deyil, xaricdə, bölgədən çox-çox uzaqdadır. Elə həmin hadisə HDP-nin ayaqlarının Türkiyə torpaqlarında yox, ondan kənarda olduğunu göstərir. Türkiyədəki demokratik mühitdən yararlanan eyni adamlar partiyanın adını dəyişməklə yenidən fəaliyyətlərini bərpa edirlər. Onlar Türkiyə dövlətinə qarşı çıxıb onu parçalamaq istəyənlərə ölkə daxilində yardım edir, yaxud ona təzyiq edilməsi üçün alətə çevirilirlər. Riyaziyyatın məşhur qanununun dilincə desək belə alınar: “Terrorçuları dəstəkləyənlərin adları dəyişsə də, mahiyyəti, rolu, funksiyası dəyişmir”.

Beləliklə, 2019-cu il noyabrın 3-də keçiriləcəyi gözlənilən prezident seçkisində HDP-nin uğur qazanması ehtimalı çox azdır. Ancaq ola bilsin ki, xarici havadarlarının təklifi ilə Türkiyədə bu etnik qrupun da adından əvvəlki fəaliyyəti davam etdirmək məqsədilə yeni bir siyasi təşkilat yaradıldı. 

float: left; width: 100%;">

Xəbər lenti