Yaşlı qadının gözlərində tapdım…

Yaşlı qadının gözlərində tapdım…

İlıq payız fəsli idi. Günəş gah gizlənir, gah da buludların arasından boylanırdı amma bu çox gec-gec olur. Həmin o qısa anları doya-doya yaşamaq içimdən gəlirdi. Günəş üzünü göstərəndə istiliyini içimə çəkib, batdığı an içimdəki istiliklə isinməyə çalışırdım. Elmlər Akademiyası metrosunun qarşısında dəqiqələri sayaraq evə gedəcəyim avtobusu gözləyirdim. Arxada konduktor kimi çalışan təxminən 35-40 yaşlarında amma daha qoca görsənən, sifətindən axan yorğunluqdan, gözlərinin parıltısının yox olmasından, dişlərinin ağır vəziyyətindən necə çətin həyat yaşadığı açıq aşkar məlum olan bir kişi qadından soruşdu:

-         Ərini ziyarət edəcəksən?

Elə həmin an arxaya boylandım. Qadın yaşlı ağ saçlı biri idi. Əlində qərənfil, çox məzlum şəkildə təsdiq cavabı olaraq başını yellədi. Gözlərindən darıxdığı, keçmişi düşündüyü o qədər bəlli idi ki...

Qadın təsdiq cavabını sadəcə başını tərpədərək bildirdi. Qadının belə ürəyi titrədən cavabı qarşısında konduktor gülümsəyərək - Allah Rəhmət Eləsin – deyə bildi. Azca zaman keçmişdiki yenə konduktorun səsini duydum. Çoxdan rəhmətə gedib? – deyərək maraqlandığını açıq aşkar bəlli etdi. Qadın isə and içmiş kimi sadəcə yenə eyni reaksiyanı verdi. Susaraq sadəcə başı ilə təsdiqlədi. Avtobus gəldi və avtobusa minib öz yerimi tutdum. Avtobusa minəndə günəş parıldayırdı və avtobusda günəş tərəfdə oturduğum üçün kiçik xoşbəxtlik yaşadım. Amma ağlım o qadında idi. Özümü onun yerinə qoydum. İllərlə sevdiyini, həyat yoldaşını itirmək, sadəcə şəkillərdə görmək necə hissdi anlamağa calışdım. Düşündüm ki, artıq parklarda, restoranlarda, öz evinizdə yox qəbirstanlıqda gorüşürük. Qəbirstanlığa çatanda dayanacaqda həmin qadının avtobusda olduğunu və avtobusdan düşdüyünü gördüm. Düşəndən sonra külək onun ağ, qısa saçlarını havaya qaldırıb ahənglə, üsyan edirmişcəsinə dalğalandırdı. Avtobus hərəkət etdiyi an, bir saniyə toxundu gözlərimiz bir-birinə. Yaşlı qadının gözlərində tapdım… Yaşlı, itirmiş, hüzünlü, acılı "məni"…

Aynur Novruzova

Xəbər lenti