Varis Yolçuyev: "Həmişə haradasa iz qoymağa çalışıram" - MÜSAHİBƏ - EKSKLÜZİV

Varis Yolçuyev:


Dosye :Varis Yolçuyev 7 iyun 1966-cı ildə Sumqayıt şəhərində anadan olub. 1990-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1991-ci ildə "168 saat" qəzetinə baş redaktorluq, 1993-cü ildə " 7 gün " qəzetinə redaktorluq edib. 1995-ci ildə Azərbaycan Dövlət Televiziyasının " Gecə kanalı " proqramının yaradıcılarından olub. 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin " Azərbaycan " nəşriyyatına baş redaktor təyin edilib. 2007-ci ildə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də (AzTV) Dövri Nəşrlər və Sosioloji Araşdırmalar Departamentinin direktoru təyin edilib. O, həmçinin Azərbaycanda ilk " TV plyus " milli teleradio jurnalının baş redaktorudur. Azərbaycanda və xarici ölkə mətbuatlarında yüzlərlə məqaləsi çıxıb, 2001-2005-ci illərdə dalbadal 5 dəfə müxtəlif beynəlxalq qurumlar tərəfindən ("European Market Research Center", "Editorial Ofice" və s.) media mükafatlarına layiq görülüb. Müxtəlif illərdə " Dan ulduzu " ali jurnalistika mükafatına, " İlin ən yaxşı redaktoru " adına layiq görülüb. On səkkiz kitabın ("Əsl insan haqqında", "Azərbaycan prezidenti", "Azərbaycan gəncliyi - Azərbaycanın gələcəyi" və s.) redaktoru olub. Xalq yazıçısı İsmayıl Şıxlının təqdimatı ilə ilk hekayələri "Ulduz" jurnalında dərc edilib. 90-cı illərdən başlayaraq isə onun ədəbi mətbuatda digər hekayələri ("Bir ovuc torpaq", "Tənha yalquzağın nağılı", "Əbədi məhəbbət dastanı", "Səhər heç vaxt açılmayacaq", "Sənə inanıram", "Yol ayrıcında azıb qalanlar") işıq üzü görüb. İlk bədii kitabı "Sonuncu ölən ümidlərdir "2008-ci ilin noyabrında çap olunub. 2009-cu ildə yazıçının "Bir ovuc torpaq", 2010-cu ildə "Sənə inanıram", 2011-ci ildə "Yetmiş yeddinci gün" , 2012-ci ildə "Əzilmiş fotoşəkillər”, 2013-cü ildə isə " Yol ayrıcında azıb qalanlar”adlı növbəti kitabları işıq üzü görüb.

 

-         Sizdə ədəbiyyata, yazıb-yaratmağa maraq nə vaxtdan yaranmağa başlamışdı?

 

-         Mən filoloq, ədəbiyyat mütəxəssisi Musa Yolçuyevin övladı kimi dünyaya gəldiyimdə üç otaqlı mənzilimizin bir otağı kitabla dolu idi. Dəhlizimiz üç cərgə kitablardan ibarət idi. O kitabların içində böyümüşəm. Kitabların içində böyümək, uşaq təfəkkürlü bir insanda maraq oyadır. Ən birinci bəzəkli kitabları açırsan ki, görüm nədir? Mən müsahibələrimin birində də qeyd etmişəm. İlk vaxtlar həmin kitabları maşın kimi sürürdüm, top əvəzi vururdum. Bu maraqların ardından mən artıq o kitabların içindəki şəkillərə baxmağa başladım. Baxçaya gedəndə artıq ordakıları məcbur edirdim ki, mənə əlifbanı tez öyrətsinlər, mən o kitabları oxumağa başlayım. Kitabların içində böyümək mənə böyük fayda verdi. Həmin dövrdə istəyirdim ki, özümün də kitabım olsun. Təsəvvür edinki, 5-6 yaşımda mən kitab yazmışdım, üstünə də yazmışdım ki, " Varisin kitabı”.  Nə vaxtsa memuarlarımı çap etdirəndə, o kitabı da çap etdirəcəm. İndi həmin kitaba baxdığımda görürəm ki, orda uşaq sadəlövhlüyü ilə çox maraqlı cümlələr yazılıb.

 

-         Varis bəy, orta və yaşlı nəsil sizin hekayələrinizlə çoxdan tanışdırlar. 90-cı illərdə ədəbi mətbuatda bir sıra hekayələriniz dərc olunmuşdu. Ədəbi mühitə yenidən gəlişiniz 2008-ci ildə baş verdi. Uzun müddətli fasilənin səbəbi nə idi?

 

-         Mən Bakı Dövlət Universitetinin Filologiya fakültəsində oxuyarkən dayım bir neçə hekayəmi aparıb xalq yazıçısı İsmayıl Şıxlıya vermişdi. İsmayıl müəllim həmin dövrdə Ali Sovetin deputatı olduğundan biz düşünürdük ki, bir az gec xəbər verər. Lakin bir neçə gün keçəndən sonra eşitdim ki, İsmayıl müəllim məni axtarır. Tez yanına getdim. O həmin hekayələri " Ulduz " jurnalına verdi. Hətta ön sözdə yazmışdı ki : " Ədəbiyyatımıza Varis gəlir. Mən onun gələcəyinə böyük inam bəsləyirəm”. Amma, həmin dövr cəmiyyətin siyasiləşmiş dövrü idi. Qarabağ müharibəsi davam edirdi. SSRİ dağılmışdı və biz sosializm ictimai-iqtisadi formasiyasından kapitalizmə keçid dövrünü yaşayırdıq. Buna görə də mənim ədəbiyyata gəlişim yubandı.  Həmin dövrdə mən mətbuata yönəldim və uzun müddət qəzetlərdə çalışdım. Yalnız 2006-cı ildə içimdəki ədəbiyyat sevgisi məni yenidən hərəkətə gətirdi. Həmin ildə mən " Sonuncu ölən ümidlərdir "adlı romanımı yazdım. Çapa hazırlıq dövrünün ardından, 2008-ci ildə bu roman işıq üzü gördü. Lakin, o dövrdə kitab mağazaları yox idi, kütləvi şəkildə baqqal dükanlarına çevrilmişdi. Belə bir dövrdə mən ilk romanımı yazdım. Mən hər zaman həqiqəti söyləmişəm. Etiraf edirəm ki, həmin əsərdə mən yazıçı potensialımın cüzi bir hissəsini nümayiş etdirmişəm. Ədəbiyyatda daima " ciddi ədəbiyyat ", " yüngül ədəbiyyat ", " fikir ədəbiyyatı” , " hadisə ədəbiyyatı” kimi polemikalar olub. Həmin dövrdə kitab mağazaları olmadığından bir ovuc yazıçılar öz kitablarını üzə çıxartmırdılar. Onlar deyim yerindədirsə " sandıq ədəbiyyatı " yazırdılar. Belə bir dekodent nəzəriyyə var ki, sənəti yalnız sənəti başa düşənlər dərk edə bilər. Belə bir dövrdə ortaya kitabla çıxmaq oxuculara bir çağırış idi. Kitabın üzərində də " Kitab oxumağın vaxtı yetişdi! " devizi var idi. Özü də bu kitab böyük bir risklə - 10.000 tirajla çap olundu. Həmin dövrdə oxucu və satış problemləri olduğundan biz kitabın 3000 nüsxəyə yaxınını tələbələrə, gənclər işləyən kollektivlərə hədiyyə etdik. Kitabın sonunda da telefon nömrəmizi və poçtumuzu  qeyd etmişdik ki, oxucular rəy bildirsinlər. Və bunun ardından tələbələrdən, hərbçilərdən və s insanlardan rəylər almağa başladıq. Yalnız bundan sonra biz " Azərmətbuat”-ın yardımı ilə metrolarda və bölgələrimizdə satış prosesinə başladıq. Həmin kitabda mən oxucuların ardınca getdim. Əsərin dilini bəsit etdim və gənclərin sevimli mövzularından biri olan sevgi mövzusuna toxundum. Ondan sonra kitab 5 dəfə yenidən təkrar nəşr edildi. Təsəvvür edin, bu kitab pirat nüsxələrlə birlikdə 100.000 nüsxəni ötüb keçdi və mən bu romanımla ədəbiyyata gəldim. Əslində mən ədəbiyyata 15 il öncə gəlmişdim.  Lakin müəyyən məsələlərə görə mən üzə çıxmadım, mətbuata yönəldim.

 

-         İlk romanınızın doğurduğu əks-səda sizin üçün gözlənilən idi yoxsa sürpriz oldu?

 

-         Mən maksimalist biriyəm. Həmişə haradasa iz qoymağa çalışıram. Sözün düzü, ilk roman yazılanda mən inanırdım ki, nəsə edəcəm. Mən hiss edirdim ki, bu əsərdən sonra çaxnaşma olacaq, ajiotaj yaratacam. Lakin oxucuların reaksiyası gözlədiyimdən də çox oldu. Kitab oxunmayan bir məmləkətdə mən bu qədər oxucu gözləmirdim. Bizim oxucular var idi. Sadəcə olaraq bu insanlar özlərinə aid kitab tapa bilmirdilər. Xarici ədəbiyyatı hamı oxuyur. İnsanlar məhəlli, yerli ədəbiyyat istəyirlər. Bütün dünyada belədir. Öncə yerli yazar gəlir, sonra digərləri. Yerli yazar hansısa bir xarici yazardan zəif olsa belə, daha çox yerli bestsellerlər oxunur. Mən çox şadam ki, ilk kitabım belə bir rezonans doğurdu. Biz üç yazıçı – Elxan Elatlı, Qaraqan və mən Azərbaycanda yeni bir oxucu bumu yaratdıq. Çingiz Abdullayevi özüm qeyd etmədim. Çünki o hər zaman, hətta durğunluq dövründə də oxunub. Oxucusu olmayan, kitabları satılmayan yazarlar bizi qılınclayırlar, bizə səlib müharibəsi elan edirlər. Ümumiyyətlə, yazıçının başqa bir yazıçı haqqında tənqidi fikirlər söyləməsi doğru deyil. Ən yaxşı tənqidçi ədəbi tənqidlə məşğul olan insanlardır.

 

-         Son dövrlərdə bir çox jurnalist bu peşədən yazıçılığa keçid edirlər. Sizin özünüzü də bu kateqoriyaya şamil etmək olar. Sizcə bunun səbəbi nədir?

 

-         Bayaq da qeyd etdiyim kimi, mən jurnalistikadan yazıçılığa keçməmişəm. Əslində mən yazıçı idim, sonra jurnalistikaya keçdim. Mən yazıçılığın kandarında ikən jurnalistikaya getdim. Ümumiyyətlə, yazıçılıq və jurnalistika bir-birinə yaxın sənətlərdir. Dünya nəsrində bu iki sənət qaynayıb-qarışıb. Modern roman anlayışında publisistika daha çox hiss olunur. İnsan özünü əvvəlcə jurnalistikada tapıb sonra yazıçılığa keçmək istəyirsə bu normal haldır. Burada qınanılası bir şey yoxdur.

 

-         Elxan Elatlı, Çingiz Abdullayev, Qaraqanla yanaşı ölkədə xeyli oxucu auditoriyası toplayan 4-5 yazıçıdan birisiniz. Müasir oxucularımızın "damarı”nı necə tutursuz?

 

-         Mən bestsellerlər yazıram. Bu ticari bir termindir. Əvvəllər ən çox satılan kitablara bestseller deyirdilər. Sadəcə olaraq indiki dövrdə bir sıra qəlib qaydalar bestseller janrını formalaşdırıb. Əvvəlcədən yazıçı bilir ki, yazdıqları bestseller olacaq və oxunacaq. Mən özümü yazıçıdan çox daha yaxşı oxucu hesab edirəm. Bizdə yazıçılar nədənsə kitab oxumaq istəmirlər. Onlar düşünürlər ki, kitab oxuyub təsirinə düşərlər. Və yaxud da deyirlər ki, ən yaxşı yazıçı özüməm, heç kimi oxumuram. Yazıçının mütaliə etməməsi onun tükənməsi deməkdir. Mütaliə etməyən yazıçı inkişafdan qalır, sərhədləri heç vaxt genişlənmir. Mən hər dəfə maaş alanda 5-6 yeni kitab alıram. Dünya klassiklərini uşaqlıqdan oxumuşam deyə indi daha çox müasir bestsellerləri oxuyuram. Son dövrün bestseller yazan müəllifləri bu dəqiqə Azərbaycanda populyardır. Xalid Hüseyninin " Çərpələng uçuran " romanı, Əlif Şəfəqin " Eşq " romanı, Sesilya Ahernin " Mən səni sevirəm " romanı, Frederik Beqbederin " Məhəbbət 3 il yaşayır " romanı, Piter Ceymsin dedektiv-kriminal janrında yazılmış " Öldürücü dərəcədə sadə ”əsəri və Paulo Koelyonun bir çox əsərləri bizdə populyar oldu, sevildi. Onu da deyim ki, bizim yazarlar Koelyonu da bəyənmirlər. Bilirsiniz bu nədən irəli gəlir? Ümumiyyətlə hər kəs bir janrda yazır. Bizim gənc yazarların çoxu postmodernizm xəstəliyinə tutulub. Onların hər cümləsi Frans Kafkadır. Çoxu heç bilmir Frans Kafka kimdir? Frans Kafka öz dövrünün böyük yazıçısı olub, şan-şöhrət bir az gec gəlib ona. Onun dövrü informasiya-kommunikasiya-texnologiyaların olmadığı bir dövr idi. Frans Kafka ilə Paulo Koelyonu müqayisə etmək düzgün deyil.  Fikir ədəbiyyatını 4-5 % adamlar oxuyur. O sayaq kitabların oxucusu, tirajları çox olmur.Amma bu ədəbiyyatım çox dəyərli bir tərəfidir. Mən bir oxucu olaraq o ədəbiyyatı oxuyuram və çox da sevirəm. Məsələn, mən indi müasir dövrün sonuncu postmodernist yazıçısı, nobel mükafatçısı, portuqaliyalı yazar Joze Saramaqonun " Korluq " adlı romanını oxuyuram. Bu kitab çox ağır bir kitabdır. Meşa Selimoviç adlı bosniyalı bir yazıçının " Hökmdar və ölüm " əsərini də oxuyuram. Bu kitab da çox dərin kitabdır. Bu kitabları bir nəfəsə oxumaq olmur, 3-4 ay oturursan, fikirləşirsən, oxuyursan.  Mən bu cür ədəbiyyatı oxuyuram. Amma bu tip əsərlər kütləvi şəkildə oxunmur. Bunu faciəyə çevirmək, fikir ədəbiyyatı oxunmadığına görə sadə dildə yazan yazarları aşağılamaq yolverilməzdir.  " Əli və Nino " kitab mağazaları şəbəkəsinin sahibəsi Nigar Köçərli bir dəfə deyib ki, bu yazarların kitabı daha çox satılır. Digər yazarlar da buna görə efirlərə çıxırlar, müsahibələr verirlər, bu yazarları aşağılayırlar və s. Hətta bu xalqın musiqi zövqü də qınanılır. Deyirlər ki, bu xalq kütləvi şəkildə Üzeyir Mehdizadəni dinləyir və detektiv əsərlər oxuyur. " Xalq Üzeyir Mehdizadəni dinləyir " frazasının özü yanlışdır.  Xalq heç vaxt bir şeyi dinləyə bilməz. Mənim hesabımca onun dinləyici kateqoriyası tinegerlər, meyxanasevərlər və "kamaz-qazel” sürücüləridir. Bu kateqoriya onu xoşlayır. Qoy xoşlasınlar. Onların əlindən almaq olmaz ki. Üzeyirə qulaq asmaq, detektiv oxumaq əskildici bir şey deyil. Öz mənəvi aclığını onun mahnıları ilə doymuş hesab edən insanlar varsa, deməli Üzeyir də öz təbəqəsini tapıb və onlar üçün yazır. Bəşəriyyətdə elə bir yazıçı, müğənni olmayıb ki hamı onu sevsin. Çoxluğun və azlığın sevimlisi olmaq olar, hamının yox.

 

-         Sizi məhsuldar yazıçı kimi tanıyırıq. Hər il bir romanla oxucularınızın qarşısına çıxırsız. Bu məhsuldarlıq sizi "kəmiyyət ya keyfiyyət? ” – dilemması qarşısında qoymur?

 

-         Belə baxanda, ildə bir roman elə də böyük məhsuldarlıq deyil. Azərbaycanda yazıçılıq yazıçılar üçün bir xobbidir. Azərbaycanda sırf yazıçılıqla dolanan, başqa bir sahədə çalışmayan mənə elə gəlir ki, Çingiz Abdullayevdir. İnsanın çatdırmaq istədikləri, demək istədikləri çox olanda o daha çox yazır. Sözü aylarla beynində çözüb, saf-çürük edib şedevr əsər yaratmaq olar. Mən məsələyə öz meyarımla yanaşıram. Mənə elə gəlir ki, sən sözünü necə demək istəyirsənsə, elə də yazmalısan. Cümlənin quruluşunu sonra redaktə-korrektə vasitəsi ilə formaya salmaq olar. Roman bitibsə, aylarla gözləmək lazım deyil. Mən romanı 7-8 ay beynimdə işləyirəm.  Yazmaq periodum isə 1 ay olur. Oturub gecə-gündüz, sərasər yazıram. Sonra isə texniki, nəşri, çap işləri 1-2 ay vaxtımızı alır. Mən klassik yazıçılıq anlamında bəli , məhsuldaram. Amma müasir yazıçılıq anlayışı ilə götürsək, bu elə də məhsuldarlıq deyil.

 

-         Hal-hazırda üzərində işlədiyiniz bir roman varmı?

 

-         Mən artıq " Son məktub " adlı romanı yazıb bitirmişəm. İndi həmin romanın nəşr işləri gedir. Bu romanı ilin sonuna qədər üzə çıxartmaq fikrindəyəm.  Bu romanda fikir ədəbiyyatına meyllilik var. Oxucular bu əsərdə başqa bir yazıçı Varis görəcək. Mən romanı bitirmişəm, son nöqtəmi qoymuşam. Dekabrın ortalarına qədər bu kitabı çıxartmaq istəyirik.

 

-         Müasir yazıçılar, ədəbi tənqidçilər geniş auditoriya toplayan yazıçıların bəsit yazdıqlarını iddia edirlər. Bu iddiaların sizə görə doğruluq payı nə dərəcədədir?

 

-         Mən əvvəlki sualların birində bu suala cavab verdim. Mənə görə ədəbiyyatda bəsit anlamı yoxdur. Onlar əsərin sadə dilinə və konstruksiyasına bəsit deyə bilərlər. Bəsit-qeyri-bəsit ayrımını edənlər postmodernizm xəstəliyinə tutulmuş bir ovuc gənc yazardır. Mənim yazılarıma bəsit deyənlərə " Yetmiş yeddinci gün " adlı romanımı oxumalarını təklif edirəm. Bu romana bəsit deyən adam mənə elə gəlir ki, əlifbanı bilmir. Mənim ilk romanım oxucu zövqünə görə hesablanmışdı. Deyirlər ki, yazıçı heç vaxt oxucunun dalınca getməməlidir. Yazıçı mütləq oxucun dalınca getməlidir ki, sonra oxucusunu öz arxasınca aparsın. Bu mənim devizimdir. Detektiv janrında yazılmış əsərlərdə ədəbi bədiilik axtarmaq düzgün deyil. Elxan Elatlının detektiv əsərlərini xalq oxuyursa niyə onu yamanlayırsınız? Əksinə sevinmək lazımdır ki, bu 4 yazıçı ( Varis, Elxan Elatlı, Qaraqan, Çingiz Abdullayev ) ədəbiyyata nə qədər oxucu gətirir. Oxucular bu kitabları oxuduqdan sonra mütaliə aclığı, oxu vərdişi yaranır. Axı bu yazıçılar da gündə kitab çıxarmır. Bir yazıçı ədəbiyyata müəyyən sayda oxucu gətirirsə, ona sadəcə çox sağ ol demək lazımdır. Çünki, onun külliyatını 1 həftə ərzində bitirən oxucu yavaş-yavaş digər yazıçıları oxumağa başlayır. Uğur qazananı qamçılamaq düzgün yol deyil.

 

-         Kitablarınızı nə üçün Qanun Nəşriyyatında çap etdirmirsiniz? Axı bu nəşriyyat kitab bazarında ön sıralardadır və sizin piarınızı daha da yüksəldə bilər.

 

-         Bəli, bu çox gözəl sualdır. İlk öncə onu deyim ki, Qanun Nəşriyyatı günümüz ədəbiyyatının təbliğində " Əli və Nino " kitab mağazaları kimi böyük rol oynayır. Qanun Nəşriyyatı gənc yazarlar üçün çox böyük jest edir. Qanun Nəşriyyatı bu gün dünya nəşriyyatlarındakı sistemi Azərbaycanda tətbiq edir. Qanun Nəşriyyatı " yazıçı-nəşriyyat-mətbəə-satış " şəbəkəsini Azərbaycanda ilk dəfə formalaşdıran bir nəşriyyatdır və hər kəs bu fəaliyyətlərinə görə onlara minnətdar olmalıdır. Ancaq iş elə gətirib ki, mən kitablarımın nəşr hüququnu bir şirkətə vermişəm. Mən əsəri disk şəklində onlara verirəm. Həmin şirkət kitabın tirajını müəyyənləşdirir, çap edir, satışı ilə məşğul olur. Artıq mən qonorarımı alıram. Sonrakı prosedur mənim üçün maraqlı deyil. Amma mən özüm Qanun Nəşriyyatını çox dəstəkləyirəm, bəyənirəm. Və hətta deyim ki, bizim artıq iş birliyimiz var. İngilis dilli nəşrlərimin dünyada yayılması üçün mənim Şahbaz bəylə anlaşmam var. Bu yaxınlarda onlarla bu sahədə işləyəcəm.

 

-         Sizi ədəbi polemikalarda demək olar ki, heç görmürük. Bu proseslər sizi maraqlandırmır ya özünüz baş qoşmaq istəmirsiniz?

-         Doğrusu Nigar xanımın məlum sözlərindən sonra üç aydır davam edən polemikalara mən demək olar ki, heç qarışmadım. Hətta özəl telekanalların birində o mövzusunu çox bəsit bir şəkildə müzakirə obyektinə çevirdilər. Mənə dəvətlər gəlsə də, mən qəbul etmirəm. Sadəcə olaraq 1 həftə öncə Kulis.Az-da öz münasibətimi bildirmişəm. Yazar kimi mən, həmin verilişdə məni tənqid edən Şərif Ağayarı da, Aqşin Yeniseyi də bəyənirəm. Biri çox gözəl yazıçı, digəri isə çox gözəl şairdir. Ümumiyyətlə, mənə elə gəlir ki, o verilişin özü, saytların və mətbuatın bu məsələni gündəmdə saxlamağı  ədəbiyyatı şou-biznesə çevirmək yönümlü bir şeydir.  Mən qəti olaraq bildirmək istəyirəm ki, ədəbiyyat şou-biznes deyil. Ən böyük barometr oxucudur , kitablardır. Mənə belə gəlir ki, söz davasına çıxmaq acizlikdir. İnanıram ki, bu söz-söhbətlər səngiyəcək. Hər kəs özlüyündə ədəbiyyata xidmətin nə olduğunu çox yaxşı bilir. Kimsə çıxıb orda deyir ki, Varis cümlə yaza bilmir. Bu çox gülünc bir şeydir. Necə yəni cümlə yaza bilmir? Əvvəla, Varis 20 il qəzet redaktoru olub. Tələbəlik vaxtlarımdan mən " 168 saat " adlı qəzetin redaktoru olmuşam. Sonra mən Azərbaycanın ən böyük dövlət nəşriyyatının baş redaktoru vəzifəsində çalışmışam. İndi isə ölkənin ən böyük Kütləvi İnformasiya Vasitələrinin ( red : KİV )  birində baş redaktoram.  Mən yüksək ranqlı dövlət məmurlarının kitablarını redaktə etmişəm. Ona görə də mən bu əsassız tənqidlərə cavab vermək fikrində deyiləm. Ən böyük arbitur oxucudur.

 

-         Müasir yazıçılarımızdan kimləri oxuyursunuz?

 

-         Hal-hazırda mən əcnəbi nəsri oxuyuram. Bayaq qeyd etdiyim kimi, Selimoviç və Saramoqanı mütaliə edirəm. " 525-ci qəzet ”də dərc olunan Elçin Əfəndiyevin hekayələrini böyük maraqla oxuyuram. Mən bir yazıçı kimi Qaraqanı da, Elxan Elatlını da, Çingiz Abdullayevi də, Şərif Ağayarı da, İlqar Fəhmini də oxumuşam. Seymur Baycanı da oxumaq fikrindəyəm. Nərmin Kamalı və Pərvin xanımı da oxuyuram və çox bəyənirəm.

 

-         Sizin hər nə qədər də oxucu probleminiz olmasa belə, müasir yazıçılarımız bu problemdən əziyyət çəkirlər. Bu problemin həllinə necə nail olmaq olar?

 

-         Mən həmişə xarici ölkələrdə olanda metrolara girirdim və əllərində kitab olan insanları görüb həsəd aparırdım. İndi çox şükür, bizdə də nəqliyyatda, metrolarda əlində kitab olan insanlar görmək olur. Kitab ticarəti də tədricən yaxşıya doğru gedir. Statistik Azərbaycanda 90.000 tiraj olmalıdır. Bizdə neçədir? 500 tiraj. Ən yaxşı halda 1000 tiraj. Bizdə çox yüksək zövqlü tələbələr var. Onlar zövq duyacaqları əsərləri, yazarları yaxşı bilirlər. Kitablarının oxunmasını istəyirsənsə dövrün tələbini tutmalısan. İnsan oxucusunu tanımasa, onun kitabları oxunmur. Mənim oxucularımın böyük əksəriyyəti gənc xanımlardır. Ona görədə əsərimdə hisslərə, sentimental notlara daha çox üstünlük verirəm. Əsərdə hiss, sevgi, duyğu, qəlbin pıçıltısı varsa onu oxucular böyük həvəslə oxuyacaqlar. Mən bilirəm ki, Azərbaycanda ədəbiyyat gələcəyi olan bir sahədir. Niyə? Çünki onun keçmişi olub. Keçmişi olan bir sahənin gələcəyi mütləq olacaqdır. Biz dünya ədəbiyyatına Nizami kimi bir dahini gətirəndə digər xalqların öyünəsi br yazıçısı yox idi. Mən inanıram ki, bizim gənc yazarlar zaman keçdikcə püxtələşəcəklər və Nigar xanım Azərbaycan ən çox oxunan 4 yazıçı yox, 20 yazıçı sadalayacaq.

 

-         Son dövrlərdə istər AYB-yə, istərsə də bu qurumun sədri Anara qarşı narazılıqlar artıb. Bu qurumun fəaliyyətini necə dəyərlərdirirsiniz?

 

 

-         Dünyada bu tip yaradıcı qurumlar məsələsi arxaikləşir. Bu sovetdən gələn bir şey idi, sosializmin bir qolu idi. Dünyada belə bir praktika yoxdur. Sadəcə həmfikirlərin toplanması üçün dərnəklər, qurumlar var. AYB-ni də Azərbaycandakı yazıçıların dərnəyi hesab etmək olar. Mənə elə gəlir ki, AYB-ni pisləyənlər orada hansısa bir təmənnası olanlardır. Daha çox təqaüd almayanlar AYB-ni söyür. Anar böyük əsərlər, şedevrlər yazmaq əvəzinə AYB-nin sədri oldu. Anar o istedadını, o gözəlliyini gənc yazarların problemlərinə sərf edərək bizi gözəl əsərlərindən məhrum etdi. Anar, Elçin Azərbaycan Sovet ədəbiyyatının son dönəmlərində parlayan nasirlərimizdir. Nizamini , Füzulini bəyənməyənlər təbii ki, Anarı, Elçini tapdalayacaqlar. Keçmişə həqarətlə yanaşmaq, yaşlı kişini təhqir etmək həm mental cəhətdən bizə yaraşmır, həm də ki əxlaq kodeksimizə ziddir.

 

-         Nigar Köçərlinin təsis etdiyi " Milli Kitab Mükafatı " ( MKM) müsabiqəsinə əsər göndərməyi düşünmüsünüzmü?

-         Mənim yardımçılarım " Sonuncu ölən ümidlərdir " adlı ilk romanımı ora göndərmişdilər. Elə bu yaxınlarda da romanlarımdan birini göndərmək istəyirdilər. Ədəbiyyatın təbliği üçün görülən hər iş təqdirə layiqdir. Hər dəfə orda bir qalmaqal çıxardırlar. Biri deyir jürilər pisdir, biri deyir müxalifətçi qalib oldu, biri deyir iqtidar birinci yeri tutdu. Bunlar hamısı fonda qalan söhbətlərdir. Ən əsası odur ki, bu proses var, Nigar xanım sponsorları bu layihəyə cəlb edir və bütün bunlar ədəbiyyatın təbliğində böyük rol oynayır. Ədəbiyyatı təbliğ edirsə bu çox gözəl haldır. Onu yamanlamaq düzgün deyil.

 

-         Bu yaxınlarda " Sənə inanıram " və " Yetmiş yeddinci gün " adlı iki romanınız Türkiyədə tərcümə edildi və çap olundu. Bu barədə nə demək istərdiniz?

 

-         Mənim ən böyük uğurlarımdan birinə toxunaq. O kitabların hər ikisinin şəklini görəndə çox duyğulanmışdım. Sonra hər iki kitabdan mənə yolladılar. Mən yazıçı kimi çox qürur duyuram ki, nəşriyyat hüquqları və kontrakt çərçivəsində mənim 2 romanım Türkiyədə çap olundu. Hətta bu kitablara görə mənə 6 nəşriyyat müraciət etmişdi və mənim geniş seçim imkanım yaranmışdı. Onu da qeyd edim ki, hər 2 romanımı çox istedadlı Türkiyə yazıçısı İmdat Avşar tərcümə edib. Tərcümə edib deyəndə ki, Azəri türkçəsindən Türkiyə türkçəsinə çevirib. " Sənə inanıram " adlı romanımı nəşriyyatlar tərcümə və çap etməyə çəkinirdilər ki birdən satılmaz. Ona görə mənə dedilər ki, qonorar tələb etməyim. " Yetmiş yeddinci gün " romanımı isə naşirlərdən biri gecə oxuyub, bitirib və dərhal gecənin bir aləmi tərcüməçiyə zəng edib soruşub ki, bu gözəlliyi kim yaradıb? " Yetmiş yeddinci gün " romanı ən yaralı yerimdir. Təsəvvür edin, Azərbaycanda ən az satılan, ən az tirajla çap olunan və ən az reaksiya görən əsərimdir. Ancaq buna baxmayaraq, mənim ən güclü əsərimdir. Gələcək yazıçı Varisin konturlarının 40-50%-i bu əsərdə özünü göstərir.

 

-         Son olaraq saytımız AzeriTimes.Az-ın timsalında Azərbaycan mediasına arzularınızı öyrənmək istərdik...

 

-         Hal-hazırda mənim peşəkar fəaliyyətim Jurnalistikadır. Son dövrlərdə Azərbaycanda İnternet Jurnalistikası çox gözəl inkişaf edir.Bu gün medianın ən böyük işi Azərbaycan dövlətçiliyinə xidmət etmək olmalıdır. Media işçilərinə arzum budur ki, həmişə olanları tərəfsiz şəkildə cəmiyyətə çatdırsınlar. Mən sizin sayta uğurlar arzulayıram!

Orxan Cuvarlı

Fotolar : Nərgiz Qasımzadə

Xəbər lenti