“Türk anası qüdrətlidir”

“Türk anası qüdrətlidir”
Türk Dünyası Jurnalistlər Federasiyasının təşkilatçılığı ilə "səkkiz ölkə, səkkiz şəhər və türk ana” başlığı ilə keçirilən festival 3-cü dəfədir ki, baş tutur. Festivala göndərilən filmlər türk coğrafiyasının dünəninə, bu gününə işıq salır. Filmlərdə türk dünyasının milli adət-ənənələri, tarixi keçmişi, azadlıq uğrunda mücadilələri və tarixi şəxsiyyətləri nümayiş olunur. Dünən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Türkiyə səfirliyi Mədəniyyət və Tanıtım Müşavirliyinin Türkiyə-Azərbaycan həmrəyliyinin 100-cü ili çərçivəsində təşkil etdiyi festivalın Azərbaycandakı hissəsi baş tutdu.
Universitetinin "Kino-televiziya” fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Mübariz Məmmədlinin təşkilatçılığı və Sürəyya Əzizovanın koordinatorluğu ilə reallaşan tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da iştirak edirdi. Daha sonra Türk Dünyası Sənədli Film Festivalının açılışında Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Şimali Kipr Türk Respublikası, Makedoniya və Bosniya Hersoqovinadan "analar” mövzusunda "8 ölkə 8 şəhər, Türk ana” filmi nümayiş olundu. Hər türkdilli ölkədən fərqli rejissorların çəkdiyi sənədli filmlərin nümayişindən sonra isə mükafat alan filmlər Bakıda gənc tamaşaçıların izləməsinə verildi.
Festivalın təşkilat komitəsinin sədri, Türk Dünyası Jurnalistlər Federasiyasının rəhbəri Menderes Dəmir festivaldan sonra "Kaspi”nin suallarını cavablandırdı. Bildirdi ki, 6 oktyabrda İstanbul Universitetində baş tutan qala gecəsində festivalın qalib mükafatları sahiblərinə çatdırılıb. Özbəkistan və Türkiyənin qalib olduğu festivalda azərbaycanlı rejissor Nəcibə Abbasova münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb. Plana görə, qalib filmlər Bakıdan sonra Lefkoşa, Bişkek, Daşkənd və İstanbul şəhərlərində nümayiş olunacaq.
Qeyd edək ki, Azərbaycandan ADMİU-nun tələbəsi Fərid festivalda iştirak edib.
 
- Menderes bəy, sonuncu dəfə Azərbaycanda nə zaman olmusunuz?
 
- 1990-cı ildən bəri Azərbaycana tez-tez gəlirəm. Sizin mədəniyyətiniz, filmləriniz hər zaman diqqətimi çəkib. Sonuncu dəfə Azərbaycanda ötən il olmuşam. İldən-ilə Azərbaycan, xüsusən də paytaxtınız gözəlləşir.
 
- İstərdik, gəlişinizin səbəbi ilə bağlı danışaq.
 
- Artıq 3-cü dəfədir ki, türkdilli dövlətlərin iştirak etdiyi "Səkkiz ölkə, səkkiz şəhər və türk ana” festivalı ilə tamaşaçıların görüşünə gəlirik. Festivala 140 rejissor öz filmləri ilə qatıldı. Türk dünyasının fərqli ölkələrindən müsabiqə üçün özəl olaraq gələn münsiflər heyəti də var idi. İlk seçim turundan 12 peşəkar və 12 tələbə iştirakçı finala vəsiqə qazandı. Və professional rejissorlar tərəfindən finala qalan filmlər arasında özbəkistanlı iştirakçı Əli Həmrayevin rejissorluq etdiyi "Səni unutmadım” filmi birincilik qazandı. İkinci yerə İraqdan Didəm Şahinin çəkdiyi "Mən türkmənəm” filmi sahib oldu. Üçüncülüyü türkiyəli rejissor Kaan Atilla Taşqının "Qara dənizin yalnız nənələri” filmi qazandı. Tələbələr arasındakı nominasiyada isə birinciliyə türk rejissor Batuhan Kurtun çəkdiyi "Kurbağa ovçuları”, ikinci yerə "Saksak” filminin rejissoru Turan Kubulay, üçüncü yerə isə qırğızıstanlı iştirakçı Cibek Abdullayevanın "Qadın dünyası” filmi layiq görüldü.
 
- Festivalın yaranma səbəbləri haradan qaynaqlandı?
 
- Bilirsiniz ki, türk dünyası geniş bir ailədir. Bu ailənin mədəniyyətini, sənətini, milli-mənəvi dəyərlərini əvvəlcə bir-birimizə təbliğ etməliyik. Təbliğatın yolu isə sənədli filmlərdən keçir. Bir neçə il bundan öncə Türk Dünyası Jurnalistlər Federasiyasının Tatarıstanın paytaxtı Kazanda ikinci şurası keçirilirdi və orada türkdilli ölkələr üçün sənədli film müsabiqəsi keçirmək qərarı müzakirə olundu. Türk dünyasının media mənsubları olaraq türkdilli dövlətlərin mədəniyyətinə necə xidmət edə bilərik deyə fikirlər irəli sürdük. Belə bir festival etmək fikri ortaya çıxdı. Biz də türk dünyası sənədli film festivalı və müsabiqəsi yaratdıq. 2016-cı ildə iki universitet bizim layihəyə ortaqlıq etdi. Federasiyamıza bağlı olan cəmiyyətlərin dəstəyi ilə türk dünyasının hamısında sənədli film müsabiqəsi elan etdik və yarışmaya başladıq. Birinci müsabiqədə bizə türk dünyasından olan 70 rejissorun  filmi göndərildi. 2016-cı il iyulun sonunda layihənin ilkin variantını təşkil etdik. Birinci festivalımıza "5 ölkə, 6 şəhər” şüarı ilə işə başladıq. O zaman festivalın mövzusu türk dünyasının milli-mənəvi dəyərləri idi. Qalib olan filmlərimizi öncə Azərbaycanda Bakı Dövlət Universitetində nümayiş etdirdik. Həmin il Qırğızıstanın Maraş Universitetinin bir tələbəsinin "Köç” filmi birinci olmuşdu.
2017-ci ildə sənədli film festivalında peşəkar və tələbə nominasiyaları elan etdik. Festivalımıza 130 film göndərilmişdi. 2017-ci ildə İstanbul Universitetində qala gecəmizi keçirdik. Daha sonra ötən il Bakı Dövlət Universitetində filmlərimizi nümayiş etdirdik. Bakıdakı Türkiyə səfirliyinin və səfirliyin Mədəniyyət müşavirliyinin dəstəyi ilə bu layihəni həyata keçirdik. Bunun üçün mədəniyyət müşaviri İrfan Çiftçiyə minnətdarlığımı bildirirəm. Bakının çox böyük bir kinoteatrında bu müsabiqəmiz baş tutdu. Azərbaycandan sonra Qazaxıstan, Qırğızıstan, Makedoniyaya qədər festivalımız davam etdi.
 
- 2018-ci ildə isə "Səkkiz ölkə, səkkiz şəhər və türk ana” festivalı ilə türkdilli ölkələri diyar-diyar gəzirsiniz.
 
- Elədir. Mövzumuzun məğzi yenə eynidir. Türk mədəniyyətinin dünyaya inteqrasiyası üçün belə bir mövzu seçdik. Bu il də yenə peşəkar və tələbələrin filmlərini qəbul etdik. Yarışmaya 140 film qatıldı, onlardan 12-si peşəkar, 12-si tələbə filmi finala qaldı. 2-6 oktyabr tarixlərində İstanbul Universitetinin salonlarında tamaşaçılarla görüşdük. Hazırda Bakıdayıq. Bu dəfə Bakıdakı tərəfdaşımız ADMİU-dur. Bundan sonra Qazaxıstanın Almatı şəhərinə gedəcəyik. 18 oktyabrda isə Əlfarab Universitetində təqdimatımız olacaq. Bir türk ananın bir gününü çəkərək onu sənədli film halına gətirdik.
 
- Türk dünyasının analarını beynəlxalq arenada təqdim etməkdə məqsəd nə idi?
 
- Məqsədimiz türk dünyasının analarını, türkdilli ölkələrin mətbəxlərindən tutmuş, gündəlik yaşamlarına qədər hamısını bir filmdə birləşdirməkdir.  
 
- Festivalın mövzusunu türk anası seçməklə, türk atalarının könülün qırmış olmursunuzmu?
 
- (Gülürük) Analar bizim həssas nöqtəmizdir. Məhz analarımızın vasitəsi ilə  mədəniyyətimizdən, tariximizdən bəhs edirik. Festivalımızın Bakıdakı açılışında səfirimiz Erkan Özoral qeyd etdi ki, sovet dövründə türkdilli dövlətlərdə yaşayan ailələrin övladları daha çox Rusiyaya gedirdi və o illərdə türk anaları oğullarını Rusiyaya gedərkən təlimatlandırırdı. Ya onu türk qızı evləndirib yola salar, ya da ki, oğlunun qayıtdıqda türk qızı ilə evlənəcəyi ilə bağlı söz alırdılar. Görürsünüzmü, türk anasının qüdrətini? Millətin öz və kök dəyərlərini analar yaşayır və yaşadır. Analar bizim ürək telimizdir. Ürəyimizdən bir parçadır.
 
- Menderes bəy, bəs Azərbaycan filmlərini necə qiymətləndirirsiniz?
 
- Son illər Azərbaycanda film sahəsi sürətli şəkildə inkişaf etsə də, bizim festivala olan maraq bir qədər ürəkaçan olmadı. Belə ki, bizə göndərilən sənədli filmlər sırasında Azərbaycandan film gəlmədi. Ümid edirəm, növbəti il gənc rejissorlar bizim festivalda özlərini sınayacaq və maraqlı filmlər çəkib göndərəcəklər. Bu ilki film festivalında münsif heyətində Vaqif Mustafayev də var idi. O, televiziya rəhbəridir, gözəl filmləri var. Bu kimi filmlərin türk dünyasına təqdim olunması lazımdır. Biz də bu istiqamətdə çalışırıq. Qeyd edim ki, biz bu layihə çərçivəsində Türk dünyası Kino Birliyini yaratdıq. Məqsədimiz isə tammetraflı filmləri türkdilli ölkələrdə göstərə bilməkdən ibarətdir. Ən azı 3-5 ölkənin müştərək filmlər hazırlanmasını istəyirik. Bununla bağlı çalışırıq. Azərbaycanın da iştirak etdiyi TÜRKSOY kimi qurumların bu mövzunu gündəmdə saxlayacaqlarına ümid edirik.
 
- Sizcə, ortaq türk mədəniyyətinin təbliğində kinonun rolu nə qədərdir?
 
- Kino təbliğat vasitəsidir. Toplumun öz dəyərlərini böyük kütlələrə çatdırmaq üçün bir vasitədir. Bu vasitədən istifadə etmək lazımdır. Misal üçün, niyə bizim qan qardaşlarımız Qırğızıstanda, Qazaxıstanın çölündə, elə sizin Gəncədə yaşayan türk insanının mədəniyyətindən xəbərdar olmasın? Biz onlara məhz kino vasitəsi ilə göstərmək istəyirik ki, sizin qardaşınız o biri məmləkətdə bu şəkildə yaşayır. Kinonun gücü böyükdür. Dünyada insanlara, kütləyə daha çox kino ilə təsir edirlər.
 
Xəyalə Rəis



Xəbər lenti