ABŞ-ın terrorçulardan ibarət 30 minlik “qoşun”u - Türkiyə təhdid edilir - ŞƏRH

ABŞ-ın terrorçulardan ibarət 30 minlik “qoşun”u - Türkiyə təhdid edilir - ŞƏRH
Ərazi

Bakı. 15 yanvar. / Yaxın Şərqdə, eləcə də Suriya və İraqda baş verənlər, maraqların toqquşmasıdır və “Cidanı çuvalda gizlətmək olmaz” atalar sözü bu vəziyyəti daha aydın xarakterizə edir. Çünki terrorçu İŞİD qruplaşması, terrorçu PKK-nın YPG və PYD adlı dəstələrinin Suriyadakı əməlləri, hədəfləri, onların bu ölkədə yaradılmasının və mövcudluğunun hədəfləri yavaş-yavaş aşkarlanır. Hər halda İŞİD-in yaradılması ilə bağlı ehtimallar özünü doğruldur. Bu qruplaşmanın yaradılmasında məqsəd Suriya və İraqı parçalamaq, bölgədə xarici maraqları ifadə edəcək yeni “dövlətciklər” qurmaq və onları idarə etməklə bölgəyə bütövlükdə nəzarəti ələ keçirmək, Türkiyənin ərazi bütövlüyünü və sabitliyi pozmaq, İslam dinini İŞİD-in timsalında təqdim etmək və s.

Ötən gün ABŞ Suriyada “PYD” və ya “YPG” silahlılarından ibarət 30 minlik ordu yaratmaq niyyətində olduğunu açıqlayıb. Ağ ev iddia edir ki, bu “hərbi birləşmə” sərhəd təhlükəsizliyini təmin edəcək. Bunu ABŞ-ın rəhbərliyi altında Suriya və İraqda İŞİD terror təşkilatına qarşı mübarizə məqsədilə formalaşdırılan koalisiyanın mətbuat xidmətinin rəhbəri Tomas Vil bildirib. Açıqlamada qeyd olunub ki, koalisiyanın Suriya Demokratik Qüvvələri (əsasını “PYD” və ya “YPG” təşkil edir) ilə yaradacağı bu qüvvənin missiyası İraq, Türkiyə sərhədlərini və Fərat çayı boyu sərhədi qorumaqdır. Onun sözlərinə görə, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya “SDQ” adlanan silahlı qruplaşma ilə birgə çalışır: “Hazırda, ilkin mərhələdə, təlimlərə təxminən 230 nəfər cəlb edilib, yekun məqsəd 30 minlik qüvvə yaratmaqdır”. O, bu silahlıların SDQ-nin nəzarətində olan ərazinin qərbində, habelə İraq və Türkiyə sərhədləri boyu yerləşdiriləcəyini vurğulayıb. ABŞ-ın bu addımı Suriyanın şimalındakı terror təşkilatı ilə rəsmi şəkildə diplomatik əlaqə yaratmaq niyyəti kimi dəyərləndirilir. Başqa sözlə, Ağ ev Suriyada yeni bir muxtariyyətin, yaxud dövlət quruluşunun təməlini qoyur. Belə bir quruluşun perspektivdə İraqın şimalındakı kürd muxtariyyətinə oxşar bir idarəetmə sisteminə çevriləcəyi ehtimalı az deyil. Bu terrorçu qruplaşma Türkiyə ilə sərhəd bölgəsinə nəzarət etdiyindən bundan daha çox rəsmi Ankara narahatdır. Ona görə də məsələ ilə əlaqədar ABŞ-ın Ankaradakı müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılaraq məsələyə aydınlıq gətirilməsi istənilmişdi. Təbii ki, rəsmi Vaşinqtonun bu niyyəti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın günlərdə Türkiyə ordusunun Suriyada “PYD” və “YPG”nin nəzarətində olan Afrin bölgəsində hərbi əməliyyat aparacağını açıqlamasından sonraya təsadüf edib. 

Afrinin əhalisinin sayı 500 min nəfərdir. Onların 50 faizi ərəb, 42 faizi kürd, 8 faizi türkməndir. Bölgədəki terrorçular əllərindəki fürsətdən yararlanaraq, fərqli düşünən türkmən və ərəblərə işgəncə verir, onların Afrindən getməsini tələb edirlər.

Qeyd edək ki, rəsmi Ankara Suriya ilə 911 km-lik sərhədinin olduğunu və bu ərazidəki terrorçulardan təhlükəsizliyini təmin edəcəyini dəfələrlə bildirib.

Yeri gəlmişkən, 2017-ci ildə Qazaxıstanın paytaxtı Astana şəhərində üç təminatçı dövlət - Türkiyə, İran və Rusiya arasında əldə edilən razılaşmaya uyğun olaraq, Türkiyə Silahlı Qüvvələrinin canlı qüvvəsi və texnikası Suriyanın İdlib əyalətinə yerləşdirilib. Astanada keçirilən altıncı görüşdə “münaqişəsiz” bölgə elan edilib. Üç təminatçı dövlətin səlahiyyət verdiyi müşahidəçilər münaqişəsiz bölgələrə nəzarət edəcək. Onların əsas vəzifələri Bəşşar Əsəd rejimi ilə müxalif qüvvələr arasında atışmanın qarşısını almaqdır. Türkiyə, İran və Rusiyanın hər biri bölgəyə 500 müşahidəçi göndərəcək. Türkiyə hərbçiləri İdlibin daxilinin, Rusiya isə ətrafının təhlükəsizliyini təmin edəcək. Xatırladaq ki, İdlib Türkiyənin Hatay əyaləti ilə həmsərhəddir. Ötən həftə isə Bəşşar Əsədə bağlı silahlılar Türkiyə hərbçilərinin İdlibdə yerləşdiyi əraziləri raket atəşinə tutmuşdu. Türkiyə də təminatçı dövlətlərdən - İran və Rusiyadan məsələ ilə bağlı öhdəliklərini yerinə yetirməsini istəmişdi. Rəsmi Tehran və Moskva İdlibdəki hadisə ilə bağlı Bəşşar Əsədi qınamayıblar. Sadəcə, Türkiyə hərbçilərinin yerləşdiyi ərazidə əməliyyat keçirilmədiyini bəyan etməklə vəziyyətdən çıxmağa çalışıblar. Türkiyə ilə sərhəddə yerləşən Afrin “PYD” və ya “YPG”nin nəzarəti altındadır. Bu əyalət də Türkiyənin Hatay bölgəsi ilə sərhəddə yerləşir. Bu əyalətdə ABŞ-ın dəstəyi ilə terrorçu PKK-ya aid qruplaşmaların möhkəmlənməsi perspektivdə Türkiyə üçün ciddi narahatlıq yarada bilər. Ehtimal etmək olar ki, terrorçular Rusiya və İranın razılığı ilə hazırda Türkiyənin nəzarəti altındakı İdlibə və Əl-Baba hücum edə bilər. Bundan Türkiyə üçün daha qorxulu ssenari isə ölkənin Aralıq dənizi sahilindəki Hatay bölgəsinin itirilməsidir. Başqa sözlə, ABŞ-ın dəstəklədiyi bu terrorçu qruplaşma Türkiyənin Hatay bölgəsinə hücum etməklə oradan Aralıq dənizinə çıxış əldə edir. Ehtimal etmək olar ki, bu silahlı terror birləşməsi Rusiya və İranın nəzarəti altında olan Hələb və Latakiya əyalətlərinə girişə bilmədiklərindən Afrindən Türkiyəyə perspektivdə hücum hazırlayırlar. Bu isə perspektivdə İraqın şimalında gerçəkləşməyən iddianın yenidən gündəliyə gətirilməsi deməkdir. Başqa sözlə, ABŞ-ın yaradacağı 30 minlik silahlı “qoşun”un bu məqsədə qulluq edəcəyi istisna edilmir. Vaşinqton, Moskva və Tehran etiraf edib ki, Suriya və İraq əraziləri İŞİD-dən təmizlənib. O zaman 30 minlik “qoşun” hansı sərhədi və kimdən qoruyur? Yoxsa ABŞ və onun müttəfiqləri “SDQ”ni “dövlət” sayır.

Hətta bu məsələ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iki gün əvvəlki çıxışında da vurğulanıb: “Fərat qalxanı” (“Fırat kalkanı”) əməliyyatları ilə terrorçuların Suriyada istifadə etdikləri dəhlizi tən ortadan ikiyə böldük və onları çökdürdük. Suriyanın İdlib bölgəsində apardığımız əməliyyatlarla da bu dəhlizin qərb qanadını çökdürürük. Afrindəki terrorçular təslim olmasalar, oranı da başlarına uçuracağıq. Münbiçdə bizə verilən sözlər yerinə yetirilməsə, problemimizi özümüz həll edəcəyik. Bir terrorçu qalmayanadək mübarizəmizi davam etdirəcəyik. Hamı bir həftədən sonra nə etmək istədiyimizi görəcək". Ərdoğan bildirib ki, Türkiyə ordusu Suriyanın Cerablus bölgəsindən Əl-Baba qədər olan hissədə 3 min İŞİD terrorçusunu məhv edib: “Sabah lazım olarsa, 3 min terrorçunu da məhv edəcəyik. Bu mübarizədə bizə qarşı çıxanlar dönüb özlərinə bir nəzər yetirsinlər. Bu dövlətin kiçik bir daş parçasını, millətin bir övladını belə kimsəyə qurban verəsi deyilik”. Türkiyə prezidenti ölkəsinin müttəfiqlərinə də müraciət edib: "Suriyadakı terror təşkilatlarını dəstəkləyən müttəfiqlərimizi sınamağa davam edirəm. ABŞ Suriyada terror təşkilatlarına 4 900 TIR silah-sursat göndərib. Biz bunları bilirik, belə müttəfiqlik olmaz. Eyni zamanda təyyarə dolusu 2 min silahın qaçaq formada istifadə olunan müxtəlif hava limanlarına enərək terror təşkilatlarına verdiklərini bilirik. Onların verdikləri silahların bir hissəsi qara bazarda satılmağa başlanılıb. Bir qismi də bizə qarşı istifadə olunur. Bölgədəki siyasətimizi ABŞ-la birlikdə həyata keçirmək istəyirik. Bu, birtərəfli qaydada olmaz. İlanla bir yerdə olan bunun ağır nəticələrini qəbul etməlidir. ABŞ ilan yuvasına girməkdə bu qədər israr edirsə, bunu özü bilər”. Türkiyə prezidenti vurğulayıb ki, bu günədək rəsmi Ankaraya verdikləri sözlər yalan çıxan və öhdəliklərini yerinə yetirməyən ölkələrlə Suriya məsələsində əməkdaşlıq etməyəcəklər: “Suriyada onlarla birlikdə görə biləcəyimiz iş qalmayıb”.

Təbii ki, Türkiyə ilə sərhəddə baş verənlər Rusiya və İran üçün az maraq kəsb edir. Rusiya Suriyanın qərbində bir bölgəni öz nüfuz dairəsinə alıb. İran isə Bəşşar Əsədlə birlikdə Suriyanın şərqində, İraqla sərhədə qədər olan əraziləri qorumağa çalışır. Bununla da İran Tehran-Bağdad-Dəməşq-Beyrut avtomobil yolunu nəzarət altında saxlamağa cəhd göstərir. Bu isə İsrailin baş naziri Benyamin Netanyahunun İranın Suriyaya 100 min nəfər döyüşçü göndərməsi haqqında dediklərinin təsdiqlənməsi ehtimalını artırır. TürkiyəAfrinlə bağlı son hadisələrdən sonra fəaliyyət planına əməl etməyə başlayıb. Bu isə Ərdoğanın “Afrinə bir gecə qəflətən gələ bilərik” deyiminin həyata keçməsinə hazırlıq olaraq dəyərləndirilir. Hər halda Türkiyənin Suriya ilə sərhədi boyu terrorçu PKK və başqa terrorçu ünsürlərdən təmizlənməsi ilə bağlı sanitar dəhlizi yaratması təbiidir. Çünki Suriyadakı maraqlar artıq aydındır. Ölkə nüfuz dairəsinə bölünmüş kimi görünür. Belə bir şəraitdə Türkiyənin öz ərazi bütövlüyünü qoruması, müstəqilliyini saxlaması təbiidir. Çünki heç bir dövlət öz ərazisini terrorçulara təslim etməz. İdlibdə də Türkiyə hərbçilərinin bombalanması göstərdi ki, Rusiya və İran Suriya məsələsində Türkiyə üçün etibarlı tərəfkeş sayıla bilməz. Çünki Suriya ilə ortaq sərhədləri olmadığından həm Tehran, həm də Moskva bu ölkə ilə bağlı yaranmış vəziyyətdən ABŞ-a qarşı istifadə etməyə çalışır. Yaxud perspektivdə bundan siyasi alver məqsədilə yararlanacaqları ehtimal olunur. Yeri gəlmişkən qeyd edək ki, ABŞ Rusiya, İran və Türkiyənin Suriya böhranı ilə bağlı keçirdiyi Soçi görüşlərini legitim olaraq qəbul etmir. Rəsmi Vaşinqton bildirir ki, bu görüş BMT-nin mandatı olmadan keçirildiyindən hüquqi statusu yoxdur. Beləliklə, Türkiyənin Suriya ilə sərhədində ABŞ-ın müdafiə etdiyi və təlimatlandırdığı terrorçular “at oynadır”. Baş verənlərdən isə belə çıxır ki, bu məsələdə onu yaxın və uzaq müttəfiqləri - ABŞ, Rusiya və İran dəstəkləmir. Odur ki, ərazi bütövlüyünün qorunması məsələsində Türkiyənin 100 il əvvəlki kimi təkbaşına qalacağı gözlənilir.

float: left; width: 100%;">

Xəbər lenti