Valideyinlərimizin qədrini sağlıqlarında bilək!

Valideyinlərimizin qədrini sağlıqlarında bilək!

       Bəzi insanlar var ki, öz valideyinlərinin qədrini sağlıqlarında bilmirlər. Həyat fani həyatdır, hamımız bir gün köçəcəyik bu dünyadan. Həmin insanlar, hansılar ki, valideyinlərinin qədrini sağlığında bilmirlər, Valideyinləri dünyadan köçəndən sonra, anlayır ki, insan necə ehtiyac duyur valideyinin köməyinə.  Elə insanlar var ki, valideyinlərini vaxtsız itirib və ya hansısa səbəbdən valideyinləri tərəfindən internat evinlərinə atılıblar. Həmin insanlar heç olmasa bir valideyininin yanında olmasını istəyir, onlarla oyun oynayıb, gəzməyə getməsini istəyir. Mən bir neçə dəfə şahidi olmuşam ki, bir "insan” öz valideyininə qarşı laqeyid və kobud davranır. Onlara bacardığım qədər anlatıram ki, bir övlad öz valideyininə qarşı belə davranmaz, çünki  ana və atanın sənin üçün çəkdikləri əziyyətlərin əvəzini  heç  vaxt verə bilməzsən!

İlk növbədə Analardan danışım:  9 ay bətnində gəzdirir səni, daha sonra bir ömür sənə dəstək olur... Doğulandan - ailə həyatı qurana qədər, sən həmişə yaşından asılı olmayaraq, anan üçün balaca bir övlad olaraq qalırsan. Atan isə gecə-gündüz çalışıb pul qazanır. Pul qazanır ki, öz ailəsini, öz övladını saxlaya bilsin, güclü və sağlam böyüdə bilsin.

       Birazda özüm haqqında danışmaq istəyirəm: Mən Ağarzayev Anar Balamirzə oğlu 14.06.1994-cü il tarixində, Bakı şəhərində anadan olmuşam. Uşaqlıq illərimdən başlayaraq ta ki indiyə qədər çətin və çıxılmaz günlərim az olmayıb.  Anam və Atam həmişə mənə dəstək olublar.  Mən düşünürəm ki, 100% olmasa da, yetərincə layiqli övlad olmuşam. Şəxsən mən Hərbi xidmətdə olan zaman valideyinlərimin qədrini daha çox bildim. Bəzən olurdu özümü tənha hiss edirdim, xəstələndə anamın necə qayğıma qaldığı vaxtlar, bişirdiyi yeməklər yadıma düşürdü. Bir sözlə valideyinlərim üçün çox darıxırdım. Hətta bir statusda yazmışdım, belə desək müraciət olaraq yazmışdım dosta,  tanışa bu sözləri. Həmin yazını olduğu kimi indi bura yazıram:

       Məsləhətdir axıra kimi oxuyun. Ən əsası da hərbidə olamayanlara aiddir. 11 ay ərzində hərbi xidmətdən ibrət götürdüklərimi yazacağam. Əsgər adı çəkiləndə səninlə birgə ailən də, o həyəcanı yaşayır, artıq onlarda səninlə birgə səhər təzdən oyanır, səninlə eyni anda yatır, bəzən isə,  gecənin yarısı oyanır və düşünür: görəsən bu gün oğlum nə yedi? Ac qalmadıki? Xəstələnməyib görəsən? Yeri rahatdırmı? Sualları ilə gözləri dolurdu anamın. Artıq hər yemək çəkdikdə, oğlu üçün pay saxlamaq istəyir, öz boğazından kəsib onun görüşü üçün hazırlayır yeməkləri. İsti corabları onun üçün alır, ən böyük duaları onun üçün edir hər gün. Əsgər atası olmağın fərəhli hiss olduğunu anlayır Ata. Yəni əsgərlik həyatı tam fərqlidir əslində. Həyata sanki baxışın dəyişir. Əvvəl dost saydığın insanların bəzilərini daha yaxşı tanımağa başlayırsan, və bilmək olur ki, onlar sadəcə dildə dost imişlər. Əvvəl zamanla onlara az vaxt sərf etdiyin ailən daha ön plana keçir, onları daha çox düşünməyə başlayırsan. Ana və Atanızın qədrini bilin, onlara daha çox vaxt ayırın ki, sonra peşiman olmayasınız!!

      Mən bu yazını 8 may 2013-cü ildə, 11 ayın əsgəri olduğum zaman yazmışam. Artıq 11 ay ərzində çox şey öyrənmişdim həyatda, valideyinlərimin mənim üçün necə qiymətli olğunu daha yaxşı anlamışdım və anlamışdım ki, onlarsız mənə necə çətindir. Hətta 1-2 dəqiqəlik valideyinlərimlə telefon danışıqları mənim üçün çox xoş idi, xoş və çətin idi. Çətin idi ona görəki, onlarsız mənim üçün necə çətin olduğunu bacardığım qədər bildirməməyə çalışırdım. Bu dəqiqələr mənim üçün qızıla bərabər idi. Əsgərlik hamı üçün vacibdir. Çünki  həyatın çətin tərəfini görürsən, çətinliklərə dözməyi öyrənirsən, tək başına yaşamağı öyrənirsən və s. 18 ay valideyin həsrətindən sonra, hərbi xidməti başa vurdum. Və Allaha şükür etdim ki, valideyinlərim mənim yanımdadırlar.

      Bir ibrətamiz hekayə yazım sizə: Bir yaşlı qadın günlərin bir günü oğlunun evinə köçür. Oğlunun yoldaşı və 4 yaşlı oğlu var imiş. Qadın çox yaşlı idi, gözləri zəif görürdü, əlləri əsirdi. Hər axşam bütün ailə ilə birlikdə masa arxasında əyləşib nahar edərdilər. Yaşlı qadının əlləri əsdiyindən yemək yeyərkən əziyyət çəkirdi, çox vaxt isə yeməyi süfrəyə dağıdardı. Bir neçə gündən sonra bu hal oğlu ilə gəlini narahat etməyə başlayır. Oğlu bu hala bir çarə tapır, çarə isə otağın küncündə balaca stol qoymaq və anasının orada yemək yeməsi idi. Yaşlı qadın hər axşam gözüyaşlı tək küncdə yerləşən stolda nahar edirdi. Yeməyi isə taxta qabda verilirdi. Balaca uşaq hər şeyi görüb başa düşürdü.

       Bir gün atası uşağın taxtalarla oynadığını görür. "Oğlum nə düzəldirsən?" deyə soruşduqda. Uşaq tam əmin şəkildə və gülümsəyərək: "Ata taxtadan anamla sənə qab düzəldirəm, mən böyüyəndə siz bu qabdan yemək yeyəcəksiz" deyə cavab verərək başını aşağı salıb işinə dəvam edir. Uşağın cavabına donub qalan ata və ana nə deyəcəklərini bilmədilər. Hər ikisi də böyük peşimançılıq hissi keçirirdilər. Həmin axşam oğul anasının qoca titrəyən əllərindən tutaraq onu masa arxasında əyləşdirir və çox peşiman olduğunu etiraf edir. O gündən yaşlı qadın süfrəyə yemək dağıtsa belə evdə heç kəsi narahat etmirdi.

      Yaşından asılı olmayaraq, onlar hətta yaddaşlarını belə itirə bilərlər, səni "öz doğma övladını” belə tanımaya bilərlər. Amma sən ömrünün sonuna qədər onların bütün ehtiyaclarını qarşılamalı və əlindən gələn hər bir köməyi göstərməlisən.  Çünki bu hamımızın borcudur!

      Sonda onu vurğulamaq istəyirəm ki, Valideyinlərinizin qədrini sağlıqlarında bilin, onlara dəyər verin və daha çox vaxt ayırın. Sonra peşiman olub deməyəsiniz ki, "Vaxtında gərək valideyinlərimin qayğısına qalıb, onları incitməzdim”.

Anar Ağarzayev

Xəbər lenti