Yeni dünyanın çağırışları islahatları zəruri edir – BƏHRUZ QULİYEV

Yeni dünyanın çağırışları islahatları zəruri edir – BƏHRUZ QULİYEV
"Azərbaycan dünyanın bir parçasıdır və dünyada baş verən islahat proseslərin hər birində ölkəmizin də öz payı var". Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin struktur dəyişiklikləri ilə bağlı verdiyi fərmanını şərh edərkən deyib.

Onun sözlərinə görə, əslində, yeni və müasir dünyanın çağırışları bu islahatları zəruri edir və söz yox ki, beynəlxalq aləmdə islahatçı ölkə olaraq qiymətləndirilən Azərbaycan bu kimi mühüm proseslərdən kənarda qala bilməz: "Artıq, dünyanın yeni idarəçilik institutları formalaşır və belə bir formalaşma çevik, dinamik, həmçinin, yeni modellər tələbatını da özü ilə bir yerdə cəmiyyətə təqdim edir. Məhz bu baxımdan, dünyanın ən islahatçı ölkəsi kimi dəyərləndirilən Azərbaycan bu islahat modellərini beynəlxalq aləmə təqdim edərkən, deyərdim ki, analoqu olmayan yenilikçilik təşəbbüsləri ilə xüsusi diqqət cəlb edir. Hazırda dünya dövlətləri Azərbaycanın islahatçılıq modelindən yararlanaraq, bunu sözügedən proseslərdə icra edirlər ki, bu faktor beynəlxalq ictimai-siyasi gündəmdə brend olaraq qəbul edilməkdədir".

Siyasi ekspert hesab edir ki, ölkəmizdə struktur dəyişiklikləri daha öncəki illərə də təsadüf edib, davamlı xarakter alıb və eyni zamanda, hüquqi bazalar üzərində formalaşdırılıb. "Təbii ki, bu dəyişikliklər iqtisadiyyat, biznes mühitinin daha sürətli və rəqabətli inkişafına impuls verir, lakin islahatların daha bir istiqaməti hüquqi bazalar üzərində reallaşdırılmaqdadır. Misal üçün, əgər biz nəzərə alarsaq ki, ölkəmizdə 1993-cü ildən hazırkı dövrümüzə qədər referendumlar keçirilib və onların aralıq müddəti təqribən 7 ildən birə təsadüf edir, bu zaman belə bir qənaətə gələ bilərik ki, hər bir inkişafın təməlində hüquqi təkmilləşdirmə dayanır. Daha dəqiq ifadə edərsək, hüquqi baza təkmilləşdirilirsə, bu insan amilinə də öz müsbət təsirini göstərir. Nəticədə siyasi, ictimai, iqtisadi, sosial və digər sahələr həmin islahatlardan bəhrələnirlər. Yəni, idarəetmə funksiyaları modernləşdirilir, zərurətdən doğan tələblərə, çağırışlara müaviq addımlar atılır. Artıq Azərbaycanda aparılan ardıcıl islahatlar və ondan doğan mühüm tandem institusional şəkildə və daim yeniləşmə istiqamətində optimal gerçəkliyini nümayiş etdirməkdədir. Bu baxımdan, hesab edirəm ki, Prezident İlham Əliyevin struktur dəyişiklikləri ilə bağlı verdiyi mühüm qərarı həm də dünyaya verilən bir mesajdır ki, Azərbaycan bundan sonra da islahatçılıq yolunu davam etdirərək, bu istiqamətdəki liderlik mövqeyini qoruyub-saxlayacaq. O da əbəs deyil ki, dövlət başçımız öz çıxışında köhnə idarəetmə sistemindən daha müasir və qlobal çağırışlara cavab verən çevik, yığcam, məqsədyönlü strukturlarla əvəzlənməsi barədə əhəmiyyətli fikirlərini bəyan etdi".

Ekspert həmçinin bildirib ki, Azərbaycanın dünya iqtisadiyyatında mövqelərini gücləndirmək və s. önəmli məqsədlər baxımından reallaşdırılan struktur islahatları ölkəmizin tarazlı inkişafının təminatında da yüksək keyfiyyətləri ilə müşahidə olunacaq, həmçinin, maliyyə yatırımlarının, sərmayələrinin qoyuluşuna geniş imkanlar yaradacaq. "Əlbəttə ki, reallaşdırılan proseslər çərçivəsində yeni iş yerləri də açılacaq ki, bu da insanlarımızın sosial rifah hallarının daha da yaxşılaşdırılmasına münbit şərait yaradır".olaylar

Xəbər lenti